Sosial təminata XÜSUSİ DİQQƏT

Əhalinin sosial rifahının yaxşılaşdırılması və qorunması istiqamətində əlavə tədbirlər xüsusi diqqət mərkəzindədir. 
Dövlət başçısı üçün əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara qayğı və diqqət prioritet məsələdir. Məhz bunları nəzərə alaraq cənab Prezident İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər  haqqında” sərəncam imzaladı və Nazirlər Kabinetinə əhalinin  minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilməsi, əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı tapşırıqlar verdi.
Sənədin icrası ilə sosial ödəniş artımı, həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək.
Prezident İlham Əliyevin yeni Sərəncamı son 5 ildə artıq 4-cü sosial islahat paketinin icrasına başlanmasını, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir.
Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan  345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların tarif (vəzifə) maaşları da bir ay ərzində bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artırılması nəticəsində vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqları da artacaq. Minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min işçini əhatə edəcək. Minimum aylıq pensiya da 40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Bu artım isə 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək.
Ümumilikdə son 5 ildə sosial sahədə ardıcıl xarakter alan inqilabi sosial islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. 
Həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqı 52 faiz, orta aylıq pensiya 80 faiz, müavinət və təqaüd ödənişləri 3,5 dəfə, pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ayrılan illik vəsait 80 faiz artıb. Həmin dövrdə  əmək müqavilələrinin sayı 33 faiz (431 min) artaraq 1 milyon 741 minə çatıb, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub.
2023-cü ildə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub və bu artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.
Qeyd etməliyik ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi naminə qəbul edilən qərarlar, imzalanan sərəncamlar daimi olub. Dövlət başçımız üçün əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritetdir.
Son illər sosial-iqtisadi siyasət istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır.
Onuda qeyd etməliyik ki, 2021-ci ildə qısa müddət ərzində Qarabağda yeni infrast­ruktur layihələrinin yaradılmasının və icra olunmasının şahidi olduq. Artıq azad olunmuş torpaqlarda bərpa işlərinə baş­lanılıb. Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait də ayrılıb. Bununla yanaşı, möhtərəm Prezidentimizin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edil­miş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artma­sının dəstəklənməsi məqsədilə Qara­bağ Dirçəliş Fondu yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqti­sadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Ümumilikdə isə Qarabağda aparılan yenidənqurma və bərpa işlərini məzmunca aşağıdakı qruplara bölmək olar:
– şəhərlərin yenidən qurulması;
– enerji təminatı;
– nəqliyyat infrastrukturunun yaradılması;
– dini abidələrin bərpa olunması.
Görülən işlər təqdirəlayiqdir, hər fəaliyyət insanla­rın sosial müdafiəsinin möhkəmləndirilməsinə istiqamətlənib. Bir tərəfdən Qarabağda bərpa və yenidənqurma böyük abadlıq işləri aparılır, köçkünlərin doğma yurd-yuvalarına qayıtmaları üçün əhatəli və sürətli fəaliyyətə start verilib, digər tərəfdən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, rifahının yaxşı­laşdırılması diqqətdə saxlanır. Prezidentin imzaladığı 
“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər  haqqında” sərəncam dediklərimizin təsdiqidir.
Dövlətimizin başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin firavanlığı və çiçəklənməsi, dünya siyasi arenasında nüfuzunun və mövqeyinin möhkəmləndirilməsi istiqamətində məntiqli daxili və xarici siyasəti verilən vədlərə sadiqliyin nümunəsidir. Möhtərəm Prezidentimizin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” -- vədi özünü bütün sahələrdə doğruldur..
 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Hicran Hüseynova