Rumıniya-Azərbaycan dostluğu və işbirliyi beynəlxalq münasibətlər sistemində örnək əməkdaşlığın bariz nümunələrindən biridir

Azərbaycanla Rumıniya arasındakı münasibətlər böyük tarixə, dərin köklərə və bərkimiş ənənələrə dayanır. Diplomatiya tariximizi incələsək onda bu münasibətlərin tarixin orta çağ dönəminə gedib çıxmaqla, azı yeddi yüzillik bir tarixi olduğunu söyləyə bilərik. 1473-cü ildə Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənlə Moldova knyazı Böyük Ştefan arasında müttəfiqlik haqqında müqavilə bağlanmışdır ki, bu hadisəni ikili münasibətlərimizin başlanğıcı kimi qəbul edə bilərik. Tarixin sonrakı dövrlərində də bu münasibətlər davam və inkişaf etmişdir.

Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci ildin dekabr ayının 11-də tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 19-da yaradılmışdır və 31 illik tarixə malikdir. 1998-ci ilin noyabr ayının 3-də Rumıniyanın Azərbaycan Respublikasındakı səfirliyi fəaliyyətə başlamışdır Ölkəmizin Buxarest şəhərindəki səfirliyi isə 2001-ci ilin may ayinin 21-də açılmışdır. Diplomatik münasibətlər tarixində ilk dəfə olaraq 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Rumıniyaya səfər etmişdir. Rumuniyanın dövlət başçısı səviyyəsində olkəmizə ilk səfəri isə 1996-cı ilin mart ayında Prezident cənab İon İliyesku etmişdir.

 Hər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından keçən 31 illik müddət ərzində münasibətlərin inkişafı və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində böyük işlər görülmüşdür. Ölkələrimiz post sovet və post sosialist ölkələri düşərgələrinə aid ölkələrdən olduğundan, eyni zamanda yaxın keçmişdə oxşar təsərrüfat ukladlarına malik olduqlarından, ötən dövr, xüsusən də keçən əsrin 90-cı illərində bir çox sahələr üzrə oxşar problemlərdən qaynaqlanan siyasi-iqtisadi çətinliklərlə qarşılaşmışlar. Bu illər ərzində hər iki ölkə arasnda müxtəlif müqavilələr imzalanmış, ölkə başçılarının, eləcə də digər ranqlı dövlət nümayəndələrinin yüksək səviyyəli qarşılıqlı səfərləri təşkil edilmişdir.

Bu gün Qaradəniz hövzəsinin mühüm siyasi-strateji bölgəsində yerləşən hər iki ölkə arasında münasibətlərin keyfiyyət baxımından yeni müstəvidə inkişaf etdiyini görürük. Bu da təbiidir. Çünki, Rusiya Ukrayna müharibəsinin doğurduğu yeni reallıqlar, ənənəvi təchizat zəncirinin qırılması yeni çağırışlar ortaya qoymaqdadır. Bu gün enerji daşıyıcılarına tarixində heç bir zaman olmadığı miqyasda ehtiyyac duyan Avropa üçün yeganə dayanıqlı və etibarlı enerji qaynağı Azərbaycandır. Eyni zamanda ölkəmiz yaxın perspektivdə Mərkəzi Asiyanın enerji mənbələrinə Avropanın çıxışını etibarlı şəkildə təmin etməyə qadir tranzit ölkədir. Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin son 30 il ərzində həyata keçirdikləri xarici siyasət bu gün dövlətimizin sözü ilə əməli üst-üstə düşən ölkə imicini qazanması ilə sonuclanmış, onu dost ökələr üçün etibarlı tərəfdaşa çevirmişdir. Böyük karbohidrogen ehtiyyatlarına malik ölkəmizdə həyata keçirilmiş uğurlu neft və nəqliyyat xətlərinin diversifikasiyası siyasəti nəticəsində ölkəmiz bu gün bir növ Avropa üçün enerji nəfəsliyinə çevrilmişdir. Ölkəmizin Mərkəzi Asiyanın türk respublikaları ilə əlaqələrinin möhkəmləndirməsi və Vətən Müharibəsində qazanılmış tarixi Zəfərdən keçən dövr ərzində daha da dərinləşdirilməsinə nail olması Türk dünyasının gücünə güc qatmaqla yanaşı, Türk Birliyini artıq beynəlxalq güc səviyyəsinə yüksəltməkdədir.

 Vətən Müharibəsində qazanılmış Zəfərdən sonra ölkəmizin beynəlxalq nüfuzu artmış, mövqelərimiz hər keçən gün daha da möhkəmlənmiş, müttəfiqlərimizlə işbirliyimiz genişlənmiş, daha çox ölkə bizimlə dostluq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bəyan edirlər.

Son aylar, xüsusən yanvar ayı ərzində ölkəmiz fəal xarici siyasət yürütmüş, diplomatik təmasların sayı artmışdır. Bu mənada Şərqi Avropa və Balkan bölgəsi ölkələri ilə müşahidə olunan fəal diplomatik təmaslar diqqət mərkəzində olmaya bilməz. Çox qısa zaman fərqi ilə Serbiya Respublikasının

Prezidentinin ölkəmizə səfəri, möhtərəm cənab Prezidentimizin Macarıstan Respublikasına səfəri və nəhayət Rumuniya Prezidenti cənab Klaus Yohannisin ölkəmizə səfəri olduqca əhəmiyyətli olmaqla aparılmış müzakirələrdə əldə edilmiş razılıqlar, imzalanmış sənədlər gələcək iki tərəfli və regional əməkdaşlıq üçün yeni imkanlar açır. Bu səfərlərin və keçən aydakı diplomatik trafikin təhlili deməyə əsas verir ki, Şərqi Avropa və Balkan ölkələri bu gün ölkəmizə münasibətdə təkcə artan enerji daşıyıcılarına olan ehtiyacı qarşılamaq maraqlarından deyil, eyni zamanda Avropaya yönəlmiş Xəzər hövzəsi regionunun enerji ixrac sistemində tranzit ölkə olmaq maraqlarından çıxış edir və bu məsələdə fəal oyuncu olmaq niyyətindədirlər.

Azərbaycan Respublikası ilə Rumıniya arasındakı münasibətlər 2009-cu ildən etibarən Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu gün hər iki ölkə bir çox regional və beynəlxalq strateji layihələrdə tərəfdaşdırlar. Hər iki ölkələr arasındakı diplomatik münasibətləri keyfiyyət meyarına görə təhlil etsək onda Rumuniya Azərbaycan dövlətlərarası münasibətlərinin 2022-ci ildə keyfiyyətcə yeni çalarlar əldə etdiyini söyləyə bilərik. 2002-ci ildə Azərbaycan Prezidenti Buxarestə səfər etdi. Həmin səfər zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Sazişi Qara dəniz hövzəsi ölkələri arasında enerji sahəsində əməkdaşlıqlarında yeni dövrün başlanğıcı kimi dəyərləndirə bilərik. Həmin səfərdən demək olar ki, heç bir il keçməmiş Rumuniya Prezidenti cənab Klaus Yohannisin ölkəmizə səfəri strateji tərəfdaşlığı dərinləşdirməsi, mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrası, enerji, ticarət və. s. sahələrə sərmayə qoyuluşunun artırılması, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa töhvələrin verilməsi baxımından olduqca əhəmiyyətlidir. Cari ilin yanvar ayının 1-dən ölkəmizin Rumıniyaya əlavə qaz ixracına başlanması əməkdaşlığımızın yeni səhifələrindəndir. Qarşıdakı perspektivdə Rumuniyanın enerji şirkəti olan “Romgaz”la “Socar” arasında 2023-cü il aprelin 1- dən 2024- cü il aprelin 1-dək yeni müqavilə imzalanmasının nəzərdə tutulması münasibətlərdə davamlılığın və dövrü inkişafın əsas prioritertlərdən olmasının təzahürü hesab oluna bilər. Busəviyyəli əməkdaşlıq həm də Rumıniyanın Xəzər qazından istifadə imkanlarını genişləndirəcəkdir. Rumıniyanın bölgəmizə yönəlik siyasi- iqtisadi maraqlarının təhlilindən çıxan əsas nəticə odur ki, bu olkə ölkəmizdə istehsal olunan qazın Avropa bazarlarına ötürülməsində əsas rolu oynamaqda olduqca maraqlıdır. Yaxın perspektivdə Rumıniyanın Xəzər dənizindən elektrik enerjisi almaq niyyətində olması gələcəkdə hər iki ölkə münasibətlərinin beynəlxalq münasibətlər sistemində örnək əməkdaşlığa çevriləcəyindən xəbər verir.

 Qeyd edilənlərdən çıxış edərək, Rumuniya Prezidenti cənab Klaus Yohannisin ölkəmizə səfərinin nəticələrini aşağıdakı məqamlar üzrə qeyd edə bilərik:

• Hər iki ölkə arasında əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulmuşdur;

• Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini

strateji tərəfdaşlıq əsasında inkişaf etdirir;

• Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır;

• Azərbaycan qaz ixracatını sürətlə artırır;

• Münasibətlərin gələcək inkişafı ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə imkanlar yaradacaq;

• Bu zəmində energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır;

• SOCAR-ın Rumıniyada fəaliyyəti uğurlu əməkdaşlığın bariz nümunəsi hesab oluna bilər;

• Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir.;

• Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı

idi;

• Əməkdaşlığın nəqliyyat platforması münasibətlərdə yeni mərhələdir.

Əliabbas Salahzadə

Milli Məclisin deputatı