“Ruslar bacarmırsa, Azərbaycan bu missiyanın öhdəsindən layiqincə gələr”

“Martın 5-də Laçın- Xankəndi yolundan kənar gizli yollardan istifadə edərək rus hərbi kontingentinin  müvvəqəti nəzarətində olan ərazilərə silah-sursat daşıması bir daha sübut etdi ki, ermənilər bölgə üçün ciddi təhdid mənbəyi olaraq qalır. Onlar sülhün bərqərar olmasında deyil, gərginliyin davam etməsində maraqlıdır. Üzərinə bölgədə sülhün təmin olunması missiyasını götürən rus hərbiçilərinin də onlara şərait yaratması da onu deməyə əsas verir ki, Rusiyada bölgədə sülhün əldə olunmasında maraqlı deyil”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Mahir Abbaszadə deyib. Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndinin tələbinə əsasən Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərinə qanunsuz erməni hərbi birliklərinin, terrorçuların və separatçıların tərksilah edilməsi ilə paralel şəkildə yerləşdirilməli idi. 

“Yəni rus sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində qərarlaşanda həmin ərazilərdə heç bir erməni silahlısı olmamalı idi. Amma biz bunun tam əksinin şahidi olduq. İki ildən artıq vaxt keçməsinə baxmayaraq cinayətkar erməni hərbçilər, terrorçular hələ də Azərbaycan ərazilərindədir. Onlar nəinki zərərsizləşdirilib, əksinə, qanunsuz fəaliyyətlərinə geniş imkanlar yaradılıb. Bölgəyə davamlı olaraq terrorçular və onları təmin etmək üçün silah-sursat daşınır. Bunun nəticəsində də həmin terrorçu quldurlar davamlı olaraq təxribatlar törədirlər. Martın 5-də baş verən növbəti təxribat Üçtərəfli bəyanatın 4-cü bəndi icra olunmamsının bariz nümunəsidir. Artıq Azərbaycanın müvafiq rəsmi qurumları da üzərinə düşən missiyanı yerinə yetirmədiyi üçün iradını bildirib və onlardan hərbi cinayətkarları ərazidən çıxarılmasını tələb edib”, - o vurğulayıb.

O əlavə edib ki, rus sülhməramlıları üzərlərinə düşən vəzifəsini icra edə bilmirsə, Azərbaycan bu missiyanın öhdəsindən layiqincə gələ bilər: “Necə ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların 30 ilə yaxın icra edə bilmədiyi qətnamələrin icrası ilə bağlı məsuliyyətini üzərinə götürüb qısa müddətdə həyata keçirdisə, bu missiyanı da yerinə yetirmə, ermənilərin təhlükəsizliyini təmin etməyə hazırdır. Və buna heç kimin şübhəsi olmasın. Nə qədər gec deyil, Rusiya Üçtərəfli bəyanatın bəndlərinə uyğun olaraq üzərinə düşən missiyanı yerinə yetirib,  Azərbaycan ərazilərinin  erməni terrorçularından təmizləməlidir”.

Deputat onu da bildirib ki, Azərbaycan indiyədək istənilən revanşist və təxribatçı hərəkətlərin qarşısını yerindəcə alıb və bundan sonra da alacaq: “Revanşistlərin başını qaldırmağa imkan verməyəcək, onların başına dəmir qapazı endirəcək. Baş qaldıranın başı əziləcək. Kimsə bunun qarşısını ala bilməyəcək.  Azərbaycan martın 5-də antiterror əməliyyatı zamanı şəhid olan hərbçilərimizin qisasını yerdə qoymayacaq. Bunun layiqli cavabını verəcək”. 
Deputat onu da qeyd edib ki, Ermənistanın Xankəndi-Xəlfəli-Turşsu  yolunda törətdiyi təxribat bir daha  Azərbaycanın qısa zamanda sərhəd nəzarət-buraxılış rejiminin tətbiqinin zəruriliyini ortaya qoymuş oldu: “Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin tətbiqi həm sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə, həm də sülhün daha tez əldə edilməsi baxımdan uyğundur”.