Sosialist İnternasionalının solaxay bəyanatı

Konfliktoloq Rüstəm Qaraxanlı yazır...

Ötən həftə Ermənistan-Azərbaycan münasibətləri müstəvisində baş verən bir hadisə nədənsə milli mediamız və ekspertlər cameəsinin diqqətindən kənarda qaldı. Sosialist İnternasionalı yaydığı xüsusi bəyanatda Azərbaycanı “dərhal Laçın dəhlizini açmağa” çağırdı. Sosinternin bu demarşı BMT TŞ-dakı müzakirələrdən sonrakı polemikaya təsadüf etdiyindən ola bilsin, problemlə bağlı ictimaiyyətimizin fokuslandığı prioritet məhz okeanın o tayından gələn xəbərlər idi. Ancaq sol partiyaları birləşdirən və dünyanın ən köklü qeyri-hökumət qurumlarından biri olan Sİ-nin geosiyasi dəyişikliklərə təsir dairəsini nəzərə alsaq, bu olayı diqqətdən qaçırmamağımız tələb olunur. 

Bəyanatda “Sosialist İnternasionalı” sözlərini oxumasaq, adamda elə təəssürat yaranar ki, sanki Ermənistan XİN-in yaydığı növbəti press-relizlə tanış oluruq. Məsələn: “Azərbaycanın 12 dekabr 2022-ci ildən Laçın dəhlizinin qapadılmasına münasibətdəki siyasəti, 9 yanvar 2023-cü ildən Dağlıq Qarabağı təmin edən və Ermənistandan gələn yeganə yüksəkgərginlikli elektrik xəttini, 21 mart 2023-cü ildən qaz təminatını ələ keçirməsi, 15 iyun 2023-cü ildən isə tətbiq etdiyi tam blokada yerli erməni əhalisinin həyat şəraitinə faciəvi şəkildə təsir edib”. Ararat Mirzoyanın dedikləri ilə zərrə qədər fərqi olmayan bəyanatın müəllifləri sanki bütün bu müddət ərzində separatçılardan xüsusi dərslər alıblar.

Davam edək, “Sosialist İnternasionalı Lemkin adına Genosidin qarşısının alınması İnstitutu və BCM-nin sabiq prokuroru Luis Moreno Okampo kimi tanınmış beynəlxalq ekspertlər və müvafiq qurumların Dağlıq Qarabağ əhalisinə qarşı genosid təhlükəsinə dair xəbərdarlıqlarından olduqca narahatdır”. Bəyanat erməni mənbələri tərəfindən avqustun 19-da yayılıb. Güman ki, ya həmin gün, ya da bir gün əvvəl də qəbul edilib. Deməli, onun qəbul edilməsi və ictimai polemikaya buraxılması zamanı müəlliflər həm BMT TŞ-dakı müzakirələrin nəticələrindən, həm də ali beynəlxalq orqanın nə Lemkin adına institutun, nə də qalmaqallı imicli Okamponun hesabatlarını yaxına buraxmadığının fərqində olublar. Bununla belə, rəsmi Yerevandan çox “Roma papası” olmağa üstünlük veriblər. 

Belə çıxır ki, Azərbaycanın mövqeyini bu beynəlxalq qurumda müdafiə edən kimsə yoxdur. Hərçənd təşkilatda qardaş Türkiyəni ana müxalifətin əsas aktoru olan Cümhuriyyət Xalq Partiyası, türk dövlətlərini və bizə müttəfiq ölkələri çoxsaylı siyasi firqələr təmsil edirlər. Azərbaycandan isə qurumda olan ASDP-nin özünün bir partiya olaraq müqəddəratı Araz Əlizadənin vəfatından sonra naməlumdur. 

Hazırda Sosinterndə Asiyadan 9, Amerikadan 23, Afrikadan 22, Avropadan isə 34 ölkə özlərinin tamhüquqlu üzv hesab edilən partiyaları ilə təmsil olunurlar. Bundan əlavə, təşkilatda müxtəlif ölkələrdən məşvərətçi və müşahidəçi üzvlər də var. Toplam sayları 153-dür. Sosintern bu statistikaya görə mühafizəkarların və liberalların birliklərini üstələyir. Buradakı partiyaların heç də kiçik olmayan qrupu Azərbaycanın möhkəm mövqelərə malik olduğu Qoşulmama Hərəkatına üz dövlətləri təmsil edirlər. Eyni zamanda, bir sıra partiyalar da Avropa qitəsindəki beynəlxalq təşkilatlarda qəbul edilən qərarlara təsir gücünə sahibdirlər. Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilmiş qərəzli və ermənipərəst qətnamələrin hər birinin altından “qoca qitə” dövlətlərinin sol siyasi təşkilatları çıxır. Bu partiyaların neçə faizi ölkələrində hakimiyyətdədirlər? Məsələn, 2000-ci illərin əvvəllərində, sol partiyaların “paradı” zamanı bu göstərici çox ciddi idi - 2010-cu ildə Sosinternin üzvü olan 60 partiya öz ölkələrində hakimiyyətdə olublar. 

Bəs Ermənistanı Sİ-da kimlər təmsil edir? Hər birimizin yaxşı tanıdığımız daşnaklar. Bəli, bizim aqressiv separatizmi dəstəkləyən, faşist dünyagörüşünə malik partiya kimi bildiyimiz “Daşnaksütyun” əslində sol təmayüllü siyasi təşkilatdır və belə görünür ki, sosdemlərin ən iri beynəlxalq qurumunda söz sahibidir. Bir fakta nəzər salaq: ötən ilin noyabrında Madriddə təşkilatın 26-cı konqresinin gedişində daşnak David İşxanyan İspaniyanın baş naziri Pedro Sançesə “Artsax respublikası”nın xəritələri” kitabını təqdim edib. İndi Sançes Sosinternin Baş katibidir, İşxanyan isə “Artsax parlamentinin sədri”.

“Daşnaksütyun” erməni diasporu deməkdir. Xüsusilə sol ideologiyanın populyar olduğu Latın Amerikası ölkələrində daşnakların yerli hökumətlərin qərarlarına, parlamentlərin qəbul etdikləri sənədlərin mahiyyətinə təsirindən danışmaq kifayətdir. “Erməni genosidi”nin qəbul edildiyi ilk ölkələr də elə Cənubi Amerika dövlətləridir. Onların iri şəhərlərində bütöv erməni məhəllələri var. 1989-2022-ci illərdə qurumun Baş katibi vəzifəsində çalışan Luis Ayala erməni diasporunun güclü rıçaqlara sahib olduğu Çilidəndir. Digər Luis, yəni Okampo Buenos-Ayresdəki “Kiçik Ermənistan” kvartalının ən arzuedilən qonaqlarındandır. Yeri gəlmişkən, L.Ayala bir neçə dəfə Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyevlə görüşüb. 2010-cu ilin iyulunda sabiq XİN rəhbəri Elmar Məmmədyarovla görüşündə ovaxtkı Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinə toxunan Ayala konfliktin rəhbərlik etdiyi təşkilatın diqqət mərkəzində olduğunu bildirərək “Bu problem tezliklə həll olunmalıdır” kimi ifadələr işlədib. Sİ-nin tək bu deyil, əvvəlki, o cümlədən 44 günlük müharibənin gedişatında qəbul etdiyi bəyanatlarının məzmunundan Ayalanın rəhbəri olduğu partiyalar birliyinin problemin həllini necə gördüyü aydın olur. 

Sİ-nin bəyanatı əksər Ermənistan media quruluşları, hətta bir neçə separatçı saytlar tərəfindən gen-bol işıqlandırıldı. Şübhəsiz ki, bu qurumla əlaqələrdəki boşluğu aradan qaldırmaq lazımdır, ən azı beynəlxalq ictimai rəyə təsirini məhdudlaşdırmaq məqsədi ilə. Necə ki, bunu Beynəlxalq Frankofoniya Təşkilatında etmək mümkün olmuşdu. Azərbaycanın bir çox üzv ölkələrlə pozitiv əlaqələri mövcuddur, habelə Sosinternlə sıx fəaliyyətdə olan bəzi qurumlar (məsələn, Yəhudi Fəhlə Birliyi, Ümumdünya sionist fəhlə hərəkatı və s.) vasitəsilə də təşkilatdakı qərarlara təsir etmək, Qoşulmama Hərəkatındakı mexanizmləri işə salmaq olar. Yaxud, 2013-cü ildən fəaliyyət göstərən, sol cəbhədə Sosinternə müəyyən mənada alternativ olan Proqressiv Alyansla sıx işləyib, balansa nail olmaq mümkündür.