QHT 3 aylıq layihəyə start verdi

Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 sentyabr 2022-ci il tarixindən 01 dekabr 2022-ci il tarixinə  qədər “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür” adlı layihəyə start verildi.

Layihə “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçiriləcəkdir. Üç ay davam edəcək layihə çərçivəsində regionun üç bölgəsində Bakı, Xaçmaz və Tərtərdə milli-mənəvi dəyərlərə əsaslanan sağlam ailələrin qurulması, cəmiyyətin əsas təməli olan ailə institutunun möhkəmləndirilməsi mövzusunda tədbirlər təşkil olunacaq.
Ailədə və cəmiyyətdə valideyn məsuliyyətinin artırılması, yaşlı nəslə diqqət və hörmətin təbliğ edilməsi, ailənin sosial müdafiəsi, onun mümkün sosial təhlükə və risklərdən qorunması, ana və uşaqların psixoloji sağlamlığının möhkəmləndirilməsi, uşaqlarımızın milli-mənəvi dəyərlərimizlə tərbiyə olunması, böyüklərə hörmət, milli dəyərlərə bağlılıq, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan, eləcə də məişət zorakılığı hallarının və əxlaqa zidd davranış qaydalarının qarşısını almaq, valideyn-uşaq münasibətlərinin düzgün formalaşdırılmasına öz töhfələrimizi vermək, mütəxəssislərin fikirlərini almaq layihənin əsas məqsədlərindəndir. İcra olunacaq layihənin  məqsədi sadəcə  problemli ailələrə mənəvi, psixoloji yardım göstərmək deyil, eyni zamanda onları respublikanın ictimai həyatına cəlb etməklə dünyagörüşlərini artırmaqdır. Bu istiqamətdə görüləbiləcək ən doğru addımlar hansılardır, regionun müxtəlif bölgələrində ictimai müzakirələr keçirərək bunları təyin etmək layihənin digər məqsədlərindəndir. Ailədə formalaşan istər müsbət istərsə də mənfi mənəvi-psixoloji mühit cəmiyyətə də təsir etdiyindən, mənfi halların qarşısını almaq layihənin digər məqsədlərinə daxildir. Layihə çərçivəsində sağlam ailələrin qurulması, ailə institutunun  möhkəmləndirilməsi, ailədə və cəmiyyətdə valideyn məsuliyyətinin artırılması istiqamətində araşdırmalar aparılaraq bu mövzuya dair zəruri olan hər şey öyrəniləcək ki, regionun müxtəlif  bölgələrində təşkil edəcəyimiz tədbirlərdə iştirakçıları bu mövzuda daha ətraflı şəkildə maarifləndirə bilək.
İcra edəcəyimiz bu layihənin  cəmiyyətimiz üçün  faydalı olacağına inanırıq.
Lamiyə İSAZADƏ
Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri.