Qlobal Bakı Forumu mükəmməl platforma kimi olduqca əhəmiyyətlidir

Bakıda keçirilən Qlobal Forum dünyada və regionda siyasi, qlobal və universal xarakter daşıması beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Görünən budur ki, Azərbaycan yalnız ölkədaxili proseslərə deyil, eyni zamanda dünyada gedən proseslərə öz töhfəsini verməyə çalışır, qlobal təşəbbüslərlə çıxış edir. Bu da onu göstərir ki, ölkəmiz bu gün dünyanın müxtəlif forumlarının, konfranslarının, mühüm tədbirlərinin keçirildiyi məkana və mərkəzə çevrilib. Bu baxımdan 9-cu Qlobal Bakı Forumu digər beynəlxalq forumlardan miqyasına və məzmun genişliyinə görə ciddi şəkildə fərqlənir.

Azərbaycan, hər zaman olduğu kimi, yenə də qlobal xarakterli mövzuların, məsələlərin müzakirəsini təşkil edir, bu istiqamətdə yetərincə ciddi fəallıq göstərir, öz ev sahibliyi, təşkilatçılığı, təşəbbüskarlığı ilə beynəlxalq siyasətə növbəti tohfələr verir. Bakı Qlobal Forumu bir çox xüsusiyyətlərinə görə digər beynəlxalq forumlardan fərqlənir.

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər.
Enerji resurslarının məhdud olması nəticəsində hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır və buna görə də müasir dünyada yanacaq-enerji resursları ilə təchizatı, həmçinin enerji effektivliyi dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur və beynəlxalq geosiyasətdə enerji resursları faktoru müstəsna əhəmiyyət daşıyır. Çətinlik doğuran digər bir vəziyyət isə yanacaq-enerji sərvətlərinin coğrafi yerləşməsindəki qeyri-bərabərliklə bağlıdır. Bu isə öz növbəsində dövlətlər arasında əməkdaşlığın və dialoqun güclənməsinə öz töhfəsini verir, yaxud da əksinə bu resurslar uğrunda müxtəlif siyasi çəkişmələrin formalaşmasını stimullaşdırır.
Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir;
Böhran qaçılmazdır və artıq yaxındadır. Böhranla mübarizədə aparıcı beynəlxalq institutların, habelə aparıcı maliyyə institutlarının rolu müəyyən olunmalıdır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar;
Enerji bazarlarındakı vəziyyəti proqnozlaşdırmaq çətindir. Mövcud vəziyyət istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar - istehsalçılara həqiqətdə bu, lazımdır.

Əminə Ağazadə
Milli Məclisin deputatı