Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Prezident İlham Əliyevin siyasəti Azərbaycanı güclü dövlət kimi dünyada tanıtmaq, cəmiyyətin bütün təbəqələrinin mənafelərini qoruyan idarəetmə sistemi yaratmaq, milli həmrəyliyi və birliyi təmin etmək kimi vacib vəzifələrin yerinə yetirilməsinə hədəflənib. Məhz buna görə də Azərbaycanda güclü xalq-iqtidar birliyi formalaşıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O qeyd edib ki, 2018-ci ildə keçirilmiş seçkilərdə Azərbaycan Prezidentinin xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq 86 faizdən çox səs toplaması bu siyasətin düzgün olduğunu təsdiqləyir.

Vətən müharibəsində əldə olunmuş Zəfərin bütün Cənubi Qafqazın tarixini dəyişdiyini vurğulayan Soltan Məmmədov deyib: “Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, güclü iradəsi və uzaqgörənliyi, beynəlxalq münasibətlər sistemində baş verən tarixi dəyişiklikləri dəqiqliklə hesablamaq bacarığı bu Qələbənin qazanılmasında müstəsna rol oynayıb. Müharibədə qələbəni təmin edən əsas şərtlərdən biri güclü orduya sahib olmaqdır. Silahlı qüvvələrin peşəkarlıq səviyyəsi, hərbi-texniki imkanları ilə yanaşı, şəxsi heyətin döyüş ruhu, vətənpərvərliyi hərbi əməliyyatlarda ciddi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti qısa müddətdə peşəkar və güclü ordu yaratdı. Azərbaycanın güclü bir orduya sahib olduğunu bütün dünya gördü, əsgərlərimiz, hərbçilərimiz böyük qəhrəmanlıq göstərdilər. Dövlətimizin başçısı, eyni zamanda, ölkənin sürətli iqtisadi inkişafına nail oldu, milli birliyi təmin etdi. Bütün bu amillərlə yanaşı, beynəlxalq münasibətlərin sürətlə dəyişən xarakteri, geosiyasi reallıqlar istənilən müharibə və ya münaqişənin nəticəsinə həlledici təsir göstərir. Bu baxımdan, təsadüfi deyil ki, bir çox xarici ekspertlər də Ermənistanın növbəti hərbi təxribatına qəti cavab anının düzgün seçildiyini vurğulayırlar”.

Milli Məclisin deputatı hesab edir ki, müharibələr, müxtəlif yoluxucu xəstəliklərin sürətlə yayılması, iqtisadi böhranlar bütün dövlətlər üçün sınaq dövrü kimi nəzərdən keçirilir. Azərbaycan müharibədə qalib gəlməklə yanaşı COVID-19 pandemiyası ilə mübarizə müstəvisində də bir çox ölkələrə nümunə olacaq fəal siyasət həyata keçirdi. “Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanın pandemiya ilə qlobal mübarizəyə verdiyi töhfələr yüksək qiymətləndirildi. Azərbaycan ÜST-yə 10 milyon dollar həcmində maliyyə töhfəsi verdi, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı göstərdi. Ölkədə qısa müddətdə yeni laboratoriyalar, tibb müəssisələri açıldı. İqtisadiyyata dəyən zərərin azaldılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən önəmli qərarlar qəbul edildi. Bütün bunlar Azərbaycanda çevik, cəmiyyətin tələblərinə və zamanın çağırışlarına dəqiq reaksiya verməyə qadir idarəçilik sisteminin formalaşdığının göstəricisidir. Azərbaycan Prezidentinin tarix və xalq qarşısında ən böyük xidmətlərindən biri də bundan ibarətdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək güclü və müasir dövlət modeli qurmağa müvəffəq olub”, - deyə Soltan Məmmədov vurğulayıb.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycan xalqının və dövlətinin gücünü bütün dünyaya bir daha nümayiş etdirəcək. Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ötən dövrdə həyata keçirilən tədbirlərin, yürüdülən siyasətin xronikası bunu təsdiq edən çoxsaylı nümunələrlə zəngindir.