"Regionda uzunmüddətli sülhün təmin olunması..."

"Azərbaycanla Ermənistan arasındakı kommunikasiyaların açılması müharibə səhifəsinin tarixə qovuşdurmağın başlanğıc nöqtəsi olacaq. Bu fikri Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə görüşündə vurğulayıb. Reallıqda da kommunikasiyaların açılması əməkdaşlıq potensialının reallaşmasına imkan verəcək".

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, bu addımlar regionda yeni ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları yaradacaq:

“Təbii ki, kommunikasiyaların açılması həm də ölkələrin bir-birinə inteqrasiyasına yol açacaq. Bu bölgədə uzunmüddətli sülhün yaranmasına töhfə yaradacaq. Sözsüz ki, bütün münaqişələr sülh, danışıqlar yolu ilə bitir. Ona görə də əməkdaşlıq formatı üçün yaranan hər bir mövzu sülh danışıqlarının davamı kimi dəyərləndirilir”.

Azər Badamovun fikrincə, bu gün regionda uzunmüddətli sülhün təmin olunması, nəinki qonşu ölkələr, o cümlədən Avroasiya məkanı üçün də vacibdir: “Məhz kommunikasiyaların açılması qitələr arası əməkdaşlıqda yeni mərhələ yaradacaq. Üçtərəfli bəyanatın imzalanmasından ötən 4 ay ərzində hər iki tərəfin gələcəyə yönəlmiş istiqamətlər üzrə iradə nümayiş etdirməsi faktı da mövcuddur. Bu səbəbdən də müəyyən mərhələlərdə keçirilən mütəmadi görüşlər və müzakirələr iki ölkə arasında yeni səhifənin başlanmasını sürətləndirəcək”.