"Qətnamə Avropanın Azərbaycana münasibəti kimi qiymətləndirilməli deyil"

"Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir hüquqi əsası yoxdur". Bunu "Report"a açıqlamasında Milli Məclisdə Laçın rayonunu təmsil edən deputat Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə onların erməni diasporunun nəzarəti və təzyiqi altında olduğunu bir daha ortaya qoyur: "Azərbaycan işğal altındakı ərazilərini azad etdikdən sonra Fransa Prezidenti Emanuel Makronun ölkəmizə qarşı münasibəti sanki bu qətnamənin ayrı-ayrı maddələrində ifadə olunub. Hesab edirəm ki, dünyaya demokratiya, insan azadlığı və hüquq bərabərliyi ilə bağlı dərs keçməyə cəhd edən ölkənin Senatının belə bir əsassız qətnamə qəbul etməsi qəbuledilən deyil".

Deputat bildirib ki, Fransa Senatında qəbul edilən qətnamə Avropanın Azərbaycana münasibəti kimi qiymətləndirilməli deyil: "Çünki Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Avropa İttifaqına üzv dövlətlər ilə ölkəmiz arasında kifayət qədər ciddi münasibətlər qurulub. Bu gün Avropada Azərbaycanı müdafiə edən, haqq səsimizi eşidən və müdafiə edən kifayət qədər dövlətlər var. Ancaq təəssüflər olsun ki, Fransa Senatı Azərbaycanın haqq işini görməzdən gələrək belə bir addım atır. Təbii ki, belə bir sənədin qəbul edilməsi dünyadakı münasibətlərin sülhlə qurulmasını istəyən insanlarda və dövlətlərdə böyük təəssüf yaradır".