Stoltenberq: “NATO Baltikyanı ölkələri xarici təhlükələrdən qoruyacaq”

NATO-nun Baş katibi Yens Stoltenberq Baltikyanı ölkələri xarici təhlükələrdən qorumaq üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

Bu barədə Stoltenberq bazar ertəsi “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Biz heç vaxt əməliyyat planlarının təfərrüatlarını paylaşmırıq. Amma sizi əmin edə bilərəm ki, biz onilliklər ərzində təhlükənin qiymətləndirilməsi fonunda mövcudluğumuzu tənzimləyərək Rusiya ilə həmsərhəd olan ölkələri qoruya bilmişik. Biz bunu əvvəllər etmişik və yenə də edəcəyik”, - deyə o vurğulayıb.

NATO Baş katibinin sözlərinə görə, Madriddə keçiriləcək NATO sammitində “kollektiv təhlükəsizliyin daha da gücləndirilməsi üçün genişmiqyaslı və mühüm qərarlar qəbul ediləcək”. Onlar blokun şərqdəki müdafiəsini köklü şəkildə gücləndirəcək, diqqəti hər hansı işğalın qarşısının alınmasından müttəfiq ərazilərin tam mühafizəsinə çevirəcəklər. İspaniyanın paytaxtında müəyyən ediləcək yeni strateji konsepsiya növbəti onillik üçün hədəflər və yanaşmalar müəyyən edəcək, həmçinin Rusiya təhlükəsinə cavab olaraq şərq müttəfiqlərinin müdafiəsi üçün xeyli genişləndirilmiş planı razılaşdıracaq.

NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclası iyunun 28-30-da İspaniyanın paytaxtında baş tutacaq. Onun iştirakçıları yeni strateji konsepsiya qəbul edəcək, ittifaqın gücləndirilməsini və qlobal iqlim dəyişikliyinin təhlükəsizlik sektoruna təsirlərini nəzərdən keçirəcəklər.