“Qanunda uyğunsuzluqlar var”

“Yol hərəkəti haqqında” qanuna edilən dəyişiklik, doğrudan da günümüz üçün çox aktual, həm də hər birimizin gündəlik qarşılaşdığı bir məsələdir.

Bu gün artıq moped, skuter, velosiped və s. gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Yol hərəkəti haqqında qanuna görə moped, velosiped, hətta araba da nəqliyyat vasitəsi hesab olunur. Amma bu gün əsas məsələ isə, bu nəqliyyat vasitələrinin qanunvericilik çərçivəsində bizim mövcud yol hərəkəti infrastrukturuna, yol hərəkətinin təşkilinə inteqrasiyası və sözsüz ki, insanlarımızın təhlükəsizlik məsələsidir”.

Bunu deputat İltizam Yusifov  parlamentdə “Yol hərəkəti haqqında” qanun layihəsinə dəyişikliyin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, təqdim olunan qanun layihəsinə görə mühərrikinin iş həcmi 50 kub santimetrdən böyük və yeni dəyişikliyə görə və yaxud sürəti 50 km/saatdan artıq olan bütün tip və markalı mexaniki nəqliyyat vasitələri qeydiyyatdan keçməlidir. 

“Bu dəyişikliyi bəyənirəm, dəstəkləyirəm. Lakin mühərrikinin iş həcmi 50 kub santimetrdən çox və bugünkü dəyişikliyə görə və yaxud sürəti saatda 50 kilometrdən yüksək olan nəqliyyat vasitəsi artıq moped yox, motosikl adlanır. Mopeddən fərqli olaraq motosikl dövlət qeydiyyatına alınır, onu idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur və avtomobil yollarında hərəkətinə qanunla icazə verilir”- o qeyd edib.

O əlavə edib ki, bu problem cəmiyyəti maraqlandırdığı üçün istəyirəm bəzi məqamlara aydınlıq gətirəm və təkliflərimi də verəm:

“Nəzərə almaq lazımdır ki, bu gün bizi narahat edən problem həmin nəqliyyat vasitələrinin qeydiyyatından daha çox onların avtomobil yollarında, yəni moped və skuterlər üçün nəzərdə tutulmamış yollarda hərəkət edərək, digər iştirakçılara təhlükə yaratmasıdır.

Bu problem həm də ordan qaynaqlanır ki, bu gün bu sahədə qanunda bəzi uyğunsuzluqlar da mövcuddur.

Belə ki, “Yol hərəkəti haqqında” qanunun tələblərinə və qanunda avtomobil yolunun tərifinə görə avtomobil yolunda yalnız avtomobillər, avtobuslar və motosikletlər hərəkət edə bilər. Yəni belə çıxır ki, avtomobil yolunda moped idarə etmək olmaz. Digər tərəfdən elə həmin qanuna görə (maddə 46) velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər maddəsində velosiped və mopedlərin yalnız yolun sağ kənar zolağında, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etmələri nəzərdə tutulur. Yəni tərif, anlayış düzgün ifadə olunmalıdır ki, bu cür uyğunsuzluq olmasın.

Digər tərəfdən burada sağ kənar zolağ dedikdə, nəzərə alınmalıdır ki, normalara görə zolağın da eni hərəkət sürətinə uyğun hesablanır və şəhər daxilində bu zolağa yalnız bir nəqliyyat vasitəsi yerləşə bilir.  Nəzərə alsaq ki, yolun sağ kənarı avtobus zolaqlarıdır, onda sual olunur ki, velosiped, moped və s. yolun hansı hissəsi ilə hərəkət etməlidir?

Bundan əlavə, “Yol hərəkəti haqqında” qanunun nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması maddəsini də (maddə 14) movcud reallıqlara uyğunlaşdırmaq lazımdır ki, avtomobil yolunda bu cür qeydiyyatsız, o cümlədən sığortasız nəqliyyat vasitəsini idarə etməyə aydınlıq gətirilsin.

Onu da qeyd edim ki, inkişaf etmiş ölkələrdə qeydiyyata alınmayan kiçik həcmli və ya elektriklə işləyən skuterlər də, hərəkət iştirakçısı olduğu üçün hətta sığortalanması da vacib şərtdır.

Hesab edirəm ki, “Yol hərəkəti haqqında” qanununa yeni anlayışlar əlavə etməklə yol anlayışı, yolun çiyni anlayışı, yolun hərəkət hissəsinin kənarı və s. kimi anlayışlara, mübahisəli məqamlara tezliklə aydınlıq gətirsək, gələcəkdə bu kimi problemlərlə qarşılaşmarıq.

Bu gün dünyada daxili yanma mühərriklərinin inkişaf tendensiyası işçi həcmin kiçildilməsi, lakin mühərrikin gücünün artırılmasına fokuslanıb. Artıq müasir texnologiyalar kicik həcmli mühərriklərlə də böyük sürət almağa imkan verir. Elə Formula-1 bolidləri buna misal ola bilər. Yəni sürət-mühərrikin iş həcmindən daha çox, onun gücü ilə düz mütənasibdir

Buna görə də təklif edirəm ki, həmin maddəyə mühərrikin həcmi, hərəkət sürəti ilə yanaşı mühərrikin gücünü (Kwt) də əlavə etmək lazımdır.

Bundan əlavə artıq elektrik mühərriklərinin də istifadəsi geniş vüsət alıb. 2-ci təklifim ondan ibarətdir ki, elektriklə işləyən kicik həcmli nəqliyyat vasitələrini yarımkateqoriya bölünsün, təsnifatlaşdırilsın və aydın olsun ki, hansı nəqliyyat  vasitəsini qeydiyyatsız, hansını qeydiyyatla və harada idarə etmək olar.

Əks halda bu problem həll olunmamış və açıq da qalacaqdır.

Hesab edirəm ki, təkliflər də nəzənə alınarsa, bu dəyişikliklərdən sonra “yol hərəkətinin təşkilinə cavabdeh və yol hərəkətinin təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanları yol hərəkətinin təhlükəsiz təşkilini təmin edəcəklər”.