“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə yazıçı, publisist, şair Esmiralda Şükürova “Murovdan gələn...” mənsur şeirini təqdim etdi.

Esmiralda Şükürova bir çox şeir və məqalələrin, hekayə və esselərin müəllifidir.

Şeirdə balasını Murovdağdan  soruşan dərdli bir ananın fəryadı verilib. Tifağı dağılan, işıqları sönən bir ananın balasının Murovdan gələn şəhid xəbərinə yer, göy, təbiət ağlayır. 
                                     MUROVDAN GƏLƏN...
                                          (mənsur şeir)

Murovdan gələn bulud,  qanın niyə qaradır? Yoxsa sənin də qəlbin mənimkitək yaradır? Balam Murovda qalıb, bəlkə onu görmüsən? Bilə-bilə telimə bəyaz çələng hörmüsən?
 
Murovdan əsən rüzgar, niyə belə hirslisən? Yoxsa sən də mənim tək tellərini yolursan? Balam yoxsa gələcək, qəlbimi titrədirsən? Bilə-bilə ümidimi kəsib, kipriklərimdən damlaları asırsan?
Murovdan səpən yağmur, niyə gözyaşı tökürsən? Yoxsa sənin də köksün mənimki tək dağlıdır? Balam yoxsa şəhiddir, bağrımı sən sökürsən? Qara şalı sal boynuma ömrüm-günüm qaraldı. İşıqlarımı söndür, tifağım da dağıldı.
Sızlama rüzgar. Ağlama yağmur. Balamı bayrağa büküblər. Tabutu çiyinlərdə gəlir... Murovdan gələn...