Soyqırım cinayəti insanlığın faciəsidir

Bütün tarixi dövrlərdə soyqırımı bəşəriyyətin amansız faciəsi, sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli cinayət hesab olunub. Müasir dünyada qəbul edilmiş mənasına görə soyqırım bir millətin dil, din, milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. “Soyqırım” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyası ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən hərəktlərdir. Soyqırım cinayətini müəyyən edən bütün bu hallara Azərbaycan xalqının tarixində dəfələrlə rast gəlinir. Səbəb isə odur ki, ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətlərin və soyqırımı aktlarının reallaşması ilə nəticələnmişdir. XVIII əsrdən etibarən tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmağa başlayan ermənilərin uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək planı paralel olaraq azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsasını qoymuşdur. Həmin tarixdən başlayaraq minlərlə günahsız azərbaycanlı ermənilərin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasətinin qurbanı olmuşdur. Ermənilərin azərbaycan xalqına qarşı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, Azərbaycanın şəhər və kəndlərin dağıdılması, tarixi adlarının dəyişdirilməsi siyasəti bütün XX əsr boyu da davam etmişdir.

1905-1907-ci illərə təsadüf edən ermənilərin azərbaycanlılara qarşı ilk kütləvi qırğınında Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilmişdir. 1917-ci ildə Rusiyada baş vermiş oktyabr çevrilişindən sonra öz iddialarını bolşevik bayrağı altında sürdürməyə davam edən ermənilər daha da azğınlaşmış, 1918-ci ilin martından başlayaraq Bakıda, Şamaхıda, Qubada, Xaçmazda, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrimizdə azərbaycanlılara qarşı qeyri-insani vəhşiliklər, qətllər, qırğınlar törətmiş, nəticədə 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində 10 minlərlə soydaşımız yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, yaşayış məntəqələri, milli memarlıq abidələri,məscidlər, qəbirstanlıqlar dağıdılmış, Bakının böyük bir hissəsi xarabalığa çevirilmişdir. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan 1918-ci ilin mart soyqırımında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri xüsusi rol oynamışdır. Təkcəmillimənsubiyyətinə görə, minlərlədincazərbaycanlının məhvedilməsi, qadınların, körpələrin, yaşlı insanların amansızlıqla qətlə yetirilməsi bu cinayətlərin soyqırım niyyətini sübut edir. Azərbaycana qarşı işğalçı siyasətini davam etdirən erməni vandallarının 1992-ci ilin 26 fevralında Xocalı şəhərində törətdiyi cinayətlər də öz xarakteri və ağırlığına görə BMT Baş Assambleyasının Konvensiyası ilə müəyyən edilmiş soyqırım anlayışına tamamilə uyğun gəlir.

Beynəlxalq hüquqa görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyaya əsasən iştirakçı dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməli, soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir. Lakin, çox təəssüf ki, uzun illər boyu erməni lobbisinin təsiri altında dünyanın müxtəlif dövlətlərinin və beynəlxalq təşkilatların parlamentlərində qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı məkrli siyasətyeridən bəzi dünya siyasətçiləri ermənilərin əslində soyqırım qurbanı yox, soyqırımı törədən olduğunu etiraf etmək istəmir.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım faciələrinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işini xalqımız Ulu Öndərinin rəhbərliyi ilə özü həyata keçirməyə başlamışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da böyük siyasi, tarixi və hüquqi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamış və həmin fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.

Ümummilli Lider Heydər Əliyevin dili ilə desək, bizim ermənilərdən fərqli olaraq məqsədimiz soyqırımı əsas gətirərək xaricdən özümüzə maliyyə yardımı almaq deyil, bizim məqsədimiz həqiqəti dünyaya çatdırmaqdır. Ulu Öndərin tarixi Fərmanından sonra erməni cinayətlərinin öyrənilməsi istiqamətində mühüm işlər görülməyə başlanıb, tarixi tədqiqatlar, araşdırılmalar aparılıb, çoxlu əsərlər yazılıb və xarici dillərə tərcümə olunub. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Şamaxı hadisələri ilə əlaqədar tədqiqat işləri hələ də davam olunur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə ermənilərin həyata keçirdikləri qanlı cinayətlərin coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu sübuta yetirir. Soyqırım qurbanarının aşkarlanan kəllə və digər sümüklərində insanların xüsusi qəddar üsullarla öldürülməsi erməni vəhşiliyin hüdudlarının olmadığını göstərir.

Xalqımıza qarşı edilmiş bu vəhşiliyi və cinayətləri unutmamalıyıq. Qan yaddaşımızın unudulmaması cənab Prezident İlham Əliyevin də ən çox diqqət yetirdiyi həssas məqamlardan biridir. Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Cənab İlham Əliyev həmçinin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamış və bu qanlı tarixin 100 illiyi xüsusi diqqət yetirilərək qeyd edilmişdir. Hər il həm 1918-ci il soyqırımının, həm də Xocalı Faciəsinin ildönümlərində anım mərasimləri, ümumxalq yürüşləri, tədbirlər, konfranslar keçirilir, xarici ölkələrin parlamentlərinə, hökumətlərinə, beynəlxalq təşkilatlara soyqırımı ilə bağlı onlarla müraciətlər edilir.

Azərbaycanın Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində şanlı qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi, azad edilmiş torpaqlara xarici ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və digər xarici qonaqların səfərlərinin təşkil edilməsi erməni vəhşiliyinin dünyaya çatdırılması üçün beynəlxalq ictimaiyyət və təşkilatlar qarşısında yeni imkanlar açmışdır. Biz bütün bu imkanlardan istifadə edərək erməni vəhşiliyinə beynəlxalq müstəvidə lazımi siyasi-hüquqi qiymət verilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov