Razi Nurullayevdən müəllimə dəstək

Ayaqyolu olmamasına etraz edən və töhmət alan Leyla müəlliməni ziyarət etdik və dəstəkləyirik. Bütün məktəblərdə bu və ya digər cəhətdən problemlər var. "Ayaqyolu yoxdur" deyən müəlliməni məzəmmət etmək, töhmət vermək yolverilməzdir. Töhməti müxtəlif yollarla, hüquqi don geyindirməklə əsaslandırmaq olar və artıq bu edilir. Lakin, hər kəs bilir ki, uşaqların məktəbə gəlməməsini istəyən müəllimə bunu ritorik olaraq deyir, məsələyə diqqət çəkir və çəkə də bilib. Bu ayrıca bir uğur hekayəsidir.

O dövlətə, hökumətə, xalqa və konkret şəxslərə qarşı çıxmayıb, o bizim məktəbə təhsil üçün göndərdiyimiz fidan balaların gələcəyi üçün həyəcan təbili çalıb. Mən İmişli rayonunun deputatı olaraq Leyla xanımı dəstəkləyir və yanındayam. Hər kəs başa düşür və görür ki, yeni məktəblər tikilir, təmir edilir və elə müəllimənin işlədiyi Aranlı kənd məktəbi də bu il tikilməyə namizəddir. Amma, bu həqiqəti görüb susmağa, yalan danışmağa, yaltaqlanmağa və şəxsi mənfəətini düşünməyə əsas ola bilməz. Bütün Azərbaycan boyu məktəblərdə olan xırda problemləri həll etmək üçün əsaslı pul ayrılmasını, yeni məktəb tikintisini və sairəni gözləməyə ehtiyac yoxdur.

Razi Nurullayev
Milli Məclisin deputatı