"Rus qoşunları yolu kəsərək Azərbaycanın monitorinq keçirməsinə imkan vermir" - Deputat

“Ermənistan Azərbaycana qarşı terrorun ən müxtəlif formalarını həyata keçirib və bu gün də həmin terror aksiyasını davam etdirməkdədir. 44 günlük müharibədən sonra ermənilər Azərbaycana qarşı humanitar-mina terroru ilə yanaşı, torpaqlarımızı talan edərək ekoloji terror aktlarını həyata keçirməkdədir. Bu işdə isə Rusiya hərbi kontingenti separatçılara Azərbaycanın ekosisteminə qarşı həyata keçirdiyi ekoterrora şərait yaradır.  Azərbaycan öz torpaqlarında həyata keçirlən ekoloji terroru araşdırmaq məqsədi ilə həyata keçirmək istədiyi monitorinq ciddi maneələrlə üzləşib. Belə ki, Azərbaycanın müvafiq  qurumları Qarabağdakı faydalı qazıntıların həyata keçirildiyi ərazilərə buraxılmayıb”.

Sabahinfo.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq ekoloqların, ictimai fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasını şərh edərkən deyib.

Onun sözlərinə görə, hər hansı bir dövlətdə ekoloji tarazlığın pozulmasına yönəldilən terror aktları ekosidin tərkib hissəsi olub, ekoloji problemlərin yaradılması məqsədini güdür.

“Hər hansı bir ölkə və yaxud şəxslər tərəfindən bilərəkdən digər ölkənin təbiətinə, flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə vurulan ziyan ekoloji terror hesab edilir.
1988-ci ildən başlayaraq ermənilərin və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan müharibə, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması ilə nəticələnən, şəhər və kəndlərin dağıdılmasına, dinc əhalinin soyqırımına, eyni zamanda, bitki və heyvanlar aləminin məhv edilməsinə səbəb olub. Hərbi münaqişə və müharibə yalnız Azərbaycan ərazisində aparıldığından atmosfer, su mənbələri və torpaqlarımız bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb. İndi isə faydalı qazıntıları vəhşicəsinə istismar etməklə ekosistemimizə ciddi zərbələr vurub terror akti həyata keçirməkdədirlər”, - o qeyd edib.

Deputat əlavə edib ki, narahatedici məqam sülhməramlı adı altında   Qarabağda yerləşən Rusiya hərbi kontingentinin bu prosesdə üzərinə düşən missiyanı icra etmək əvəzinə separatçılara dəstək verib, onları himayə etməsidir: “Rusiya hərbi kontingentinin əsas missiyası dayanıqlı sülhün təmin edilməsi üçün zəmin yaratmaq və icmalar arasında etimad mühiti yaratmaq olsa da, onların fəaliyyəti bölgədə gərginliyin davam etməsinə xidmət edir. Elə son günlərdə Azərbaycanın müvafiq dövlət qurumlarının Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı keçirilən monitorinqə şərait yaratmaması bunun bariz nümunəsidir. Buna etiraz olaraq Azərbaycanın vətəndaş cəmiyyətinin nümayənədləri, ekoaktivistlər, media nümayəndələri  Xankəndi-Şuşa yolunda  aksiya keçirməyə başlasa da, özlərini sülhmərmalı hesab edən Rusiya qoşunları nə onların irəli sürdüyü tələblərini yerinə  yetirmək istəmir. Rus qoşunları yolu kəsərək Azərbaycanın müvafiq dövlət qurumlarının nümayənədlərini faydalı qazıntı yataqlarında monitorinq keçirməyə imkan vermir. Hesab edirəm ki, Azərbaycan tərəfi sülhmərmalılar qarşısında konkret tələb qoymalı və vaxt verməlidir. Əgər onlar üzərlərinə düşən missiyanı icra edə bilmirsə, hərəkətlərin uyğun adekvat addım atılmalıdır”.