Ölkəmizdə uğurla həyata keçirilən səhiyyə islahatları tibbi xidmətlər sahəsində çox mühüm dəyişikliklərə səbəb olur. İcbari tibbi sığorta sisteminin tətbiqi səhiyyənin yeni maliyyələşmə mexanizmini yaratmaqla yanaşı, tibbi xidmətlərin keyfiyyətinin artırılması, əlçatanlığının təmin olunmasına və əhatə dairəsinin genişlənməsinə stimul verir. Bu, əslində, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən strateji əhəmiyyətə malik mühüm prosesdir.
Bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin iclasında bildirib.
Deputat deyib: “Şübhəsiz ki, sosial müdafiə tədbirlərinin gücləndirilməsində xüsusilə səhiyyə sahəsində həyata keçirilən dövlət proqramlarının əhəmiyyəti olduqca yüksəkdir. Bu baxımdan, dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həm proqnozlaşdırılması, həm də icrasının nəzarətdə saxlanılması çox vacibdir. Mən 2021-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi ilə bağlı çıxışımda da bildirmişdim ki, bəzi hallarda səhiyyə sahəsində dövlət proqramlarının icrası üçün nəzərdə tutulan vəsait istifadə olunmadan dövlət büdcəsinə qaytarılır. Məsələn, “Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması” proqramı üzrə dövlət proqramı çərçivəsində 2 milyon manat büdcə ayrıldığı halda bunun yalnız 15 faizi xərclənib. Bu və digər faktlar, dövlət proqramlarının layihəsi hazırlanarkən ehtimal olunan xərclərin kifayət qədər dəqiq proqnozlaşdırılmadığını göstərir. Xərclərin düzgün proqnozlaşdırılması ehtiyac duyulan digər sahələrə vəsait ayrılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Bu baxımdan, Hesablama Palatasının da rəyində qeyd olunduğu kimi, dövlət proqramlarının gözlənilən nəticələri və effektivlik göstəriciləri mümkün qədər daha dəqiq hesablanmalıdır. Eyni zamanda, həyata keçiriləcək tədbirlər üzrə potensial risklər də dövlət proqramlarında mütləq öz əksini tapmalıdır. Bəzi dövlət proqramlarında nəzərdə tutulan məqsədlərin ümumi şəkildə əks olunması da hesab edirəm ki, bu sahədə nəzərə çarpan əsas boşluqlardan biridir. Yəni, dövlət proqramları hazırlanır, lakin sənəddə əksini tapmış hədəflərə nə dərəcədə nail olunduğu sualına təqdim edilmiş hesabatlarda əhatəli cavab verilmir.
Bundan başqa, dövlət proqramlarında müəyyən edilən hədəflərin illər üzrə göstərilməsi, onların icrasına dair hesabatlarda dövrilik məsələsinə xüsusi diqqət yetirmək zəruridir. Fikrimcə, Hesablama Palatasının rəyində də əksini tapmış bəzi qeydlər gələcəkdə dövlət proqramlarının hazırlanması və icrası, hesabatlılığın təmin olunması prosesində nəzərə alınmalıdır. Dövlət proqramları üzrə xərclərin məbləği dövlət büdcəsi ilə bağlı məlumatlarda əks etdirilməlidir ki, bu vəsaitlər başqa istiqamətlərə xərclənməsin, müəyyən edilmiş hədəflərə çatmaq mümkün olsun. Bu, həm dövlət büdcəsinin daha səmərəli istifadəsi, həm də qarşıya qoyulan hədəflərin uğurla icra olunması baxımından olduqca vacibdir”.