Səttar Möhbalıyev: “Heydər Əliyev Azərbaycan xalqının yaddaşında xilaskar lider kimi əbədi yaşayacaq”

“Azərbaycanın şanlı tarixini şərəfləndirən həm də xalqının tarixində dərin iz buraxmış şəxsiyyətlərdir. Həmin insanlar yalnız xalqını düşünmüş, onun müstəqilliyi, azad, sərbəst dövlətdə yaşaması üçün çalışmış, Vətən analyışını ən ali dəyər hesab etmişlər, bu yolda yorulmadan mücadilə aparmışlar. Hər zaman dünyada öz müdrikliyindən bəhs etdirmiş xalqımız isə onun taleyində mühüm rol oynamış həmin şəxsiyyətlərin adını daim uca tutub, tarixinin ən şanlı səhfələrində qızıl həriflərlə həkk edib, ideyalarını qoruyaraq gələcək nəsillərə ötürüb. Onların ideyalarının ana xəttini isə xalq və Vətən analyışları təşkil edib. Məhz xalqımızı yaşadan, zamanın ağır sınaqlarından üzüağ çıxaran, ona xoşbəxt həyatı bəxş edən də həmin idealardır ki, bu gün də xalqımızın milli sərvəti kimi qorunub saxlanılır. Belə dahi şəxsiyyətlərdən biri də gördüyü misilsiz işlərlə xalqının əbədi olaraq ümummilli liderinə çevrilmiş Heydər Əliyev fenomenidir. Bir insan olaraq Heydər Əliyevin düşüncələrinin, fəaliyyətinin mərkəzində yalnız Azərbaycan və onun müdrik xalqı var idi. O ancaq xalqı üçün yaşadı, nə etdisə xalqının xöşbəxtliyi, səadəti üçün etdi. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin, gördüyü genişmiqyaslı işlərin nəticəsi bu gün dünyada şanı-şöhrəti dillər əzbəri olan müstəqil Azərbaycandır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Heydər Əliyev hər zaman güclü, qüdrətli Azərbaycan görmək istəyirdi. Respublikamıza rəhbərlik etdiyi müxtəlif dövrlərdə kiçik uğurlarala kifayətlənməyərək daha inkişaf etmiş Azərbaycan naminə yorulmadan mübarizə aparırdı. Məlumdur ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan Sovet İttifaqında bütün göstəricilərinə görə geridə idi. Məhz onun xidmətləri sayəsində bütün sahələrdə Azərbaycanın tərəqqisi başladı, Respublikamızda sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşadı. Ölkəmizdə başdan-başa tikinti-quruculuq işləri həyata keçirildi, yeni zavodlar, fabiriklər açıldı. Həmçinin xalqın milli şüurunun oyanmasında son dərəcə əhəmiyyətli işlər gördü, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməllər müəyyənləşdirdi. Bir sözlə, milli ruhlu Heydər Əliyev imperiyanın tərkibində olsa belə, özünü hər cəhətdən təmin edə bilən, müstəqil yaşamağa hazır olan bir Respublika formalaşdırdı və xalqını inandırdı ki, o, müstəqil yaşaya bilər, suveren dövlətə sahib ola bilər. Məhz Ulu Öndərin bu ideyaları Azərbaycan xalqının milli azadlıq mücadiləsinə parlaq işıq tutdu. O, xalqının gücünə, qüdrətinə, mübarizə əzminə, intellektul potensialına tamamilə inanırdı. Əmin idi ki, Azərbaycan xalqı bir gün öz müstəqil dövlətinə sahib olacaq”, - Milli Məclisin deputatı deyib.
“Məhz bu addımların davamı olaraq ilk dəfə Heydər Əliyevin sədrliyi ilə Naxçıvan parlamenti 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın adından "Sovet Sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul etdi. Hamımıza məlumdur ki, bu işləri görmək həmin vaxt nə qədər məsuliyyətli və ağır idi. Amma Heydər Əliyevin qətiyyəti, prinsipallığı, dəmir iradəsi, həmçinin xalqına olan sonsuz məhəbbəti və müstəqillik arzuları onu heç nədən çəkindirə bilməzdi. O, xalqının azadlığı yolunda real addımlar atırdı, - S.Möhbalıyev qeyd edib.
“Müstəqilliyin ilk illərindəki Azərbaycana bir nəzər salaq, ölkədə xaos, anarxiya, vətəndaş müharibəsi, iqtisadi tənəzzül, ardıcıl cəbhədə məğlubiyyətlər, ölkəmizə qarşı xaricdən çirkin planlar və daha nələr... Xalq əmin idi ki, düçar olduğu bəlalardan onu yalnız Heydər Əliyev xilas edə bilər. Tarix Azərbaycan xalqının nə qədər haqlı olduğunu sübut etdi. Təbii ki, Ulu Öndərin Azərbaycanın taleyində gördüyü işləri saymaqla qurtarmaq olmaz, amma ümumiləşdirib onu deyə bilərik ki, o, qüdrətli bir ölkənin əsasını qoydu, onu inkişaf etdirdi, dünya dövlətləri sırasına ucaltdı və bu işləri o, qısa bir müddətdə icra etməyi bacardı. Azərbaycanı tam müstəqil dövlətə çevirdi, beynəlxalq aləmdə layiqli yerini müəyyən etdi. Bu gün özünün ən xoşbəxt taleyini yaşayan Azərbaycan xalqı Ulu Öndərə minnətdardır, onu dərin ehtiramla yad edir. Əminik ki, gələcək nəsillər də onlar üçün güclü bir dövlət quran, xoşbəxt yaşamaları naminə ideyalar müəyyənləşdirən Ulu Öndərin adını daim uca tutacaq və əbədi yaşadacaq”, - AHİK sədri qeyd edib.