“Qarabağ” - “Frayburq” oyununu belaruslu hakimlər idarə edəcəklər

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsinin VI turunda Almaniyanın “Frayburq” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.

“Report”un məlumatına görə, noyabrın 3-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək:

“Qarabağ” – “Frayburq”

3 noyabr. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45

Baş hakim: Aleksey Kulbakov

Baş hakimin köməkçiləri: Dmitri Juk, Aleh Maslianka

Dördüncü hakim: Dmitry Dmitryiev

VAR: Tiago Bruno Lopes Martins (Portuqaliya)

AVAR: Hugo Filipe Ferreira C. Moreira Miguel (Portuqaliya)

Hakim-inspektor: Georgios Bikas (Yunanıstan)

UEFA nümayəndəsi: Boriana Stoycheva (Bolqarıstan).

Baş hakim Aleksey Kulbakov azərbaycanlı azarkeşlərə yaxından tanışdır. Belə ki, belaruslu referi ilk olaraq 2011-ci ilin avqustun 10-da “Dalğa Arena”da keçirilən Azərbaycan - Makedoniya yoldaşlıq görüşünü idarə edib. Həmin matçda Qoran Pandevin 58-ci dəqiqədə vurduğu qol makedonlara qələbə qazandırıb, Kulbakov isə Makedoniya yığmasının 2 üzvünə sarı vərəqə göstərib.

FIFA dərəcəli hakim daha əvvəl “Qarabağ”ın da oyununda əsas söz sahibi olub. O, 2014-cü il oktyabrın 2-də Avropa Liqasının qrup mərhələsində ağdamlıların Milanda “İnter”lə matçını (2:0) idarə edib. Kulbakov “İnter”dən Xuan Xesus və Qari Medeli, “Qarabağ”dan isə Muarem Muaremi sarı vərəqə ilə cəzalandırıb.

Belaruslunun Azərbaycan təmsilçilərinin iştirakı ilə sonuncu idarə etdiyi qarşılaşma isə 2016-cı il avqustun 18-də Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş “Qəbələ” – “Maribor” (Sloveniya) matçı olub. Mərhələnin ilk oyununu Azərbaycan təmsilçisi 3:1 hesablı qələbə ilə başa vurub.