Prezidentin müsahibəsi ölkəmizin hərbi sahədə yeni uğurlara imza atacağından xəbər verir

Prezident İlham Əliyevin bir neçə gün öncə televiziyalara müsahibəsi Azərbaycan vətəndaşları qarşısında onun liderinin növbəti hesabatı olmaqla bərabər, həm tarixi, həm bugünkü, həm də gələcəyə dair kifayət qədər ciddi məlumatlarla zəngin idi. Azərbaycan xalqının etimadını qazanmış, dünya siyasətini dərindən bilən Azərbaycan Prezidenti, ilk növbədə, dünyaya ölkəmizlə bağlı həqiqətləri çatdıra bildi. Azərbaycan dünya səviyyəsində siyasi müstəvidə özünün milli maraqlarını təsdiq edə bilib. Bu gün qüdrətli, güclü Azərbaycan dövləti qurulmaqdadır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycana ola biləcək hər hansı bir təhdidin, - bizim ərazimizdə və kənarda olmasına baxmayaraq, - qarşısı qətiyyətlə alınacaq. Bu, Ermənistan və onu müdafiə edənlər üçün də çox ciddi bir mesajdır. Həmçinin ölkə Prezidenti faktlarla, xronoloji ardıcıllıqla göstərdi ki, məsələnin sona kimi həll edilməsi üçün Azərbaycan bütün müvafiq addımları atır. Ermənistan isə hər hansı bir möcüzə gözləyir. Bu ölkə hələ də özünün uydurduğu yalanlardan xilas ola bilmir. Atdığı addımlar onu gücləndirmək əvəzinə daha da zəiflədir. Ona görə də, Prezident İlham Əliyevin səmimi müsahibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı güclü dövlət yaratmağa, tarix səhnəsinə qüdrətli lider çıxarmağa və dünya birliyində layiqli yer tutmağa layiqdir. Bunu hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında görür.

Bunu Milli Məclisin deputatı İltizam Yusifov AZƏRTAC-a açıqlamasında söyləyib.

“İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib”, - deyən Azərbaycan Prezidenti Ermənistan və onun havadarlarına mesaj ötürdü. Bəyan etdi ki, əgər Ermənistan növbəti dəfə Azərbaycana qarşı cinayətə əl atarsa heç kəs onu xilas edə bilməyəcək”, - deyə deputat diqqətə çatdırıb.

Onun sözlərinə görə, doğrudan da, bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Gələcək planlar barədə danışan Prezident İlham Əliyev “bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”, - deyə qeyd edib.

Prezident müsahibəsində vaxtilə Ermənistandan qovulmuş vətəndaşlarımızın tarixi torpaqlarına qayıtması məsələsinə də toxunub. “Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb. Doğrudan da, bu gün Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlarına daha çox inanırlar.

Bu gün heç kəsdə şübhə doğurmur ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olacaqdır. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminik ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik.

“Sosial və iqtisadi siyasətə dair suallara cavab olaraq Azərbaycan Prezidenti əlavə edib ki, bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır: “Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk”.

Dövlətimizin başçısının bu fikirləri bir daha sübut edir ki, Azərbaycan sosial dövlətdir və insanların sosial rifahının yaxşılaşdırılması hər şeydən öncə gəlir”, - deyə İltizam Yusifov əlavə edib.

“Azərbaycanın təsdiq edilmiş ehtiyatları barədə danışan Prezident İlham Əliyev ehtiyatların 2,6 trilyon kubmetrdən qat-qat çox olacağını qeyd edib: “Bizim neft yataqlarında fəaliyyət təcrübəmiz göstərir ki, qazma işləri davam etdikcə, ilkin qiymətləndirmələrlə müqayisədə ehtiyatların həcmi çoxdur, Azərbaycanın qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcək, yəni, texnologiyalar inkişaf etdikcə, hasilat imkanları artacaq. Buna görə də 2,6 trilyon kubmetr bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir. Qaz kəmərlərinin hamısının inşa edilməsini nəzərə alsaq, təbii ki, Avropa İttifaqı ilə biz tədarükün artırılmasını hədəfləmişik. Lakin bundan ötrü, əlbəttə, hasilata investisiya qoyulması zəruridir və biz bunu edirik, bundan ötrü mövcud qaz kəmərlərinin genişləndirilməsi zəruridir. Ona görə ki, həm TANAP, həm də TAP kəmərləri bizim kontrakt bağladığımız həcmlər üçün nəzərdə tutulub”.

Bütün yuxarıda qeyd olunanlar göstərir ki, Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf davam edəcək. Bu isə ölkəmizin daha da güclənəcəyindən, diplomatik və lazım gələrsə hərbi sferada yeni uğurlara imza atacağından xəbər verir”, - deyən deputat fikirlərini yekunlaşdırıb.