Serbiya ilə strateji əməkdaşlıq uğurlu şəkildə davam etdirilir

Müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmiz dünya dövlətləri ilə səmərəli və qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdə davam edir. Son dövrlərdə istər cənab Prezidentin xarici ölkələrə işgüzar və rəsmi səfərləri, istərsə də digər dövlətlərin dövlət və hökumət başçılarının Bakıya rəsmi səfərləri Azərbaycanın dünya dövlətləri ilə, xüsusilə də, ölkəmizin Avropa ilə yüksələn xətt üzrə inkişaf edən inteqrasiyasının və yaxın münasibətlərinin göstəricisidir.

Münasibətlərimizin dostluq və qarşılıqlı anlaşma üzərində qurulduğu, əlaqələrin dinamikasının çox müsbət xarakterizə olunduğu belə öklələrdən biri də Serbiyadır. Serbiya Prezidenti cənab Aleksandar Vuçiçin son günlərdə Azərbaycana işgüzar səfəri, cənab Prezidentlə görüşü və prezidentlərin mətbuata birgə dostluq və əmədaşlıq bəyanatları ilə çıxış etməsi strateji tərəfdaşlığımızı daha da möhkəmləndirmişdir.

Serbiya ilə əlaqələrimizin təməlində hər iki ölkənin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi dayanır və bu siyasət dəyişməz olaraq qalacaq. Cənab Vuçiç də sonuncu mətbuat bəyanatında bir daha vurğulamışdır ki, bu iki dost ölkəni bir-birinə qarşı yönəltmək mümkün deyil, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və bu belə də davam edəcək.

Serbiya Prezidentinin ölkəmizə səfərini cənab Prezidentin cari ilin noyabr ayında Serbiyaya səfər etməsi ilə yeni mərhələyə qədəm qoyan Azərbaycan-Serbiya münasibətlərinin davamı kimi qiymətləndirə bilərik. Cənab Prezidentin həmin səfəri zamanı Serbiya Prezidenti Aleksandr Vuçiçin hava limanında həm qarşılanma, həm də yolasalma mərasimində şəxsən iştirak etməsi, cənab Prezidentin təyyarəsinin serb qırıcıları tərəfindən müşayiət olunmasıhəm ölkəmizə, həm də şəxsən cənab Prezidentə göstərilən böyük hörmətin təzahürü, eyni zamanda Azərbaycanla strateji müttəfiqlik əlaqələrinə verilən önəmin göstəricisi idi.

Qeyd edim ki, Serbiya ilə Azərbaycan arasında hələ 2013-cü ildə “Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, 2018-ci ildə isə “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı” imzalanmışdır. Cənab Prezidentin Serbiyaya səfəri zamanı da bir sıra mühüm sənədlər imzalanmış və münasibətlərin gələcək inkişaf perspektivləri haqqında müzakirələr aparılmışdı. Ümumilikdə, Azərbaycan ilə Serbiya arasında energetika, ticarət, iqtisadi əməkdaşlıq, hərbi-texniki və müdafiə sahəsində əməkdaşlıq, sosial təminat, ekologiya, nəqliyyat, səhiyyə və bir çox başqa sahələrdə birgə əməkdaşlığa dair 50 dən çox saziş imzalanmışdır.

İqtisadi əməkdaşlıq və ticarət sahəsində qəbul edilmiş sazişlərin icrası nəticəsində iki ölkə arasında ticarət dövriyyəsinin yaxın gələcəkdə artırılması planlaşdırılır. Həm ölkəmiz, həm də Serbiya təbii resurslarla zəngin və öz təbii sərvətləri ilə müstəqil siyasət aparan ölkələridir. Avropada enerji ehtiyatlarına tələbatın artdığını və Azərbaycanın Avropanın etibarlı enerji təminatçısına çevrildiyini nəzərə alsaq son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Bu il oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilmiş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində həm Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç iştirak etmişdi və həmin tədbirdə Vuçiç Azərbaycanın enerji ehtiyatlarını və bu ehtiyatların Avropaya çatdırılmasında cənab Prezidentin fəaliyyətini yüksək qiymətləndirmişdi. Azərbaycan qazının Serbiyaya nəql edilməsi üçün imkanlar yaratdığından bu layihə Serbiya üçün də böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycanın elektrik enerjisinin də Avropaya çatdırılması üçün mühüm sənəd imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel elektrik enerjisini Avropaya nəql etməyə imkan verəcək ki, bu layihə də energetika sahəsində Serbiya ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Ölkələrimiz arasında böyük inkişaf perspektivləri vəd edən digər bir sahə də nəqliyyat-logistikadır. Şimal və Cənub nəqliyyat dəhlizlərinin, Xəzər nəqliyyat qovşağının mühüm iştirakçısı olan Azərbaycanla ərazisindən mühüm beynəlxalq tranzit yollarının keçdiyi Serbiya arasında nəqliyyat-logistika sahəsində uğurlu əməkdaşlıq ölkəmizin regionunun nəqliyyat mərkəzinə çevrilən rolunu daha da artıracaq.

Bir sözlə, Serbiya ilə bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf etdirilir. Xüsusilə, beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzü, suverenliyimizi, sərhədlərimizin toxunulmazlığını hər zaman müdafiə edən belə dost ölkələrlə əlaqələrin uğurlu inkişafı cənab Prezidentin xarici siyasətinin böyük nailiyyətidir.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov