Prezident İlham Əliyevin Münxendəki görüşləri Azərbaycana siyasi dividentlər qazandırdı

Ötən gün Almaniyanın Münxen şəhərində keçirilən beynəlxalq təhlükəsizlik konfransı dünya mediasının əsas müzakirə mövzusuna çevrilib. Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın nüfuzlu ölkələrinin siyasi, hərbi və iqtisadi sahələrinin liderləri ilə bir çox önəmli görüşləri olub. Münxendə Azərbaycanın Avropa İttifaqı üçün etibarlı və təhlükəsiz enerji tərəfdaşı olduğu xüsusi vurğulanıb. Keçirilən görüşlərdə iqtisadi-ticari, hərbi-siyasi və enerji sahələri üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı anlaşmalar əldə olunub.

Bunu Milli Məclisin deputatı İltizam Yusifov AZƏRTAC-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ən maraqlı görüşlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevlə Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzani arasında oldu. Görüş rəsmi Bakının Yaxın Şərqdə siyasi sabitlikdə və iqtisadi əlaqələrin qurulmasında maraqlı olduğunu göstərdi. Bu mənada yeni geopolitik istiqamətin yaxın gələcəkdə Azərbaycanın siyasi-diplomatik, eləcə də, iqtisadi-ticari maraqlarına hesablandığını qətiyyətlə söyləməyə imkan verir.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin Kürdüstan muxtariyyətinin rəhbəri ilə görüşünün Türkiyənin maraqlarına zidd olduğunu söyləmək siyasi naşılıq olardı. Çünki Kürdüstan muxtariyyəti ilə Türkiyə arasında siyasi dialoq mühiti mövcuddur, qarşılıqlı əməkdaşlıq münasibətləri inkişaf edir. Kürdüstan muxtariyyəti Türkiyənin əsas xarici iqtisadi tərəfdaşlarından biridir. Türk iş adamlarının milyardlarla dollar yatırdığı Kürdüstan muxtariyyətinin mövcudluğu bu gün daha çox İranı narahat edir, Türkiyəni deyil. Azərbaycan Prezidenti İlham Əliyev isə bu muxtariyyət ilə normal münasibətlərin, iqtisadi-ticari əlaqələrin qurulmasına yönəlik fəaliyyətə üstünlük verir. Prezident İlham Əliyev hətta bəyan edib ki, Azərbaycan, Türkiyə və İraqın Kürdüstan Regionu üçtərəfli əməkdaşlıq mexanizmləri yarada bilər. Rəsmi Bakı Yaxın Şərq regionunda sülhün və sabitliyin bərqərar olmasına töhfə vermək niyyətindədir.

“Azərbaycan liderinin siyasi-diplomatik görüşlər keçirdiyi bir vaxtda Ermənistan baş naziri Nikol Paşinyan erməni xarakterinə uyğun olaraq "şikayət diplomatiyası"nı işə saldı. Onun Fransanın Prezidenti Emmanuel Makron ilə ayaqüstü söhbəti bunun bariz nümunəsidir.

Halbuki, Fransa Prezidenti Emmanuel Makron ölkəsinin maraqları naminə Ermənistanı geopolitik alətə çevirməyə hazır olduğunu da qətiyyən gizlətmir. Fransa Prezidenti isə bir qədər də irəli gedərək Rusiyanın Cənubi Qafqazda və bütün dünyada gərginlik, qarşıdurma yaradan əsas pozucu mərkəz olduğunu bəyan edib. Bildirib ki, Rusiyadan müdafiə olunması üçün Ermənistana müxtəlif dəstək variantları müzakirə olunur və Ermənistana bu dəstəyin verilməsi davamlı olacaq. Göründüyü kimi, bu cür yanaşmalar Cənubi Qafqaza sülh deyil, əlavə, lazımsız gərginliklər gətirir. Bu gün Ermənistan həm Rusiyanın, həm də bəzi Qərb dövlətlərinin əlində siyasi alətə çevrilib.

Digər bir məqam Nikol Paşinyanın ABŞ-ın vasitəçiliyi ilə danışıqlar masasına qayıtmağa məcbur olmasıdır. Rəsmi İrəvan Münxen Konfransı ərəfəsində Azərbaycan və Ermənistan liderləri arasında görüşün olmayacağını bildirsə də, ABŞ-ın Dövlət katibi Antoni Blinkenin vasitəçilik təklifindən imtina etmədi”, - deyə İltizam Yusifov diqqətə çatdırıb.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti isə müstəqil xarici siyasətə malik olan bir ölkənin lideri olaraq Münxendə təcrübəyə əsaslanan peşəkar və qətiyyətli siyasi məharətini bir daha sərgilədi. Dövlətimizin başçısı Cənubi Qafqaz ölkələrinin liderlərinin görüşündə bir sıra suallara tam aydınlıq gətirdi. O, 44 günlük Vətən müharibəsini zəruri edən səbəblər barədə ətraflı danışdı. Prezident İlham Əliyev, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı və gələcək vəziyyətinə də aydınlıq gətirdi. Bildirdi ki, Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Azərbaycan Prezidentinin sözlərinə görə, əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə İrəvana göndərilib. Bu isə o deməkdir ki, Azərbaycan Laçın yolunun qurtacağında sərhəd və gömrük xidməti yaradacaq. Laçın yolunun hərbçilərimiz tərəfindən nəzarətə götürülməsi zərurətə çevrilib. Əgər Paşinyan Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən istifadə edərkən sənədlərinin yoxlanacağını bildirirsə, biz də eyni sistemi Laçın yolu üzərində qurmalıyıq. Azərbaycan ərazisinə daxil olan və buradan Ermənistana keçmək istəyənlərin sənədlərini yoxlamalıyıq.

“Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanın iştirakı və razılığı olmadan bölgədə heç bir ciddi layihələr həyata keçirilmir. Artıq rəsmi Bakı hətta bəzi dairələrin Cənubi Qafqaza yönəlmiş məkrli siyasətlərinin qarşısını kəsmək gücündədir. Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin Münxendə keçirdiyi sanballı görüşlər Azərbaycanın milli maraqlarının təmin olunmasına hesablanmışdı və siyasi dividentlər baxımdan zəngin oldu”, - deyən deputat Münxen görüşlərini Azərbaycanın diplomatik meydanda siyasi qələbəsi kimi qiymətləndirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır