Şərqdə ilk dəfə öz mənzilində “Qadınlar klubu” yaradan qadın

(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik)

Bəzi cəsur qadınlarımızın həyat və yaradıcılığı çox az tədqiq olunub. Onların gördüyü işlərin xronoloji ardıcıllığı ya tam deyil, ya da tam olaraq əldə deyil. Belə qadınlarımızdan biri də Ceyran Bayramovadır (1896-1987). O Ceyran Bayramova ki, Şərqdə ilk dəfə olaraq öz mənzilində “Qadınlar klubu” yaradıb. O Ceyran Bayramova ki, kabus dolu illərin ağırlığını öz zərif çiyinlərində daşıya bilib. O, ötən yüzilliyin 20-ci illərinin kübar Bakı mühitində aktiv ictimai fəaliyyəti, siyasi dairələrdə qadınlar mövzusunun ən müxtəlif aspektlərdə müzakirəçisi, onların hüquqlarının müdafiəçisi kimi adından tez-tez söz açdıran şəxsiyyət olub.

Qeyd etdiyimiz kimi onun həyat və yaradıcılığı ilə bağlı çox az bilgilərə sahibik. Ceyran Şirin qızı Bayramova 22 mart 1896-cı ildə Qubanın Zərqova kəndində doğulub. İlk təhsilini isə Bakıda Rus-Tatar Qız Məktəbində alıb. Sonra isə şəhərdəki ünlü Qızlar Gimnaziyasından da məzun olub. Təhsil almağı o, özü üçün ən vacib şərt hesab edirdi. Ali təhsil almaq üçün ilk növbədə Rusiyaya getməyi nəzərdə tutmuşdu. Amma istədiyinə nail ola bilmədi. Çünki o dövrün çaxnaşmaları getdikcə sərt bir gedişat alır və bununla da, 1917-ci ilin inqilabi hadisələri onun bu arzusunu ürəyində qoyur...

Gənc qızın arzuları...

Ceyran xanım gimnaziyanı bitirdikdən sonra ictimai fəaliyyətə atılır. Həm də o, ailə həyatı qurduqdan sonra taleyini də həmişəlik Bakı ilə bağlayır, fəaliyyətini də elə paytaxtda genişləndirir. 1920-ci ildə qadınlarla bağlı ilk ictimai qurumlardan (klub) biri açılır. Bu klub Ceyran xanımın qaynı, (o dönəmki siyasi üslubla desək), inqilabçı Əli Bayramovun adını daşıyır. Gənc Ceyran Bayramova da xüsusi fəallıq göstərərək klubun fəaliyyətinin genişlənməsinə nail olur. Bu klub Bakı şəhəri və yaxın rayonların qadınlarını fəal ictimai həyata cəlb etmək üçün fəaliyyət göstərirdi.

30 may 1921-ci ildə o zamankı Xalq Maarif komissarı Dadaş Bünyadzadə qurumla bağlı müvafiq Sərəncam verir. Sərəncamda klubun fəaliyyət perspektivləri barədə xüsusi vurğular vardı. Qadın Klubu yeganə nümunəvi müəssisə kimi xarakterizə olunur, Xalq Maarif Komissarlığının nəzdində olduğu bildirilirdi. O da vurğulanırdı ki, heç bir digər idarələr nə inzibati, nə maliyyə, nə də təşkilati baxımdan klubun işinə qarışa bilməz. Klubun idarə heyətinə təklif edilirdi ki, onlara aid bütün məsələlər üzrə Xalq Maarif Komissarlığına müraciət etsinlər.

Bir sözlə, işləmək, qeyd olunan sahədə fəaliyyət göstərmək üçün yetərincə münbit ortam var idi. Ceyran xanım da bu imkanlardan maksimum yararlanmaqla ətrafına fəal qadınları toplamağa başlayır. O, qısa bir müddətdə gözlədiyindən də artıq nəticəyə nail olur. Klub fəallarının sırasını və fəaliyyət istiqamətlərini yetərincə genişləndirə bilir.

Fərqli insan obrazının yaratdığı tablo

Ceyran xanım Bayramova qadın azadlığının miqyasının böyüdülməsi, onların təhsilə cəlb olunması, idarə və müəssisələrdə çalışması üçün münbit ortamın yaradılmasında ciddi xidmətlər göstərirdi. O, qadınlarla bağlı qurultay və toplantılarda hər zaman ön sıralarda yer alardı. Ceyran Bayramova danışığı ilə insanların yaddaşına fərqli obrazlarda həkk olunardı... – gah ötkəm bir danışığın sahibi kimi, gah bir ana, gah bir həyat yoldaşı, gah da bir siravi qadın kimi... Bəzi insanlar isə onun obrazını daha fərqli görürdü – bir az özündənrazı, bir az da liderlik iddiasında olan qadın kimi. Həm də bu qadın öz geyimindən və saç düzümündən də söz açdırardı. Bütün bu sadaladıqlarımızın fonunda o yalnız bir görkəmdən bizə boylanırdı. O da qadın azadlığı carçısı olması idi...

Ceyran Bayramova gərgin fəaliyyəti ilə hətta mətbuatın da diqqətini öz üzərinə çəkir. Onunla və ətrafında olan əsl məsləkdaşları ilə bağlı yazıların, məqalələrin dərc olunması onların fəaliyyətini daha geniş arenaya tanıdır.

Ceyran Bayramova və klubun əsas sütunlarından sayılan Mina xala, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova başda olmaqla, klub rəyasət heyətinin bir neçə fəalı qərara alır ki, qadınları kluba cəlb etmək üçün cari sosial çalışmalardan başqa, onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb etmək vacibdir. Beləliklə, bu işin təməlini qoyurlar. O qadınlar həyat yoldaşları və atalarından gizli şəkildə evdən öz tikiş maşınlarını kluba gətirir və kiçik tikiş emalatxanası təşkil edir. Bir neçə gündən sonra elə həmin qadınlar, birinci olaraq savadsızlığın ləğv edilməsi kurslarına yazılır...

Bu fəaliyyətdən bir neçə ay sonra ilk müdavimlər imtahan verməli idi. Bu zaman şayiə yayılır ki, yaxşı qiymət alanları kəndə işə göndərəcəklər. Öncələr bu həyəcan doğurur, lakin sonra təşəbbüskarlar tapılır. Onlar idrak edir ki, burada qorxulu heç bir şey yoxdur. Qadınlar həyəcanla deyirdi: “Kluba gəldik, emalatxana təşkil etdik, çadranı çıxartdıq, savadsızlığımızı ləğv etdik, bəs sonra? Axı, digər qadınlara da kömək etmək lazımdır”. Beləliklə, məzunların birinci qrupu böyük inqilabi işə - azərbaycanlı qadınların cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə nail olmaq üçün respublikanın qəzalarına yollandı. Mina xala Şamaxı qəzasına, Məsmə Məmmədova Xızıya, Tahirə Ələkbərova Göyçay qəzasına, Xanım Ağayeva Lənkərana, Bilqeyis Əsgərli Qubaya, Xanım Əliyeva Naxçıvana, Hökumə Məmmədova Şuşaya yollandı. Yerlərinə çatan kimi, onlar qızğın surətdə fəaliyyətə başladı...

Uzaq sahillərdən boylanan uğur

Yeri gəlmişkən qeyd edək ki, Ceyran xanımın və klubun artan nüfuzu geniş bir miqyası əhatə etməyə başlayır. Bu zaman xarici ölkələrdən də onların fəaliyyətinin əhatə dairəsini görmək üçün gələnlər olur. Bunlardan biri alman siyasətçisi, qadın hüquqlarının müdafiəçisi Klara Setkinin (05.07.1857–20.06.1933) də qulağına çatır. O, şəxsən 1924-cü ildə bu fəaliyyəti görmək üçün Bakıya gələrək, klubun fəalları ilə görüşür. Bu qadın azadlığının daha geniş məsafələri aşa biləcəyinin bariz nümunəsi idi.

Klara Setkin eşitdiklərini öz gözləri ilə də gördükdən sonra təsirlənərək qadın klubunu “inqilabi qüvvələrin toplanış məntəqəsi” adlandırır. Qadın hüquqçusu həm də o dövrdə çap olunan “Qafqaz od içində” kitabında bu klubdan da şövqlə bəhs edir.

Ceyran Bayramova 1929-cu ildə Bakıda Azərbaycan Qadınlarının I Qurultayında iştirak edir. Bu qurultayda qadınlar, onların ictimai fəaliyyəti, təhsil və iş ortamının yaxşılaşdırılması, müəyyən idarə və təşkilatlarda vəzifələrə cəlbi yönündə təsirli çıxış edir. Onun istər iş, istərsə də şəxsi həyatı, gözəl ailəsi və övladları başqa qadınlara örnək kimi göstərilirdi. Çoxları onu öz idealı kimi görürdü. Amma bu o qədər də uzun sürmədi... zamanın gərdişi dəyişdi və ox yaydan çıxdı... Ceyran xanım üçün ağır günlər başladı. Qara buludlar onun başının üstünü elə bir bürüdü ki...

Sürgün həyatının ağırlığı

Hər zaman böyük salonlara xitab edən, ötkəm çıxışları ilə yaddaşlarda qalan, qadın hüquqların müdafiəsi üçün fədakarlıqlar edən Ceyran Bayramova da sürgün həyatını, məhkumluq qürbətini yaşamalı olur...

Belə ki Ceyran xanımın həyat yoldaşı Oruc Bayramov 1935-ci ildə Xalq Daxili İşlər Komissarlığı tərərəfindən əksinqilabi təbliğat aparmaqda günahlandırılaraq həbs edilir, 31 iyul 1937-ci ildə güllələnir. Və bundan sonra Ceyran Bayramovanın adı “qara siyahı”ya salınır.

Bütün parlaq ideyalarında, “sosializm quruculuğu” yolundakı fədakarlıqlarına baxmayaraq, onun da aqibəti bir zamanlar “əksinqilabçı”, “müsavatçı” kimi qarşı cəbhədə sandığı qadınların taleyi ilə eyni oldu. O da “xalq düşməni”nin həyat yoldaşı kimi sürgün həyatı yaşadı, ağır məşəqqətlər, təhqir və təzyiqlər gördü...

Məhbus ... susqun qadın…

və yaxud ananın 8 illik ayrılıq fəryadı

Bəli, Ceyran Bayramova “Vətən xaini”nin, “Xalq düşməni”nin həyat yoldaşı kimi öz müdafiəçilərini də “yeyən” mənfur rejimin “Xüsusi Müşavirəsi”nin 08 sentyabr 1937-ci il qərarı ilə (cəzasını islah-əmək düşərgəsində çəkməklə) 8 il müddətinə azadlıqdan məhrum edildi, Qazaxıstanın Akmola həbs düşərgəsinə göndərildi. Həbs edilərkən ailə tərkibi, azyaşlı uşaqları və uzun illik fəaliyyəti qətiyyən nəzərə alınmadı. O, arxasında 9, 10 və 13 yaşlarındakı oğlanları Aydın, Fərid və Əlini, eləcə də 3 yaşlı qızı Naziləni taleyin hökmünə buraxıb getməli oldu. Daha doğrusu, buna məcbur buraxıldı. Bətnində iki aylıq körpə daşıyan ana dözülməz əzablara düçar olundu...

Ona və digər məhbus qadınları uzaqlara sürgünə aparan yollar, bir də 8 ilin tamamında da geri qaytardı... Respublika Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 dekabr 1955-ci il tarixli qərarına əsasən ona bəraət verildi. Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatıldı. Susmadı, dayanmadı! Fəalliyyətini sanki durduğu yerdən davam etdirmək istəyən qadının fəaliyyətləri mükafatlandırıldı da – öz dövrünün yüksək ordenləri ilə təltif edildi.

Qadın azadlığının, maariflənməsinin carçısı olan Ceyran xanım 1987-ci ilədək yaşadı. Uzun bir ömür sürdü. Qəlbində yaşadığı illərin kədər, nisgil və acı xatirələrini daşıya-daşıya yaşadı. O, zamanında bir çox qadının gur səsinə çevrilmiş, qadın azadlığının carçı kimi şöhrətlənmişdi. Ruhu şad olsun!