"Qərb də Qarabağ münaqişəsinin tarixin arxivinə qovuşduğunun fərqindədir" 

Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında 4 saatdan artıq davam edən  görüşün nəticələrini  Bakının  növbəti diplomatik qələbəsidir. Bunu "Ölkə.Az"a açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Brüssel görüşü bir daha göstərdi ki, danışıqlar masasında gündəliyi müəyyənləşdirən Azərbaycandır. 

"Görüşöncəsi Ermənistan tərəfinin danışıqlar prosesi ilə bağlı verdiyi açıqlamalar və irəli sürdüyü təkliflərin heç biri, xüsusən də Azərbaycanda yaşayacaq ermənilərin "status" məsələsi danışıqlar masasında nəzərə alınmayıb. Danışıqların nəticəsi olaraq verilən bəyanatdan da görmək olar ki, Brüsseldə əsasən Azərbaycanın postmüharibə dövrü və Cənubi Qafqazda sülhün, sabitliyin, əməkdaşlığının yaranması istiqamətindəki  Sülh sazişi ilə bağlı verdiyi 5 bəndlik təkliflər ətrafında aparılıb. Azərbaycanın şərtlərinə uyğun da yekun razılaşma əldə edilib. Bu da yekun bəyanatda öz əksini tapıb", - deputat qeyd edib.

O bildirib ki, görüşdə Azərbaycan diplomatiyasının yeni uğuru Aİ rəhbərliyi tərəfindən  “Qarabağ münaqişəsi” ifadəsinin işlədilməməsidir: "Bu artıq onu göstərir ki, Qərb də Qarabağ münaqişəsinin tarixin arxivinə qovuşduğunun fərqindədir. Ona görə də  Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallığı qəbul edib, onun şərtlərinə uyğun formada sülhün yaranmasında maraqılıdır. Çünki Rusiya-Ukrayna münaqişə fonunda Cənubi Qafqazın önəmi Avropa üçün çox mühüm əhəmiyyət kəsb edir. 
Qərb onu da yaxşı anlayır ki, İrəvan Azərbaycanı qane edən sülhə razı olmayınca Ermənistanın təcriddən çıxması mümkün deyil. Ona görə də İrəvan destruktiv mövqedən əl çəkib  Azərbaycanın beş bəndlik sülh təkliflərini qəbul etməkdən keçir. Vaxtın uzanması isə Ermənistanın da ziyanınadır. İrəvanın Zəngəzur dəhlizi ilə bağlı layihəni əngəlləməsi nəticəsində Azərbaycanın İranla  imzaladığı məlum saziş bunun bariz göstəricisidir. Artıq Ermənistanda da bəzi dairələr vaxtın və Azərbaycanın təkliflərini qəbul etməməsinin onların ziyanına işlədiyinin fərqindədirlər. 

Görüşdə əldə edilən digər uğurlu məqam isə  aprelin sonunadək Birgə Sərhəd Komissiyasının yaradılması, həmçinin tərəflərin sülh sazişi üzərində işlənilməsinə başlanmasıdır. 

Son olaraq bütün bunlar onu deməyə əsas verir ki, savaş meydanında olduğu kimi diplomatiya müstəvisində də Azərbaycan diplomatik qələbələr əldə etməklə Ermənistana alternativlər buraxmaması və oyundankənar vəziyyətə salmasıdır. Azərbaycan atdığı hər uğurlu addımları ilə  Ermənistanı dalana dirəyir. Dalana dirənmək isə Ermənistana böhrandan başqa  yaxşı heç nə vəd etmir".