Qarabağdan verilən mühüm şərtlər: Azərbaycanın yaratdığı reallığı hər kəs qəbul etməlidir

Son günlər Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirmək istəyən qüvvələr müxtəlif təxribatlara əl atırlar.  Aydın məsələdir ki, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasını istəməyən ölkələr öz çirkin planlarını həyata keçirməyə çalışırlar.   Ermənistan bu  dövlətlərin əlində alətə çevrilməklə özünü daha da çətin vəziyyətə salır. Lakin bütün bu qüvvələr mühüm bir məsələni unudurlar, bu Azərbyacanın yaratdığı reallıqdır.  Yeni vəziyyət özündə bu məsələləri təsdiqləyir:

Birincisi, Azərbyacan 30 ilə yaxın davam edən erməni işğalına öz gücü hesabına  son qoydu. BMT-nin qəbul etdiyi 4 Qətnaməni özü yerinə yetirdi. Münaqişəni dondurmaq istəyən və hansısa ədalətsiz reallıqla barışmağı təklif edən vasitəçilərin  niyyətlərinə qarşı Azərbaycan dövləti, ordusu, xalqı cavab verdi.  1805-ci ildən bəri ilk dəfə  idi ki, biz torpaqlarımızı işğaldan azad etdik. Azərbaycan bir daha göstərdi ki,  işğalla barışmayacaq və bütün təzyiqlərə baxmayaraq, öz suveren hüquqlarını müdafiə edəcəkdir. 44 günlük Vətən Müharibəsi və qazanılməş şanlı Qələbə bunu  təsdiq edir.
İkincisi, Azərbaycan iqtisadi imkanlarını getdikcə gücləndirir. İqtisadiyyatın şaxələndirilməsi, nəqliyyat – kommunikasıya, loqistika layihələri, neft-qaz, eneji təhlükəsizliyi, bərpaolunan və yaşıl enerji layihələri ölkəmizi regionun lider dövlətinə çevirməklə yanaşı, dünyada nüfuzunu qaldırır. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirir ki, “İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət belə gedə bilməz. Aparılan uğurlu və uzaqgörən siyasət nəticəsində iqtisadiyyatımız ildən- ilə güclənir. İqtisadiyyatımızın güclü olması isə siyasi müstəqilliyimizi daha artırır. Azərbaycanın öz üzərinə götürdüyü öhdəlikləri, təşəbbüsü olduğu layihələri vaxtında və dəqiqliklə yerinə yetirməklə etibarlı tərəfdaşa çevrilmişdir.

Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına 44 gün ərzində  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz döyüşərək, öz qanı və canı hesabına ərazi bütövlüyünü təmin etdi. Xalqımız  öz haqqını,  hüquqlarını döyüş meydanında bərpa etdi. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir.  Artıq 3 ilə yaxındır ki, yeni bir dövr başlayır. Azərbaycan sülh və təhlükəsizlik naminə münasibətlərin normallaşması üçün şərtlərini təklif edir. Xalqımıza, tariximizə, mədəni-dini irsimizə, təbiətimizə, yeraltı və yerüstü sərvətlərimizə qarşı edilən bütün terror və vandalizm aktlarını və soyqırımı cinayətlərini heç vaxt yaddan çıxarmaq olmaz. Biz bunu unutmururq və heç bir zaman da unutmayacayıq. Lakin bununla yanaşı, bütün ağrı-acılara baxmayaraq, Azərbaycan sülhə nail olmaq üçün  bütün imkanları səfərbər edir.

Cənab Prezident İlham Əliyev doğma Qarabağdan xalqımızı Novruz bayramını təbrik edərkən  bir sıra mühüm məsələlərə toxunaraq qazandığımız Qələbənin əhəmiyyətindən, onun yaratdığı reallıqları bir daha həm cəmiyyətimizə, həm Ermənistana, həm də ona havadarlıq edən, ölkəmizin Zəfərini həzm edə bilməyən qüvvələrə, ölkələrə çatdırdı. Azərbaycan istər  siyasi müstəvidə, istərsə də döyüş meydanında haqlı mübarizə və ləyaqətli mübarizə aparır.  

Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş, soyqırımı və  digər  hərbi cinayətlər törədilmişdir. Ötən müddət ərzində Azərbaycan  işğalla bağlı müxtəlif səviyyələrdə bütün beynəlxalq təşkilatlarda öz haqqını tələb etməsinə baxmayaraq, Ermənistanın işğalçılıq siyasətinə ciddi  reaksiya verən qurum olmadı. Əksinə, bu münaqişə ilə məşğul olmuş vasitəçilər məsələni həll etmək əvəzinə onu dondurmağa çalışırdılar. Hər keçən müddət bir daha  göstərir di ki, Azərbaycan güclənməli, güclü iqtisadiyyat, güclü ordu qurmalı, güclü hüquqi baza yaratmalıdır və  öz suveren hüquqlarını müdafiə etməlidir.  Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsini yazıldı. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşərək, milli həmrəylik yaradaraq işğal edilmiş torpaqları  azad etdi.

Lakin görünən odur ki,   İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Ermənistanda revanşist qüvvələr baş qaldıraraq yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Ermənistanın havadarı olanlar ölkəmizə qarşı çirkin planlar hazırlayır, təxribatlar törədir. Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra yenə də ölkəmizə, xalqımıza qarşı ədalətsiz addımlar atılır. Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan edərək əsassız  informasiyalar yayırlar. Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edirlər. Eyni zamanda, dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar.  Lakin heç kim Azərbaycanın iradəsini qıra bilməz, ölkə başçımızın sözləri ilə desək: “ Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək”. Prezident birgəyaşayışın şərtini də səsləndirmişdir:” Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq”. Dövlətimizin başçısı həmişə deyir ki, “biz deyirdik ki, öldü var, döndü yoxdur”.  Əlbəttə ki bunun real və güclü əsası vardır.  Çünki Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir, onun nüfuzu artmaqdadır, dünya Azərbaycan Prezidenti İlham Əliyevi güclü, bacarıqlı və müstəqil siyasətçi, dövlət başçısı kimi qəbul edir və hesablaşır. Bir sözlə, İkinci Qarabağ müharibəsinin nəticələrini və yaranmış yeni reallıqları heç kim unutmamalıdır.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,  
professor Hicran Hüseynova