Sülh gündəliyinin və yeni əməkdaşlıq formatının müəllifi

“Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb. Təbii ki, buna əsas verən təkmil sosial-iqtisadi islahatlar, düşünülmüş və məqsədyönlü siyasətimizdir. Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə iqtisadiyyatın inkişafında neft amilinə üstünlük verdi. Malik olduğumuz təbii resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevrilən enerji layihələri Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Neft gəlirlərindən səmərəli istifadə ölkəmizin hərtərəfli inkişafına yönələn mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasını təmin edir. Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü və bu məqsədə nail olmaq üçün regionların malik olduğu imkanlardan səmərəli istifadənin vacibliyini bildirdi. Bunun üçün təsdiqlənən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsini verir. Bölgələrimiz arasında sağlam rəqabət gedərək siması tamamilə dəyişir, insanların rahat yaşayışı üçün zəruri olan addımlar atılır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfərləri ümumilikdə Regional inkişaf proqramlarının uğurlu nəticələri barədə aydın təsəvvür yaradır. Səfər çərçivəsində hər bir rayonun həyatında mühüm rol oynayacaq sosial obyektlərin açılışı, digər qismində gedən işlərlə tanışlıq sənəddən irəli gələn hər bir vəzifənin uğurlu icrasının Prezident İlham Əliyevin nəzarətində olduğunu təsdiqləyir. Məqsəd hər bir bölgənin sürətli inkişafına nail olmaq, paytaxtla bölgələr arasında fərqi aradan götürməkdir.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısı İlham Əliyevin Salyan şəhərində “ASAN xidmət” mərkəzinin açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsi həm ölkə daxilində görülən işlərə, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq saldı, Azərbaycan dövlətinin  xarici siyasətinin dəyişməz prinsipləri bir daha önə çəkildi: “İki ildən artıqdır ki, Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini edib. Ermənistanın hələ də konkret addım atmadığı diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyev müsahibədə bir daha bəyan etdi ki, İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. İki il yarım ərzində həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə bir çox önəmli hadisələr baş verdi. Azərbaycan dəfələrlə göstərib ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın. Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.”

Əliabbas Salahzadə bildirib ki, ölkəmizin niyyəti tezliklə sülh müqaviləsinin imzalanması, Azərbaycanla Ermənistan arasında qarşıdurmaya son qoyulmasıdır. Bu, regionda davamlı sülhün təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması üçün vacib amillərdən biridir. Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatının müəllifidir. Ədalətin, beynəlxalq hüququn yanında olduğunu hər bir addımı ilə təsdiqləyir.

Millət vəkili diqqəti tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinə də yönəldib: “Dövlət başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad edilmiş torpaqlarımızda öz daxili imkanlarımız hesabına görülən işlərdən geniş bəhs edərək iqtisadi gücümüzü əsaslı şəkildə diqqətə çatdırdı. İqtisadiyyatın aynası olan dövlət büdcəmizə əlavələrdən bəhs edən cənab İlham Əliyev qeyd etdi ki, bu əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq.  Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər, təhlükələr artır. Azərbaycan İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etdi. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır. İstənilən vəziyyətə hazır olmalıyıq. Əsas hədəf elə bir ordu yaratmaqdır ki, dünya miqyasında nümunəvi və ən güclü ordulardan biri olsun.”

Əliabbas Salahzadə bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsində həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu, eyni zamanda, hərbçilərimizin peşəkarlığını, öz hərbi potensialımızı göstərdik. Azərbaycan daim irəli baxır. Yeni-yeni hədəflərə nail olaraq daha da güclənir, qüdrətlənir. Möhkəm təməl ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, bütün bölgələrimiz, o cümlədən 30 illik işğaldan sonra sahibinə qovuşan torpaqlarımız cənnət məkana çevrilir.