Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN Parlamentlərarası Assambleya arasında Anlaşma Memorandumu imzalanıb 

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfəri çərçivəsində ASEAN Parlamentlərarası Assambleyanın Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb. Görüşdə Azərbaycan Milli Məclisi ilə ASEAN PA arasında əməkdaşlığın yüksək səviyyədə olması vurğulanaraq, xatırladılıb ki, ötən il Azərbaycan Milli Məclisi ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alıb. Qeyd olunub ki, adətən parlamentlərin təşkilata müşahidəçi statusu almaq üçün müraciətinə 2-3 il ərzində baxılır. Lakin Azərbaycanın müraciətinə dərhal müsbət cavab verilib.

Spiker Sahibə Qafarova həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi ASEAN PA da daxil olmaqla digər parlament təşkilatları ilə fəal əlaqə qurmaqda maraqlıdır. Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə danışaraq, deyib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi mühüm təşəbbüsləri beynəlxalq birlik tərəfindən dəstəklənir. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də beynəlxalq maraq getdikcə daha da artır. O, şəbəkənin 2021-ci ildə Madriddə keçirilən təsis, ötən il Bakıda keçirilən birinci konfransları, həmçinin, sabah keçiriləcək ikinci konfransa hazırlıq məqsədilə görülən işlər barədə məlumat verib. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi beynəlxalq parlament təşkilatları ilə də əməkdaşlığı genişləndirir. Hazırda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi 3 beynəlxalq parlament təşkilatında müşahidəçi statusu alıb. Bunlar Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Ərəb Parlamentidir.

ASEAN Parlamentlərarası Assambleyanın Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirərək, həmçinin, ölkəmizin Hərəkatın Parlament Şəbəkəsinin institusional inkişafı istiqamətində atdığı addımların geniş beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN Parlamentlərarası Assambleya arasında Anlaşma Memorandumu imzalanıb.