“Prezidentin Şuşadakı bəyanatlarına dəfələrlə qulaq asıb nəticə çıxarsınlar”

“Ermənistan rəhbərliyinin qeyri-sabit davranışı, gah Pragada qarşılıqlı ərazi bütövlüyünün tanınmasına razılıq verməsi, gah da Soçidə sülhməramlıların xidmət missiyasının müddətinin qeyri-müəyyən dövrə uzadılması, statusun gələcəyə saxlanılması kimi sərsəm fikirlərlə çıxış etməsinin ermənilərə heç bir faydası olmayacaq. Problem barədə dünya ictimaiyyətində, beynəlxalq təşkilatlarda oturuşmuş yanaşma var. Bölgəyə buradan çox-çox uzaqlarda olan qüvvələri, dövlətləri cəlb etməyin xeyri yoxdur. Azərbaycan Prezidentinin Şuşadakı bəyanatlarına diqqətlə və dəfələrlə qulaq asıb nəticə çıxarsınlar”.

Sabahinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev Bakıvaxtı.az-a açıqlama verərkən söyləyib.

Millət vəkili hesab edir ki, Azərbaycan öz torpaqlarını azad etmədən öncə uzun illər boyu beynəlxalq aləmdə, BMT, Avropa İttifaqı, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi təşkilatda ciddi iş aparıb və faktiki olaraq, münaqişənin çözümünün beynəlxalq hüquqi zəmininin formalaşmasına nail olub: “Bu təşkilatların hər birində bizim haqqlı mövqeyimizi dəstəkləyən fundamental sənədlər qəbul olunub. Bundan əlavə, sözügedən qurumların ayrı-ayrı üzvləri ilə təsirli münasibətlərimiz qurulub. Biz bunun effektini Vətən müharibəsi günlərində gördük. Məsələn, Qoşulmama Hərəkatı üzvlərindən BMT-də gördüyümüz dəstəyi qeyd edə bilərik”.

E.Allahverdiyevin fikrincə, Ermənistanın hazırkı rəhbərliyi faktiki olaraq özündən əvvəlki hakimiyyətlərdən fərqli heç nə etmir: “Paşinyanın Koçaryan və Sarkisyandan köklü fərqi yoxdur. Onların hamısı bu və ya digər formada münaqişənin tam həllinin vaxtını uzatmağa çalışıblar və çalışırlar. Əvvəlkilər hesab edirdilər ki, mövcud status-kvo qalacaq və Azərbaycan heç vaxt hərbi üstünlük əldə edib problemi müharibə yolu ilə çözməyə cəhd etməyəcək. Paşinyanın metodları fərqlidir. Ölkədə guya demokratik imic formalaşdırmaqla, bölgəyə yad, Fransa kimi dövlətləri gətirməklə nəyəsə nail olacağına ümid edir. Əvvəlkilərin siyasəti nə ilə bitdi – bütün dünya gördü. Dünya gördü, erməni xalqı isə öz üzərində hiss edir. Paşinyanın da fiaskoya uğrayacağına şübhə yoxdur. Az öncə sabiq prezidentləri Levon Ter-Petrosyan bu gedişlə Ermənistanın tezliklə bir dövlət kimi yox olacağını demişdi. Görünür, Paşinyan da əvvəlkilər kimi Ter-Petrosyana qulaq asmaq istəmir”.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Şuşada Ermənistana və ona havadarlıq edənlərə göndərdiyi mesajları son xəbərdarlıq kimi qiymətləndirmək olar. Belə ki, ilin sonuna az qalıb, Yerevan yekun sülh sənədini imzalamaq öhdəliyini üzərinə götürüb. “Praqadakı görüşdən sonra qərara alınıb ki, ilin sonunadək yekun sülh müqaviləsinin imzalanması ilə bağlı ciddi irəliləyiş olsun. Bunu tək Azərbaycan deyil, Avropa da gözləyir. Çünki bu, AŞ prezidenti Şarl Mişelin uğurlu vasitəçilik missiyasının məntiqi nəticəsi olmalıdır. Bu yoldan sapmaların nə ilə nəticələnə biləcəyini Yerevandakılar sentyabrda şərti sərhəd bölgəsində gördülər. Azərbaycan səbrlə prosesləri izləyir. Paşinyanın geosiyasi şıltaqlığı ölkəsini daha faciəvi fəsadlarla üz-üzə qoya bilər. Prezident İlham Əliyev mövqelərimizin hansı qədim torpaqlarımızın, yaşayış məntəqələrinin yaxınlığında olduğunu bir-bir saydı. Məğlub özünü məğlub kimi aparmalıdır. Ağıllarını başlarına yığmalarının vaxtı çoxdan çatıb” – deyə E.Allahverdiyev bildirib.