Seçiklərin nəticəsi son 20 il ərzində aparılan xarici və daxili siyasətə dəstəyin ifadəsidir - ŞƏRH

Seçkilər gözlənildiyi kimi Prezident İlham Əliyevin qəti və inamlı qələbəsi ilə başa çatdı. Bu, İlham Əliyevə yüksək etimadın, son 20 il ərzində aparılan xarici və daxili siyasətə dəstəyin və həyata keçirilmiş işlərə görə Prezidentə sonsuz minnətdarlığın ifadəsi idi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O qeyd edib ki, 2003-cü ildən etibarən ölkədə həyata keçirilən sistemli islahatlar xalqın həyatını köklü şəkildə dəyişmişdi. Bu müddət ərzində aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir çox beynəlxalq sənədlərdə öz əksini tapmışdı. Nəhayət 2020-ci ildə İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi və keçən ilin sentyabrında Xankəndiyə bayrağımızın asılması İlham Əliyevi istənilən seçkilərdə alternativsiz Lider etmişdi. Bu qədər böyük nailiyyətlərin müəllifi olan Prezident İlham Əliyev nəinki ölkə daxilində, həm də dünya liderləri arasında ən çox sevilən və rəğbət bəslənilən dövlət başçılarından biridir. Ona görə də xalq indi də, gələcəkdə də onu və onun irəli sürdüyü bütün ideya və təşəbbüsləri böyük mütəşəkkilliklə dəstəkləyəcək.

Deputatın sözlərinə görə, İlham Əliyevin növbəti 7 il üçün Prezident seçilməsi öz tarixinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan üçün ən uğurlu başlanğıcdır. Qarşıda Ermənistanla sülhün əldə olunması, azad olunmuş torpaqlara Böyük Qayıdış, qaçqın soydaşlarımızın Ermənistana öz doğma torpaqlarına qaytarılması kimi nəhəng vəzifələr durur. Bütün bunlarla yanaşı, Azərbaycanın dayanıqlı iqtisadi inkişafını təmin etmək və onun yaxın gələcəkdə inkişaf etmiş ölkələr sırasına çıxarılması da qarşıya qoyulan hədəflər sırasındadır. Xalq belə taleyüklü məsələlərin həyata keçirilməsini yalnız öz sınanmış lideri İlham Əliyevə etibar edə bilərdi və belə də etdi. Qarşıda bizi yeni nailiyyətlər və yeni qələbələr gözləyir.