Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə tətbiq olunan normalar müəyyənləşdirilir

Dövlət müstəqilliyinin bərpasından keçən 32 il ərzində milli qanunvericiliyin formalaşdırılması, onun yeni çağırışlara uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində davamlı fəaliyyət qurulmuşdur. Bu gün əminliklə söyləyə bilərik ki, milli qanunvericiliyimiz ictimai münasibətlər sistemini təmzimləyəbilmə imkanlarına görə dünyanın qabaqcıl ölkələri ilə eyni mövqedədir, bir çox hallarda isə mübaliğəsiz deyə bilərik ki, üstün durumdadır.

 Ölkəmizdə daim təkmilləşməyə məruz qalan qanuncericilik aktlarından biri də Şəhərsalma və Tikinci Məcəlləsidir. Demək olar ki, parlamentin hər sessiyasında bu məcəlləyə yeni dəyişikliklər və əlavələr qəbul edilir. Bu da təbiidir. Çünki, bu sahə xarakter etibarı ilə olduqca mürəkkəb olmaqla, özündə dövlət-vətəndaş münasibətlərini əks etdirir, eyni zamanda olduqca mürəkkəb mühəndis-texniki tələblərə riayət olunmasını ehtiva edir. Son həftələr ərzində Cənab prezidentimiz tərəfindən bu sahəyə aid qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair yeni Sərəncam imzalanmışdır. Cənab Prezident tərəfindən verilmiş Sərəncamla Şəhərsalma və Tikinti Məcəlləsinə əsaslı və çoxsaylı dəyişikliklər edilmişdir. Eyni zamanda, Cənab prezidentimiz tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” verilmiş Fərman olduqca mühüm əhəmiyyət kəsb edir. Bu fərman tikinti sahəsində biznes mühitinin əlverişliyinin artırılması, tikinti və şəhərsalma sahəsində prosedurların sadələşdirilməsi, mövcud tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və yenilərinin yaradılması, qanunvericiliyin icrasına nəzarətin sərtləşdirilməsi və pozuntulara görə məsuliyyətin gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Ən əsası prosedurların elektron-hökumət informasiya sisteminin transformasiyası və bu zaman ayrı-ayrılıqda mərhələlər üzrə konkret müddətin müəyyən edilməsi sahibkarların və vətəndaşların məmnunluğunun təmin edilməsinə, eyni zamanda tikinti obyekti sahibləri ilə müvafiq qurumların birbaşa təmaslarının ortadan qaldırılaraq elektron formaya salınması şəffaflığın artırılmasına xidmət edir.

 Bildiyimiz kimi, son dövrlərin ən böyük problemlərindən biri tikilmiş qeyri-yaşayış sahələri üzərində hüquqların tanınması və müvafiq sənədlərin alınması ilə bağlıdır. Hamımıza məlumdur ki, bu problemlər həm dövlət torpaqları, ən çox isə bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində inşa edilmiş obyektlərlə bağlıdır.

 Yaxın günlərdə Parlament tərəfindən bu problemin həllinə müsbət mənada kömək edə biləcək yeni dəyişiklik qəbul olundu. Bu dəyişikliyə əsasən əvvəllər bələdiyyə mülkiyyətində olan torpaqlar üzərinə inşa edilmiş, lakin sənədləşdirilə bilməyən obyektlərin altında olan torpaqların hərracdankənar satışına icazə verilməsi nəzərdə tutulur. Bu da imkan verəcək ki, artıq bir çox mübahisələr həllini tapsın. Cənab Prezidentimizin yuxarıda haqqında söhbət etdiyimiz son Fərmanında nəzərdə tutulan dəyişikliklər bu kimi problemlərin həllinə birbaşa kömək göstərir. Belə ki, həmin Fərmanın 1.4.2. bəndində Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə tətbiq olunan normalar müəyyənləşdirilir. Bundan əlavə Fərmanın digər bəndlərində müxtəlif mülkiyyət növlərinə aid torpaqlar üzərində inşa edilmiş qeyri-yaşayış binaalarına münasibətdə də yeni normalar müəyyənləşdirilir. Eyni zamanda Fərmanda aydın şəkildə müvafiq icra strukturlarının vəzifələri müəyyənləşdirilir və bu vəzifələri icrası üçün konkret müddət təyin edilir ki, bu da prosedurların qısa zaman kəsiyində həllini mümkün edir. Ümumilikdə, Cənab Prezidentimizin Şəhərsalma və tikinti sektoruna münasibətdə ortaya qoyduğu yeni yanaşma və iradə işğaldan azad edilmiş torpaqlarımıza qayıdış prosesinin geniş vüsət aldığı dövrə təsadüf edir. Bu da imkan verəcəkdir ki, yeni salınacaq şəhər və kəndlərimizdə müasir tələblərə cavab verə biləcək səviyyədə tikinti-quruculuq işləri aparılsın.

 Ümumiyyətlə, şəhərsalma və tikinti sahəsində yaradılan yeni normalar davamlı islahatların tərkib hissəsi olmaqla bu istiqamətdə gələcək hədəfləri müəyyən edir.

Əliabbas Salahzadə

Milli Məclisin deputatı