Şərəfli və məsuliyyətli missiya

May ayının birinci ongünlüyündə cənab Prezident Qarabağ və Şərqi Zəngəzurda müxtəlif təməl qoyma, o cümlədən 10 kəndin təməlqoyma mərasimlərində, açılışlarda iştirak etmişdir. Vətən müharibəsi bitən kimi qısa müddət ərzində böyük əzmlə, tuh yüksəkliyi ilə aparılan tikin-bərpa və quruculuq işləri bir daha ölkə başçımızın, dövlətimizin iqtisadi imkanlarının, potensialının mühüm göstəricisidir. Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bunlar asan məsələ deyil. Hər qarşı mina təhlükəsi ilə dolu olan, bütün kənd və şəhərləri darmadağın olan, xarabaya çevrilən ərazilərdə qısa müddət ərzində bu qədər işlər görmək və hətta iki kəndi sakinlərini yerləşdirmək, yaşamaq, təhsil almaq, işləmək üçün şərait yaratmaq, bu ərazilərdə sosial xidmətlərə əlçatanlığı təmin etmək, Qarabağda və Şərqi Zəngəzurda beynəlxalq mədəni, idman, elmi tədbirlər, konfranslar keçirmək – bütün bunlar göründüyü qədər də asan deyil. Lakin Prezident İlham Əliyevin iradəsi, və rəhbərliyi ilə biz buna nail oluruq. Ölkə başçımızın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müraciətində dediyi kimi, “ Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır”. Nədir bu maraq? Əlbəttə ki, Vətənə dönmək, həsrətə son qoymaq, öz tarixi torpaqlarına sahib çıxmaq, qurmaq-yaratmaq, dövlətimizi, Vətənimizi daha da gücləndirmək.

Mayın 10-da Prezident, Ali Baş Komandan Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə təbrik müraciətində bildirir ki, “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır”. Bu təbrik müraciətinin məhz Şuşadan edilməsinin də rəmzi mənası var. Şuşa- mədəniyyətimizin, dövlətçiliyimizin, tarixiliyimizin, Qələbəmizin simvoludur! Çünki Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz!Ümummilli liderimiz Heydər Əliyev inanırdı və hər kəsi də inandırırdı “Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir, amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisusu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik”. Bu yalnız bir siyasətçinin, dövlət rəhbərinin deyil, həm də bir vətəndaşın Vətənə olan sevgisinin, torpağına, təbiətinə, tarixinə olan sədaqətinin ifadəsi idi. Və bu biz artıq Qarabağdayıq, Şərqi Zəngəzurdayıq!

Dünya masştabında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutmuşdur. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadan, Ulu Öndər bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 1969-1982-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalmışdır. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşmış, həyatımızın bütün sahələrində köklü islahatlar aparılmışdır. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Onun yeganə sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti adddımlar atmaqla respublikaya olan bu münasibəti dəyişəyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni işləri əsasında insanların rifah halı daha da yaxşılaşdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü Azərbaycan tarixinə siyasi, sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının oyanışına güclü təkan vermişdir.

 

Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Necə ki, 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz Ulu Öndər çatdırdı. Necə ki, Naxçıvanı faktiki olaraq işğaldan qorudu. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarıldı. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır və faktiki olaraq müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır. Necə ki, 1993-cü ildə Azərbaycanı real vətəndaş müharibəsindən, xaosdan, anarxiyadan xilas etdi. Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz vətənpərvər liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri- qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil olan cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Ulu Öndər qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır"- deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur.

Ulu Öndər Heydər Əliyev çoxsaylı güclü dövlətlərin inanılmaz təzyiqlərinə, o cümlədən, beynəlxalq təşkilatların təzyiqlərinə tab gətirə bildi. Azərbaycana “torpaqları itirdiyi reallığı" nı qəbul etmək barədə sonsuz bəyanatlar verildikdə, o bununla barışmadı, ərazilərimizin işğal olunduğunu, vətəndaşlarımızın soyqırımına məruz qaldığını sübut etmək və beynəlxalq aləmin bu həqiqəti qəbul etməsi üçün mübarizə apardı. Dahi Heydər Əliyev ölkəni çökmüş vəziyyətdən xilas etdi, vətəndaş müharibəsini dayandırdı, ölkənin iqtisadi inkişafının tamamilə dağılmasının qarşısını ala bildi və əslində ölkəni demək olar ki, xarabalıqlardan çıxardı və müstəqilliyini müdafiə etdi.

"Əsrin Müqaviləsi" də daxil olmaqla bir sıra vacib müqavilələrin imzalanması ölkənin iqtisadi əhəmiyyətini artırmağa imkan verdi. Və qısa müddətdə, ərazisinin 20%-dən çoxunun işğal olunmasına, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkünün vəziyyətinə düşməsinə baxmayaraq Azərbaycan bölgənin ən güclü ölkələrindən birinə çevrildi. Bu, əsas vəzifə idi, iqtisadi artım sayəsində Azərbaycan üçün yeni imkanlar yarandı. Əslində, ölkənin hərbi müdafiəsini sıfırdan yaratmaq, ordunun peşəkarlıq səviyyəsini gücləndirmək üçün yüksək keyfiyyətli mütəxəssislər hazırlamaq lazım idi. Bütün bunlar praktiki olaraq sıfırdan başlanıldı, heç kimin dəstəyi olmadan həyat keçirilirdi.

Ulu Öndərin başladığı bu ağır,lakin şərəfli yolu ölkə başçımız İlham Əliyev uğurla davam və inkişafetdirərək bu gün ölkəmizi tək regionun deyil, dünyanın nüfuzlu dövlətlərindən birinə çevirmişdir. Hazırda Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Ölkə başçısı İlham Əliyevin dediyi kimi “Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq”. Azərbaycanın iqtisadi imkanları artdıqca siyasi çəkisi, geosiyasi əhəmiyyəti də artır. Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirmişdir. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Cənab Prezidentin dediyi kimi, “Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, ancaq öz daxili resurslarımız hesabına yaşayaq və daxili resurslar hesabına Qarabağı, Zəngəzuru yenidən quraq”.

Bu gün ölkəmiz bir çox ölkələrin və xalqların həsəd apardığı ölkələrdəndir. Çünki, Azərbaycanda bütün azadlıqlar təmin edilir. İnsanlar azad yaşayırlar. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu da dünyada nadir bir nümunədir.Lakin hazırda bir çox ölkələrdə biz bunu müşahidə etmirik, əksinə başqa xalqlara dözümsüzlük nümayiş olunur, onların hüquqları pozulur. Bu ölkələrdən bir elə Ermənistandır. Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Ermənistan bu rəqəmlə faktiki olaraq öz faşist siyasətini göstərir. Ancaq vaxt var idi indiki Ermənistanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi, digər millətlərin nümayəndələri təşkil edirdi.

Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu yüksəlmişdir. Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın ölkəmiz rəhbərlik edir. Bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Azərbaycan Avropa İttifaqına üzv ölkələrin doqquz ilə strateji tərəfdaşdır. Son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir. Azərbaycan bütün qərarları müstəqil şəkildə qəbul edir. Ölkə başçımızın dediyi kimi, “Heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun”. Biz bu siyasəti bu platformalarda müşahidə edirik.

Bu gün 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndərin, xalqımızın, dünya azərbaycanlıların ən ümdə arzusu həyata keçmişdir. Qarabağ və Şərqi Zəngəzur azaddır. Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Ölkə başısı tarixi Zəfərimizin rəmzi olan Şuşadan xalqq müraciətində hər birimizin qarşısında mühüm öhdəlik qoydu “Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik”. Bəli, bizim hər birimizin üzərinə böyük məsuliyyət düşür,bu vəzifəni birlikdə, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərəkyerinə yetirəcəyik!

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

professor Hicran Hüseynova