Razi Nurullayev: “Avtobus müxalifəti termini məndə gülüş doğurur”-MÜSAHİBƏ

“Hakimiyyət müxalifətdə olan partiyaya niyə kömək etsin ki, o güclənib gəlib onu yıxsın?”

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

-Razi bəy ötən günlərdə Şuşada beynəlxalq tədbirdə iştirak etdiniz və Şuşa bəyannaməsinin imzalanmasının bir ili tamam olur. Bunla bağlı Milli Məclisdə də öz fikirlərinizi bildirdiz. Bizə maraqlıdır, ümumilikdə bu bəyannamə Azərbaycana nə verdi?

-Şuşa Bəyannaməsi Azərbaycanın gələcəyini, təhlükəsizliyini, torpaqlarının yenidən işağlı təhlükəsini aradan qaldırdı. Azərbaycanın suverenliyini, müstəqilliyini zəmanət altına aldı. Azərbaycan Türkiyə qardaşlığını, strateji tərəfdaşlığını yeni bir mərhələyə qaldırmış oldu. Bu gün Şuşa bəyannaməsinin qəbul edilməsindən sonra Azərbaycan daha rahat, sərbəst xarici siyasət apara bilir, sözünü deyə bilir, çünki bilir ki, arxasında Türkiyə kimi güclü bir NATO dövləti var və Türkiyədə əmindir ki, onun arxasında Azərbaycan kimi bir qardaş ölkəsi var.

- Belə deyək bəyannamə işğaldan azad olunan ərazilərə nə kimi töhvələr verir?

-Şuşa bəyannaməsinin olması xarici investorların Qarabağa gəlməsinə imkan yaratdı. Çünki heç bir sərmayəçi stabil olmayan, müharibə təhlükəsi olan əraziyə pul yatırmaq istəmir. Axı, Ermənistanda hələ də revanşist fikirlər səsləndirənlər var. İnvestor yenidən müharibə olacağını düşünə və sərmayəsini başqa ərazilərə daşıya bilər. Türkiyə ilə Şuşa bəyannaməsi imzalanandan sonra dünya, investorlar daha rahat oldu ki, müharibə təhlükəsi demək olar ki, aradan qalxdı, aradan qalxmasa belə Qarabağ üçün Ermənistan heç bir təhlükə törədə bilməz. Digər dövlətlər də təhlükə törədə bilməz. NATO-nun üzvü olan Türkiyə həmin ərazilərin zəmanətçisidir.

-Şuşaya daxil olarkən təsüratlarınız və Cıdır düzündən Xankəndini seyr edərkən təsüratlarınız bizim üçün maraqlıdır.

-Şuşadan Xankəndini seyr edən zaman nisgil keçirirəm. Xankəndində olmamışam və mənim üçün ağır olur ki, öz torpağımda, öz vətənimdə mən Xanın kəndinə gedə bilmirəm. Bu mənə ağır gəlir və bütün deputatlara da ağır gəlir. Çünki hamı baxır və hər kəs də bilir ki, biz ora gedəcəyik. İnşallah, gedəcəyik. Bu ağır hissləri keçirirəm, amma həm də ümidliyəm ki, biz o torpaqlarımıza gedəcəyik, orada olan erməniləri də ram edib, haqqın yoluna gətirə biləcəyik. Buna da çox zaman qalmayıb. O nisgili keçirirdim, digər bir tərəfdən, Şuşa yatsaydım yuxuma girməzdi, indi yuxularımız çin olub. Ona görə də hər dəfə Şuşaya gedəndə qürur hissi keçiririk. Əlavə olaraq, Şuşa ilə bağlı bir neçə məqamı demək istəyirəm. Şuşaya indi çox turistlər gedir, çox vətəndaşlar gedir, dövlət nümayəndələri gedir. Şuşada “Qoç Ət” adında bir restoran var. Amma qiymətlər bahadı. Hərbçilərdən şikayət edənlər oldu ki, qonaqlarımız gəlir, aparırıq yemək yeməyə, az qala maaşımız bütövlükdə hesaba gedir. Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov dəyər verdiyimiz bir şəxsdir. Ümid edirəm ki, hörmətli Aydın müəllim də bunu bilir və çıxış yolu axtarır. Yəqin ki, tezliklə bir neçə restoran və kafenin də açılmasına şərait yaratmaq lazımdır. Yalnız bir restoran öz qiymətlərini diktə etməsin. Ümumilikdə isə istərdim ki, həm Şuşa yolunda, həm digər ərazilərdə artıq təsdiq olunmuş ərazilər üzrə müəyyən infrastruktur, deyək ki, kafe, restoran, istirahət yerləri, piknik yerlərinin açılması üçün iş adamlarına şərait yaradılsın. Təbii ki, təsdiq olunmuş layihələr üzrə. İnanıram ki, artıq təsdiq edilmiş yerlər var ki, məhz bu məqsədlər üçün nəzərdə tutulub. İş adamları aylar ərzində bu məsələləri yerinə yetirə bilərlər.

- İnşallah, partiyanın, Şuşa rayon təşkilatının nə zaman yaranmasını düşünürsüz?

-Bizim Şuşa təşkilatımız Bakıda fəaliyyət göstərir. İnşallah, Şuşaya köç olandan sonra biz də çalışarıq ki, orada bir evdə də olsa, Şuşa nümayəndəliyimiz olsun. Partiyanın təmsilçiliyi olsun. Azərbaycan bayrağı ilə bərabər həm də partiyamızın da bayrağı Şuşada olsun.

- Şuşa təşkilatının nə qədər üzvü var?

- Onu təşkilat şöbəsi bilər, detalları bilmirəm.

- Qeydiyyatdan yeni keçən partiya kimi, yəni bu gün Azərbaycanda siyasi müstəvidə gedən prosesləri necə dəyərləndirirsiz?

- Azərbaycanda siyasi partiyaların fəaliyyət göstərməsi üçün imkanlar var. Yəni o siyasi partiyanın özündən, apardığı siyasətdən, tərəfdarlarından, insanları inandırmağından aslıdır. Üzvlər toplamaqdan, güc nümayiş etdirməkdən, gücünü, nəticəsini və effektivliyini göstərməkdən ibarətdir ki, yanında daha çox adam olsun, hakimiyyət də onu görsün, onunla hesablaşsın. Bəzən siyasi partiyalar düşünür ki, hakimiyyət onlara niyə kömək etmir? Hakimiyyət siyasi partiyalara niyə kömək etməlidi ki? Sadəcə, tələbimiz, xahişimiz siyasi fəaliyyətimizə maneçilik törətməmək ola bilər.Hakimiyyət müxalifətdə olan partiyaya niyə kömək etsin ki, o da güclənib gəlib onu yıxsın? İndiki prosesi doğru düzgün qiymətləndirirəm, dialoq prosesi var. Qəbul edirlər, saatlarla dinləyirlər, biz fikirlərini dinləyirik, sözümüz olanda çatdırırıq, zəng edib fikrimizi deyə bilirik. Şükür edək ki, bunu edirlər. Yəni bu onların borcu deyil axı. Hesab edirəm ki, bizim gözləntilərimiz yalnış olmamalıdır. Mənim şəxsən heç bir ciddi gözləntim yoxdur. Mənim siyasi, hüquqi müstəvidə tələblərim ola bilər, iradlarım ola bilər, bunları deyə bilərəm, eşidə bilərəm, amma mən onlardan yardım istəyim, mən tələb qoyum ki, bunu mənə etməlisən, elə bir şey yoxdur. Qanunvericilik çərçivəsində, haqq-ədalət çərçivəsində, məsələn, deyə bilərəm ki, müxalifətlə müəyyən sahələri bölüşmək lazımdır. Müxalifətin potensialını dövlətin inkişafına cəlb etmək lazımdır. Hakimiyyət müxalifət partiyasının təmsilçilərinə də müəyyən strukturlarda iştirak etməyə şərait yaratmalıdır kimi məsələlər qanunu tələblərdi, mən bunu edə bilərəm. Bu gözləntim ola bilər. Amma deyim, mənə ofis verməlisən, işıq pulumu ödəməlisən, qaz pulumu ödəməlisən, niyə otağımda istilik yoxdu? Niyə yayda istidən yanıram, qışda soyuqdan donuram? Bu tələbləri onlara demək acizliyin nümunəsidir. Bu onların borcu deyil. Hələ bizi qəbul edib danışırlar, şükür edək.

- Ofis veriblər də sizə, səhv etmirəmsə?

- Bizə ofis veriblər, amma heç bunu da əslində doğru saymıram. Veriblər, sağ olsunlar. Amma iqtidarın mənə borcu yoxdur axı. Biz müraciət edirik, əgər Əmlak məsələləri üzrə qurum verəcəksə, lap yaxşı, verməyəcəksə hay-küy salmağa ehtiyac yoxdur. Kirayə ofis götür.

- Bir müddət əvvəl heç ofisiniz yox idi. Belə deyək də, fəaliyyətinizdə ofis problemi özünü göstərirdi. Bunu etiraf etmək lazımdır.

- Bizim həmişə ofisimiz olub. Pulun vermişik. İndi təbii ki, xərcimiz azalıb. Bunu alqışlayıram, sevinirəm. Ediblər, sağ olsunlar. Belə deyək də, bəy verən atın dişinə baxmazlar. Jest ediblər. Amma, ofis, pul, imkan, vəzifə, tələb etmək doğru deyil. Hələ bir tələb et ki, imkan ver şəhərin gur yerində mitinq keçirim, narazı adamları toplayım və səni devirim. Buna kim icazə verər ki? Gücün varsa, hər yerdə mitinq keçirə bilərsən. Amma, tələb etmək ki, mərkəzdə, gur yerdə keçirim, əhali da, maraqlı olanlar da, nə bilim yoldan keçənlər də qarışıb sayımıı çox göstərsin kimi iddialar və ya tələblər çətin ki, reallaşsın. Kənardan da görünür ki, gücsüzlüyün ört-basdır edilməsi cəhdləri var. Kim sənə imkan verəcək ki, gedib Prezident Administrasiyasının qabağında yığışasan? İmkan ver gəlim sənin iqtidarını əlindən alım? Mən gəlim səni yıxım. Bu absurddur axı, həqiqəti demək lazımdır.

- Keçirilən görüşlərdə irəli sürdüyünüz təkliflərdən nəzərə alınanı varmı? Yoxsa bunlar görüntü xatirinə keçirilir?

- Bayaqdan ofis veriblər, dinləyirlər deyirik, Şuşaya ilk protokol tədbirində müxalifəti dəvət ediblər deyirik. Demək ki, nəticə var. Daha haradan görüntü xatirinə oldu? İndi qəşəng avtobuslarda gedirik. Avtobus müxalifəti olmaq da pis deyil. Şəxsi maşınında, küçədə, ofisində, danışıqlarda və fəaliyyətində vətən xaini olmaq pisdir. Guya onlar gedəndə nə ilə gedəcəklər? Ciplə, təyyarə ilə, qatarla girəcəklər? Hörmətli Müsavat başqanı da Şuşaya avtobusla getmişdi. Burada pis nə var ki… İnşallah, yollar açılanda öz maşınımızla da gedəcəyik.

- Sizə avtobus müxalifəti də deyirlər…

- Pişiyin ağzı ətə çatmayanda deyir iy verir. Rahat avtobusda iqtidar nümayəndələri ilə birlikdə gedirik. Mən avtobusla, iqtidar nümayəndələri təyarə, bahalı maşınlarda, ciplərdə getsəydi, başqa məsələ. Ayrıca oturub bahalı restoranlarda yeyib, bizə də payok versəydilər, onda deyərdim ki, bu doğru deyil. Hamı birlikdə gedir, birlikdə yeyir, buna görə də avtobus müxalifəti termini məndə gülüş doğurur. Özləri-özlərini gülünc vəziyyətə salırlar. Özlərindən görməmiş obrazı yaradırlar. Biz gedib protokol tədbirində iştirak etdik, Şuşanı gördük, yaradılan şəraiti gördük, dövlət nümayəndələri ilə təmaslar qurduq, fikirlərimizi çatdırdıq. Azərbaycanda sivil siyasi mədəniyyət nümunəsi göstəririk. Qaynayırıq, qarışırıq və bütün bunlar da Azərbaycan xalqının daha da yaxşı yaşaması üçün, onun müəyyən problemlərinin həll olunmasına kömək etmək üçündür. Qoy bizə avtobus müxalifəti də deyənlər gedib ermənilərlə qaynayıb-qarışsınlar. Çox yaraşır onlara. İqtidar, müxalifət o demək deyil ki, biz ancaq bir-birimizi söyməliyik, bir-birimizin toyuna getməməliyik, bir-birimizi tənqid etməliyik. Belə bir yanaşma dünyada da yoxdur. Danışaq, söhbət edək, nə dəxli var, mən yenə də gedib etirazımı bildirim, hakimiyyət uğrunda mübarizə aparım, kimsə mənim əlimi, qolumu bağlamayıb ki.

- Razi bəy, bəs niyə müxalifət olaraq, yaşıl işıq yandırılan, siz dediyiniz kimi, avtobus müxalifəti olaraq, bir ortaq mövqeyə gəlib, vahid bir mövqedən çıxış etmir bu siyasi partiyalar?

- Siyasi partiyalar vahid mövqedən çıxış edir.

- Misal üçün proporsional seçkinin təbliği ilə bağlı vahid mövqedən çıxış etmirsiniz…

- Milli, ümummilli məsələlərdə həmişə birlik nümayiş etdiririk. Amma axı hər partiyanın da öz gündəmi var. Bir partiya düşünə bilər ki, propesional seçkidə iştirak üçün kadrları zəifdir və səs qazana bilməz. Ona görə də deyəcək ki, proporsional seçki istəmirəm. Haqsız da deyil. Çünki, parlamentə düşmək istəyir və düşünür ki, kadrları propesional seçkidə yer ala bilməyəcək. Mənim partiyamı düşünüb mənə dəstək verməyə də borclu deyil. Müəyyən siyasi platformlar ətrafnda birləşmək olar və bunu da hələ ki, edə bilmirik. Bu mərhələyə də hələ gəlib çata bilməmişik. Çünki dediyim kimi, hər partiya özünü güclü hesab edir, hər partiya tək başına mübarizəni daha effektiv görür və bizdə hələ o inteqrasiyanın effetivliyi yoxdur. Siyasi mədəniyyəti formalaşdıra bilməmişik. İçimizdəki eqolar, mənəm-mənəmlik buna imkan vermir. Yəqin ki, bunun üçün də müəyyən zaman lazımdır ki, biz bu mərhələni də keçək. Yeni mərhələyə keçəndə artıq bunlar da, bu eqolar da içimizdən gedəcək və biz reallığı görüb, real insanın, real gücün yanında dayanıb, onunla daha çox real siyasi nəticələrə nail olmağın yolunu tapacağıq.

-Razi bəy, çox aktivsiz, sosial şəbəkələrdə izləyirik, həmişə xalqın içindəsiz, mən özüm də bəyənirəm, ancaq bununla yanaşı bizdə tam formalaşa bilməmişik, bayaq dediyiniz kimi. Sizi tənqid edənlər də var. Sizə ironiya ilə yanaşanlar da var. Sizi qəbul etməyənlər də var.

- Qəbul etməyənlərin çoxu Əli Kərimlinin yanında olanlardı. Bir az da gözü götürməyənlər, paxıllar, qısqanclar var. 30 ildir yol gəlirlər, nəticələri sıfırdır. Onların məni qəbul edib-etməməsi nəyimi dəyişir? Mən onların kitabını oxumuram, oxumaq da istəmirəm. Neçə ildir də nəticəsiz fəaliyyət göstərirlər. Hərçənd ki, mən orada olanda onlar daha güclü idi. Onların səsi dünyada daha yaxşı eşidilirdi. Onların səsini bütün dünyaya yayırdım. Mənimlə daha güclü idilər. Özüm isə onların yanında zəif idim. Görünmürdüm. O gücü mən onlara verirdim. Getdim, onlar daha da zəifləyiblər. Lap bərbad günə qalıblar. Indi fərqli bir partiyanın - Milli Cəbhə Partiyasının qurucusuyam, parlamentdə təmsil olunuram, Azərbaycanda, xalq içərisində hörmətim də var. Küçədə, yerlərdə mənə yaxınlaşıb deyirlər ki, Razi bəy sizi ana müxalifət kimi görürük. Bu xalqın mənə verdiyi qiymətdir. Onların qiyməti başlarına dəysin. Az bir müddət ərzində sınmadan, yorulmadan nəticə göstərirəm, hərçənd ki, bir çox insanlar düşünürdü ki, Razinin gücü 5 aya, 6 aya çatacaq, məhv olub gedəcək. Amma göstərdim ki, insanın içində bulaq qaynayırsa, səmimidirsə, davamlı mübarizə apara bilirsə, savadı, dünyagörüşü buna yetirsə, qabiliyyəti, bacarığı çatırsa o məhv olmur. Nə xoş ki, bu günə qədər minlərlə insana kömək etmişəm. Pensiyasının, əlilliyinin kəsilməsinə görə müraciət edən kəslərdən 700 nəfərə qədər şəxsə kömək etmişik, 1500-ə qədər insanın işlə təmin olunmasına və ya bərpasına nail olmuşuq. Bir neçə müəssisənin işə başlamasını təşkil edə bilmişik. Onlarla insanın ən bahalı ürək və digər əməliyyatlarını dövlət orqanları ilə əməkdaşlıq nəticəsində pulsuz etdirə bilmişik. Dəqiq rəqəmi demək istəmirəm, amma onlarla insana ev verilməsinə nail ola bilmişik. Onlarla insanın ev tikintisi üçün torpaq sahəsi ilə təminatına da nail olmuşuq. 50-ə yaxın insanın məhkəmələrdə haqq-ədalətə nail olmasına vəsilə olmuşuq. Xəstə insanların sərhəddən keçib, müalicə edilib sağ-salamat Azərbaycana qayıtmasına da nail olmuşuq. Bunları dövlət orqanları ilə əməkdaşlıqla etmişik.

Bəziləri deyir ki, Razi bəy, siz tanınan, bilinən, sözü keçən, məmurların çəkindiyi bir deputat, partiya sədrisiniz. Siz niyə onların ayağına gedirsiniz, qoy onlar sizin ayağınıza gəlsinlər. Parlamentə dəvət edin. Məsələ burasındadır ki, bu gün Azərbaycanda böyüklük və ucalıq davası aparmıram. Mənim üçün vacib olan vətəndaşların problemlərinin həll edilməsi, sosial narazılığın azaldılmasıdır. Büdcə onlarda, möhür onlarda, resurs onlarda. Onun üçün də qəbullara getməyi zəiflik hesab etmirəm. Gedib vətəndaşın problemini həll edə bilərəmsə, nə xoş bizə.

Ədil Ədilzadə