Radikalların “boykot” qərarı nəyə və kimlərə xidmət edir? - TƏHLİL

Radikal müxalifət partiyalarının 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisində iştirakdan imtina etməsi heç kəsdə təəccüb doğurmadı. İlk dəfə olaraq Azərbaycanın bütün ərazilərini əhatə edəcək və şərti olaraq Zəfər Seçkisi adlandırılan prezidentlik uğurunda mübarizəyə qoşulmayan siyasi qüvvələr təkcə “qorxaq” yox, “anti milli” də adlandırıla bilərlər. Axı biz son 3 ildə böyük tarix hadisələrə şahidlik etmişik. Yüz illər boyunca danışılacaq, dərsliklərə düşəcək uğurlu hərbi əməliyyatlarımız, əldə etdiyimiz qələbələr Azərbaycanı sevən hər kəsi sevindirməliydi…

Bu fikirlər Milli Məclisin deputatı Cəbi Quliyevin “Radikalların “boykot” qərarı nəyə və kimlərə xidmət edir?” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir:

“Amma biz nəyin şahidi oluruq? Dövlətin və onun başında duran Ali Baş Komandanın uğurlarını həzm edə bilməyən, xaricdən idarə olunan qüvvələr öz kin-küdurətlərini gizlədə bilmirlər, açıq anti-milli kampaniya aparırlar. Bu gün Azərbaycan dövləti Qərbin yox, xalqının iradəsinə söykənən siyasət yürüdür. Azərbaycanın öz torpaqlarını azad etməsi, haqq-ədaləti bərpa etməsi kənar qüvvələri və onların buradakı əlaltılarını narahat edir.

İndi onların əlinə fürsət düşüb. Növbədənkənar prezident seçkilərinə hazırlaşan Azərbaycanda siyasi gərginlik yaratmaq, iqtidara və dövlətə qarşı ictimai inamsızlıq hissi formalaşdırmaq üçün hərəkətə keçiblər. Təəssüflər olsun ki, AXCP və Müsavat Partiyası da Azərbaycana qarşı aparılan çirkin kampaniyaya qoşularaq seçkilərdə iştirakdan imtina qərarı veriblər. Belə görüntü yaratmaq istəyirlər ki, hakim Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinə rəqibsiz, təkbaşına gedir. Amma yanılırlar. Azərbaycanda müxalifət təkcə AXCP və Müsavat Partiyasından ibarət deyil. Onlarla müxalif siyasi partiya var ki, həm elektoratının sayına, nüfuzuna, gücünə, həm də tutduqları milli, dövlətçi mövqelərinə görə adları çəkilən partiyalardan xeyli qabaqdadırlar.

Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Həmçinin növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP üçün qurultayın keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb. Beş min adam tapıb partiyalarını qeydiyyatdan keçirə bilməyənlər siyasi qüvvələrin indi seçkini boykot etmələri gülməli görünür. Şübhə yoxdur ki, seçkilərə qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmətin bir növüdür. Siyasi partiyanın əsas vəzifəsi sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirakdır. Azərbaycan sabit, demokratik, hüquqi ölkədir və burada hər hansı bir pozuculuq cəhdləri iflasa məhkumdur. Azərbaycanda heç zaman milli birlik, siyasi həmrəylik indiki qədər güclü olmayıb. Hazırkı məqamda yad ünsürlərin, zərərli ideologiyaların cəmiyyətə sızması çox çətindir. Çünki xalq yaxşını pisdən ayırmağı bacarır. Xalq yaxşı başa düşür ki, siyasətdə “boykot” prinsipial mövqeyin deyil, dağıdıcılıq, təxribat, gözdənsalma kampaniyasının məhsuludur. Gözdənsalma texnologiyasının primitiv növü hesab olunan “boykot” emosional və qalmaqallı situasiyaları yaratmaq üçün bir “silahdır”, vasitədir.

Siyasi partiyanın və siyasətçilərin bir nömrəli məqsədi seçkidə qalib olmaqdır. Seçki çətin, mərhələli prosesdir. Siyasi partiya sədri xalq və üzvləri qarşısında məsuliyyət daşıyır. Seçkiyə qatılıb-qatılmamağı hər bir siyasi partiyanın öz daxili işi də saymaq olar. Amma seçkilərə qatılmamağın səbəbini düzgün qeyd etmək lazımdır. Burada manipulyasiyaya yer olmamalıdır. “Ölkədə azad və ədalətli seçki mühiti yoxdur”, “Siyasi həbslər var, demokratiya boğulur” və sair bu kimi populist çıxışlarla “boykot” qərarını əsaslandırmaq ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil.

Seçkidə iştirak etməmələrinin səbəbini açıq desinlər. Bildirsinlər ki, üzvlərimiz, tərəfdarlarımız yoxdur, imza yığmaqda çətinlik çəkirik, maliyyə resurslarımız yoxdur, hazır deyilik və sair. Seçkini boykot etmək siyasətçi və siyasi partiyanın ən zəif nöqtəsidir. Hər dəfə seçkiləri boykot edən partiya və siyasətçi hansı üzlə, hansı məqsədlərlə siyasi mübarizədən danışır? Seçki prosesinə qatılan siyasi partiyaları gözdən salmaq, onları “satqın”, “yaltaq”, “qorxaq” adlandırmaq radikallara başucalığı gətirməyəcək.

AXCP sədri Əli Kərimli gələn il keçiriləcək növbədənkənar seçkiləri boykot qərarı verib. Olsun! Amma o, bununla kifayətlənmir. Digər siyasi partiyalara da çağırış edir ki, onlar da boykot kampaniyasına qoşulsunlar. Maraqlıdır ki, bu günə qədər az qala bütün seçkiləri boykot edən AXCP nə əldə edib? Bundan sonra nə əldə edəcək?

Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verən bu cür çağırışlar radikal müxalifəti bitirir. Müxalifətçiliyi imitasiya edən və siyasi alverlə məşğul olanlar əslində öz tərəfdarlarını sonu görünməyən uçuruma, qaranlığa aparırlar. Onların aydın hədəfləri yoxdur.

Əminliklə demək olar ki, radikalların “boykot” qərarı seçki prosesinə və seçkinin nəticələrinə heç bir təsir göstərməyəcək”.