Ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə yüksəliş dövrünü yaşayır

Azərbaycan xalqı öz tarixinin ən şanlı dönəmlərindən birini yaşayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə keçən il ölkəmiz üçün mühüm uğurlarla və bir sıra əlamətdar hadisələrlə  yadda qaldı.  Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda bərpa işlərinə başlanıldı. ”Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq”, - deyən Prezidentimizin tapşırıqları bugün uğurla icra olunur.  Artıq Azərbaycanın regionda yaratdığı yeni reallıqlar aparıcı təşkilatlar tərəfindən beynəlxalq müstəvidə qəbul olunur və dəstəklənir.

Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş tədbirin keçirilməsi və bu tədbirdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak etməsi  çox əlamətdar hadisə idi. Bu tədbirin BMT xətti ilə keçirilməsi bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağıran BMT-nin qətnamələrinin  heç biri münaqişənin həlli üçün əsas təşkil edən beynəlxalq hüququn fundamental prinsiplərini heç zaman tanımayan və onlara hörmət etməyən Ermənistan tərəfindən yerinə yetirilməmişdir. 30 ilə yaxın bir müddətdə beynəlxalq təşkilatların həll edə bilmədiyi  Qarabağ münaqişəsini qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Azərbaycan Ordusunun qələbəsi nəticəsində həll olunan Qarabağ münaqişəsi eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.

BMT-dən sonra üzvlərinin sayına görə dünyada ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Hərəkat son on illərdə ən qüdrətli çağını cənab Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirir. Qoşulmama Hərəkatının  üzv olan bütün dövlətlərin razılığı ilə Azərbaycanın sədrliyi  bir il daha da uzadıldı. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olub, Azərbaycanın haqq səsini  müdafiə edib.

ATƏT də artıq Azərbaycanın regionda yaratdığı  yeni reallıqları tam qəbul edib. Minsk qrupu 28 il fəaliyyətdə olduğu müddət ərzində, İkinci Qarabağ müharibəsinə qədər, həmsədr ölkələr Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişdilər. Ancaq heç bir nəticə əldə edə bilməmişdilər.

Cənab Prezident İlham Əliyevin Brüsselə səfəri və bu səfər çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri zamanı  əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır.Bütün əldə edilmiş naliyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub. Bundan sonrakı mərhələlərdə Azərbaycan daha da qüdrətlənəcək, dünyada nüfuzunu daha da artıracaq. Heç bir qüvvə Azərbaycanı tutduğu uğurlu yoldan bundan sonra da döndərə bilməyəcək.

Rövlan Heydərov,

Yeni Azərbaycan Partiyası  Naftalan şəhər təşkilatının sədri