"Rənglənmiş tarix" layihəsi uğurla həyata keçirilir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi (İB) tərəfindən "Rənglənmiş tarix" Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğatı layihəsi uğurla həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi Şuşa musiqiçilərinin tanıdılmasında gənclərin rolunun artırmaqdan ibarətdir. Effektivliyin artırılması üçün layihədə gənclərin marağına səbəb olan üsullardan istifadə edilir.

İB-nin sədri Fərhad Abdulov bildirib ki, mədəni irs nümunələrinin təbliğatında, müasir incəsənət məhsullarının artırılmasında gənclərin iştirakını təmin etmək birliyin başlıca vəzifələri sırasındadır: “Layihə çərçivəsində 25 ədəd Şuşa musiqiçilərinə məxsus ağ-qara fotolar rəqəmsal üsullarla bərpa olunub rənglənərək internet platformalarda yerləşdiriləcək, ölkənin 8 regionunda, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri, Şamaxı, Şəki, Ağdam və Lənkəran rayonlarında 10 sərgi təşkil olunacaq. Sərgidə iştirak edən gənclər Şuşa musiqiçilərinə məxsus fotoların sosial platformalarda geniş kütləyə çatdırılmasına təşviq ediləcək. İcra müddəti 3 ayı (fevral-may) əhatə edən layihə üçün seçilmiş fotoşəkillərin bərpası davam edir və yekunlaşma mərhələsindədir. Qeyd edək ki, ağ-qara fotoların rənglənməsi gənc qrafik dizayner Tural Hüseyn tərəfindən həyata keçirilir”.

Qeyd edilib ki, rənglənən fotolar arasında Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, Seyid Şuşinski kimi musiqiçilərin fotoları yer alıb. Sözügedən fotoların orijinalları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının dəstəyilə əldə olunub.