Prezident İlham Əliyevin müsahibəsi bir çox mühüm mesajlarla yadda qaldı – Deputat

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məqamlara toxundu. Dövlətimizin başçısı ölkə ictimaiyyətini Azərbaycanın siyasi xəttinin konturları barədə məlumatlandırdı, proqram xarakterli fikirləri ilə ötən ilin uğurlarını dəyərləndirərək qarşıdakı prioritetləri göstərdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev müsahibəsində hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi tərəqqiyə diqqət çəkdi. Ölkəmizin iqtisadi və sosial siyasətinin biri-birini tamamladığını qeyd edən dövlətimizin başçısı islahatların davamlılığının ölkənin dayanıqlı inkişafının əsası olduğunu bildirdi.

“Dövlətin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır. Prezident İlham Əliyev daim bu fikri vurğulayır ki, sosial-iqtisadi inkişaf yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Bunun üçün, ilk növbədə, ölkənin güclü dayanıqlı iqtisadi potensialı olmalıdır. Azərbaycan sosial dövlətdir və əminliklə demək olar ki, iqtisadi müstəqilliyini təmin edən ölkəmizdə indiyədək heç bir sosial layihə təxirə salınmayıb. Minimum pensiya və minimum əməkhaqqının artırılması prosesi bu il də davam etdiriləcək. Yəni, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq görülən işlərdir. İqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq. Prezident çıxışında bu il Azərbaycanda orta aylıq əməkhaqqının 900 manatdan çox olacağının gözlənildiyini də bildirdi. Bütün bunlar dövlətimizin yürütdüyü siyasətin mərkəzində insan amilinin dayandığını bir daha isbat edir. Prezident bir daha vurğuladı ki, 2023-cü il Azərbaycan üçün düşərli olacaq. Dövlətimizin başçısı 2022-ci il İkinci Qarabağ müharibəsinin real sonu olacağına inamını ifadə etdi.

“Prezident İlham Əliyev bu il də dövlətin əsas diqqət mərkəzinin, yəni əsas xərclər istiqamətinin Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesi olacağını söylədi. Əsas məsələ yenə də işğaldan azad edilmiş yurd yerlərimizin bərpası və ordu potensialımızı gücləndirməkdir. Dövlətimizin başçısı bu il laçınlıların Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlarını da bildirdi. Müzəffər Ali Baş Komandanın əminliklə söylədiyi bu fikirlər hər bir laçınlının, o cümlədən bütün Azərbaycan xalqının Zəfər sevincini daha da artırdı. Soydaşlarımız yurd-yuvalarına qayıdacaq, bu torpaqlara yeni həyat verəcək, malik olduğu iqtisadi resurslardan istifadə etməklə ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr verəcəklər. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Hazırda Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Bir sözlə, Prezident İlham Əliyevin konseptual xarakterli növbəti müsahibəsi çox sayda əhəmiyyətli mesajlarla yadda qaldı”, - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb.