Sahibə Qafarova Moskvada Heydər Əliyevin yubileyi münasibətilə keçirilən rəsmi qəbulda çıxış edib

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil edilmiş rəsmi qəbulda çıxış edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İştirakçıları salamlayan Sahibə Qafarova Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş belə gözəl tədbirlərin Moskvada keçirilməsini Azərbaycan xalqının böyük liderinin xatirəsinə, bütün Azərbaycan xalqına səmimi hörmətin təzahürü kimi dəyərləndirib.

Spiker Sahibə Qafarova Heydər Əliyevin şəxsiyyəti, onun xidmətləri, nailiyyətləri, fəaliyyəti barədə, Azərbaycan və Rusiya arasında əməkdaşlığın möhkəmləndirilməsindəki rolu haqqında söylənən xoş sözlərə görə minnətdarlığını bildirib, keçirilən sərgilərin ulu öndərin bütün xalq və ölkə üçün, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçün gördüyü işlərin miqyasını bir daha nümayiş etdirdiyini vurğulayıb.

Sahibə Qafarova ümummilli liderin bütün arzularının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə həyata keçirildiyini, Azərbaycanla Rusiya arasında münasibətlərin daha da inkişaf etdirildiyini məmnuniyyətlə diqqətə çatdırıb.

Çıxışının sonunda spiker Sahibə Qafarova ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsinə görə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına, Federasiya Şurasına, TASS Agentliyinə, Heydər Əliyev Fonduna və tədbirlərdə iştirak edənlərə minnətdarlığını bildirib.

Rəsmi qəbulda çıxış edən Dövlət Dumasının sədr müavini Aleksey Qordeyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında danışıblar, onun Azərbaycan Rusiya münasibətlərinin inkişafındakı xidmətlərini qeyd ediblər.

Sonra tədbir bədii proqramla davam etdirilib.

Rəsmi qəbulda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Moskvada akkreditə olunmuş səfirliklərin nümayəndələri, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının və Federasiya Şurasının deputatları, dövlət və hökumət nümayəndələri, Azərbaycanın və Rusiyanın mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.