Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı rəsmi Bakının mövqeyini tam şəkildə diqqətə çatdırdı. ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğu bir daha bildirildi və növbəti dəfə Azərbaycan tərəfindən qəti şəkildə rədd edildi. Blinkenin öz köməkçisinin Azərbaycana səfərlə bağlı xahişi, Prezident İlham Əliyevin isə əsaslı şərt irəli sürməsi bir daha göstərdi ki, ABŞ öz mövqeyindən geri çəkildi və bir daha təsdiq olundu ki, heç bir qüvvə Azərbaycanla təzyiq və təhdid dili ilə danışa bilməz.
Telefon danışığı zamanı bir daha aydın oldu ki, O Brayn bir halda Azərbaycana səfər edə bilər –bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılacaq. Dövlət katibi Blinken də Prezident İlham Əliyevin bu şərtini qəbul edib. Bununla Azərbaycanın öz mövqeyində qəti və prinsipial olduğu bir daha təsdiqini tapdı. Blinkenin yanaşması da göstərdi ki, həm Konqres, həm də Dövlət Departamentinin nümayəndələri yanlış mövqedə olublar. Yəni, Ağ Ev heç də Konqresdəki dinləmələrdə iddia olunduğu kimi, rəsmi Bakı ilə münasibətlərin soyumasında maraqlı deyil. Halbuki O Brayn və Samanta Pauer kimi ermənipərəstlərin yanaşması Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Təbii ki, bu cür qərəzli yanaşmanın qarşılığında Azərbaycan səssiz qala bilməzdi.
Rəsmi Bakı haqlı olaraq ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması, “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldı və bunu adekvat cavablandırdı.
Məsələ burasındadır ki, 30 illik işğal dövründə olduğu kimi, ABŞ 44 günlük müharibə zamanı da Ermənistanın yanında idi. Təsadüfi deyil ki, ABŞ Türkiyəyə F-16-ların verilməsi üçün şərt kimi Ankaradan Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edibmiş. Halbuki ABŞ da yaxşı bilirdi ki, Türkiyə Azərbaycana yalnız siyasi və mənəvi dəstək verib. Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad edib. Bu, həm də ABŞ-ın öz müttəfiqləri ilə də təzyiq və təhdid dilində danışdığını təsdiqləyir.
Beləliklə, hadisələrin bu istiqamətdə inkişafı ABŞ-a və onun Cənubi Qafqaz siyasətinə zərbə vurdu. ABŞ-ın regionda mövqeləri zəiflədi.
Könül Nurullayeva
Millət vəkili