Regiona müdaxilə qəbuledilməzdir

Tarixi hadisə olan Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan-İran əlaqələrindən və bu əlaqələrin tarixi köklərindən geniş bəhs etdi. İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı da çox müsbətdir. Bir sözlə, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır.

Ölkə başçısı açılış mərasimində Azərbaycan həqiqətlərinə diqqət çəkərək xatırlatdı ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Torpaqlarımızın təxminən 20 faizi zəbt edilmişdi, oradan Azərbaycan əhalisi çıxarılmış, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, bir milyon azərbaycanlı evsiz-eşiksiz qalmışdı. Uzun illər bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupu və onun həmsədrləri məsələni həll etmək üçün yox, məsələni dondurmaq üçün çalışırdılar. 28 il ərzində fəaliyyət göstərən, əslində, fəaliyyətsiz olan Minsk qrupunun tamamilə ləğv edilməsi Azərbaycanın haqlı tələbidir.

Prezident İlham Əliyev bildirdi ki, uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Azərbaycan Ermənistanla olan məsələni - öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Bu prosesin ilkin müsbət nəticələri var və sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır. Ölkə başçısı qeyd etdi ki, Ermənistan səhv addım atmamalı, regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Ermənistan uzun illər ərzində regionumuzdan uzaqlarda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlamışdır. Bölgədə yaşayan xalqlar burada tarixən yaşayıb. Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək.  Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Prezident İlham Əliyev regiona müdaxilə etmək istəyən ölkələrə ciddi xəbərdarlıq edərək bəyan etdi ki, əgər bölgəmizdən minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, regionda yerləşən ölkələrin maraqlarını nəzərə almalıdırlar. Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Prezident İlham Əliyev Azərbaycan diplomatiyasının prioritetinin bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qurmaqdan ibarət olduğunu bildirdi.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri