Slovakiya və Bolqarıstanla münasibətlərdə yeni mərhələ

Əsrlərdən bu yana gələn təcrübə onu deməyə əsas verir ki, digər dövlətlərlə uğurlu münasibətlər qurmağı bacaran dövlətlər həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən güclü dövlət qurmağa nail olurlar. Məhz Cənab Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərindən bu günədək Azərbaycanla dünya dövlətləri arasında formalaşdırılan uğurlu dostluq və əməkdaşlıq əlaqələri ölkəmizin hərtərəfli inkişafına təkan verən başlıca səbəblərdən biridir. Sevindirici haldır ki, bu proses ildən-ilə daha da sürətli və efektli şəkildə irəliləyir.

Azərbaycanın Avropa qitəsində tərəfdaşlıq münasibətləri qurduğu mühüm dövlətlərdən ikisi də Slovakiya Respublikası və Bolqarıstan Respublikasıdır. NATO və Avropa Birliyinin üzvü olan hər iki dövlətlə də qarşılıqlı əməkdaşlıq məcrasında davam edən və il-ildən inkişaf etdirilən əlaqələr Azərbaycan üçün çox mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımış Slovakiya Respublikası ilə diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 oktyabr 2019-cu ildə fəaliyyətə başlamış, Azərbaycan Respublikasının Slovakiya Respublikasında Səfirliyi isə 28 iyul 2023-cü ildə təsis edilmişdir.

Bolqarıstan Respublikası ilə ilk diplomatik əlaqələr 1992-ci ilin iyun ayında qurulub. Bolqarıstanın Bakıdakı səfirliyi 1999-cu ildə, Azərbaycanın Sofiydakı səfirliyi isə 2005-ci ildə fəaliyyətə başlamışdır.

Qeyd olunanların məntiqi davamı kimi Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfərləri çərçivəsində Azərbaycanla hər iki ölkə arasında çox mühüm sənədlər imzalanmışdır:

- “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”;

- “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”;

- “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”.

- “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”;

- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”;

- “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

- “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”.

Heç şübhəsiz imzalanan sənədlər ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Xüsusilə “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” 2015-ci ildən strateji tərəfdaş olduğumuz Bolqarıstanla bu müttəfiqliyin gücləndirilməsi, “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” ilə isə Slovakiya ilə strateji tərəfdaşlığın qurulması Azərbaycanın Avropa qitəsindəki tərəfdaşlarının sayını artırmaqla yanaşı ölkələrimiz arasında iqtisadi, siyasi, hərbi və digər istiqamətlər üzrə əlaqələrin genişləndirilməsinə, beynəlxalq təşkilatlarda qarşılıqlı şəkildə mövqelərin dəstəklənməsinə xidmət edəcək.

Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən Slovakiya və Bolqarıstan şirkətləri ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsinə stimul verən amillərdəndir. Azərbaycan, Slovakiya və Bolqarıstanın dinamik şəkildə inkişaf edən iqtisadiyyatları və iqtisadi potensialları kənd təsərrüfatı, energetika, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq üçün çox geniş fürsətlər yaradır.

Avropanın qazla təchizatının coğrafiyasının genişlənməsinə də münasibət bildirən Cənab Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsinin icra edildiyini, Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacağını, 2027-ci ilin sonuna qədər isə təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsinin gündəlikdə olduğunu bildirdi. Ölkə başçısı, həmçinin 2023-cü ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandığını və bu minvalla Azərbaycan qazının Slovakiya bazarına da nəql edilməsi üçün yaxşı imkanlar yarandığını qeyd etdi.

Avropada Azərbaycan qazına artan tələb kontekstində qaz ixrac etdiyimiz ölkələrdən biri də Bolqarıstan Respublikasıdır ki, 2022-ci ildə 600 milyon kubmetr təşkil edən qaz nəqli miqdarı keçən il 1 milyard 250 milyon kubmetr təşkil etmişdir. İlin sonunadək isə 1.5 milyard kubmetr qazın Bolqarıstana ixrac olunması nəzərdə tutulur.

Məlumdur ki, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin ölkədir. Ancaq ən az bunun qədər önəmli olan bir məsələ də bu resurslardan müstəqil və doğru şəkildə istifadə edə bilmək imkanı və səriştəsinin olmasıdır. Dünyadakı mövcud reallıq onu deməyə əsas verir ki, onlarla geniş təbii resurslara malik ölkələr bu resurslardan öz dövlətlərinin mənafeləri naminə istifadə etmək imkanından məhrumdurlar. Keçmiş illərin həm iqtisadi, həm də siyasi göstəriciləri Cənab Prezident İlham Əliyevin rəhbərliyində dövlətimizin təbii resurslarımızdan müstəqil şəkildə, xalqın rifahı və dövlətimizin maraqları yönündə istifadə edə bildiyini göstərir.

Bolqarıstan Respublikasının Prezidenti ilə görüş zamanı digər vacib bir məqama da diqqət çəkən ölkə başçısı Azərbaycanın Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcəyini vurğuladı. Yanacaq resursları ilə yanaşı, bərpa olunan enerji resursları ilə də zəngin olan Azərbaycanın həm külək, həm də günəş enerjisindən istifadə üçün çox geniş imkanları var. Çıxışlarında bu məsələyə də diqqət çəkən Cənab Prezident Azərbaycanın yaxın gələcək üçün əsas hədəflərindən birinin yaşıl enerji istehsalı sahəsində potensialının doğru şəkildə dəyərləndirilərək ölkəmizin bərpaolunan enerji istehsalçısı və ixracatçısına çevrilməsi olduğunu vurğulayıb.

Bütün bu deyilənlər bir daha deməyə əsas verir ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyində düzgün formalaşdırılan yol xəritəsi, səmərəli və effektiv dövlət idarəetməsi, beynəlxalq münasibətlərin qurulması sahəsində doğru strategiya Azərbaycanın hərtərəfli inkişafına töhfə verməklə bərabər ölkəmizi daha böyük uğurlara doğru aparacaq.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov