Soçi görüşü - növbəti diplomatik qələbə

“44 günlük Vətən müharibəsindəki parlaq zəfərdən sonra Ermənistanın kapitulyasiya aktını imzalaması ilə Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Növbəti proseslərin istiqaməti isə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanması oldu. Bununla əlaqədar istər Rusiyada, istərsə də Avropa qitəsində keçirilmiş bütün görüşlər birmənalı şəkildə Azərbaycanın siyasi və diplomatik üstünlüyü ilə nəticələndi. Elə sonuncu dəfə Rusiyanın Soçi şəhərində keçirilmiş görüş də bu baxımdan istisna təşkil etmədi”.

Bunu Sabahinfo.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Soçi görüşündən əvvəlki proseslər və nəticə çox maraqlı məqamlarla yadda qaldı: “Təsəvvür edin ki, Ermənistan tərəfi bütün görüşlərdə olduğu kimi bu dəfə də məyus olacağını, Azərbaycanın irəli sürdüyü prinsiplərlə razılaşacağını bilirdi. Bu baxımdan da istər media, istərsə də anti-Azərbaycan düşərgəsi üzərindən görüş öncəsi psixoloji təzyiq və narahatlıq atmosferi yaratmağa çalışırdı. Əlbəttə ki, manipulyasiya və spekulyasiya tədbirləri baxımdan Ermənistanın atdığı addımlar onların vəziyyəti prizmasından normal qəbul oluna bilərdi. Bəs, görəsən Azərbaycandakı radikal müxalifətin erməni mövqeyindən çıxış etməsini necə izah etmək olar? Axı necə hələ görüş keçirilməmiş, nəticəsi bəlli olmamış Ermənistanın müxtəlif kanallarla ictimai rəyə sızdırmağa çalışdığı uydurmalar üzərindən “hipotezlər” qurub “ssenarilər” çəkmək olar? Məhz Soçi görüşü öncəsi baş verən proseslər bir daha isbatladı ki, dünya erməniliyi, anti-Azərbaycan cəbhəsi və radikal müxalifət ölkəmizin qələbəsinə ləkə gətirməyə çalışsa da, bu plan da fiaskoya uğradı. Beləliklə də, Soçi görüşü ilə Azərbaycan bir daha Ermənistanın bütün cəhdlərini neytrallaşdırdı və növbəti diplomatik qələbəsini qazandı”.

“2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatları, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyini təsdiq edən Soçi bəyanatı nəticə olaraq ərazi bütövlüyünün tanınması və Qarabağ məsələsinin arxa plana keçirilməsi baxımından tamamilə Azərbaycanın maraqlarına uyğun oldu” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Soçidə imzalanan sənəddə Praqa bəyanatında əksini tapan “bütün problemli məsələləri BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsinə uyğun həll etmək” qeydinin təkrar vurğulanması bir daha Ermənistanın görüşdən əli boş qayıtmasına, xüsusilə İrəvanın prosesləri Bakının əleyhinə çevirmək gedişlərinin işə yaramamasına işarə oldu: “Lakin bütün bunların əvəzində Azərbaycanın münasibətlərin normallaşması ilə əlaqədar əsas gündəliyi aktuallığını qorudu. Xüsusilə də, bəyanat Xankəndidəki mitinq və separatçıların gözləntiləri fonunda Qarabağa və “status”a dair heç bir ifadənin işlədilməməsi, eləcə də görüşdən öncə Paşinyanın Azərbaycanın qəbul etmədiyi “15 bəndlik rus planı”nı masaya gətirmək cəhdlərinin qarşısının alınması prizmasından da çox əhəmiyyətli oldu. Beləliklə də, Azərbaycanın irəli sürdüyü sülh müqaviləsi ilə bağlı 5 bəndlik prinsipin fundamentallığı qorundu. Həmçinin, əvvəlki üç bəyanatın yenidən təsdiq olunması bir daha sübut edildi ki, erməni qoşunlarının Azərbaycan ərazisindən tam çıxarılması, Zəngəzur dəhlizi məsələsi masa üzərindədir və arxa plana keçməyib. Nəhayət, Soçi bəyanatı bir daha göstərdi ki, ərazi bütövlüyü və sərhədlərin qarşılıqlı tanınması məsələsində Avropada qəbul edilən mövqe Rusiyada da təsdiq edilir”.