Prezident İlham Əliyevin müsahibəsi yerli və xarici mediada təhlillərə yol açıb

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi böyük maraq və müzakirələrə səbəb olub. Dövlət başçısının həm 2022-ci ilin yekunlarına dair xalq qarşısında hesabat xarakterli fikirləri, həm də 2023-cü ilə dair planlaşdırılan tədbirlər barədə açıqlamaları yerli və xarici mediada təhlillərə yol açıb.
Vurğulamaq lazımdır ki, dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti, həmçinin Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu.
Prezident ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi. Ölkəmizin bu mövqeyi dəyişməzdir. İlk növbədə, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməli, Ermənistan bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Həmçinin Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalı, vaxtında sülh müqaviləsinə hazırlıq işləri görməlidir.
Dövlətimizin başçısı həm də Ermənistanın Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində təbii sərvətlərimizi qanunsuz istismar etməsinin, ekoloji terror törətməsinin yolverilməz olduğunu diqqətə çatdırdı. Ermənistanın vaxtaşırı olaraq hərbi təxribatlar törətdiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, bütün təxribatların qarşısı qalib Azərbaycan Ordusu tərəfindən alınacaq və Ermənistanın bu siyasəti onun özü üçün çox ağır nəticələr verəcək.
Digər məqam Azərbaycanın regionda kommunikasiyaların bərpası ilə əlaqədar mühüm təşəbbüslər irəli sürməsi və prinsipial mövqe ortaya qoymasıdır. Bu mənada Zəngəzur dəhlizinin açılması regional iqtisadi əməkdaşlığın inkişafı baxımından strateji əhəmiyyət kəsb edir.
Prezident müsahibəsində vaxtilə Ermənistandan qovulmuş vətəndaşlarımızın tarixi torpaqlarına qayıtması məsələsinə də toxunub. “Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq”, deyə Prezident vurğulayıb.
Azərbaycanın sosial dövlət olduğunu və əhalinin sosial müdafiəsinin təminatının prioritet təşkil etdiyini bildirən Prezident bu il ərzində maaş və müavinətlərin artırılacağının anonsunu verdi.
Bu gün heç kəsdə şübhə doğurmur ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olacaqdır. Ölkə başçısının da qeyd etdiyi kimi, biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir.
Sosial və iqtisadi siyasətə dair suallara cavab olaraq Prezident əlavə edib ki, bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır: “Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk”.
Dövlətimizin başçısının televiziya kanallarına müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üçün ciddi əhəmiyyət kəsb edir və ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu, eyni zamanda, anti-Azərbaycan dairələrin əks-təbliğatının darmadağın edilməsi üçün də böyük əhəmiyyət daşıyır.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı