Sülh naminə...

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Beynəlxalq platformaların dəyişməz ünvanına çevrilən Bakı ötən həftə Qlobal Bakı Forumuna qucaq açdı. Nüfuzlu beynəlxalq platforma sayılan Qlobal Bakı Forumu artıq aparıcı beynəlxalq forumlardan birinə çevrilib. Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslarla müqayisə edilə bilər.  60 ölkədən 350 nəfər iştirakçının qatıldığı tədbirdə 50-dən artıq hazırkı və sabiq prezident və baş nazirin iştirak etməsi buna sübutdur.

Müzakirələrin səviyyəsi kifayət qədər yüksək keçirildi. IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq.

Statistikaya nəzər saldıqda görürük ki, ötən il Azərbaycan ərazisindən keçən tranzitin həcmi 75 faizdən çox artıb. Bizim müasir daşımalar infrastrukturumuza tələbat heç vaxt olmadığı qədər böyükdür - dəmir yolları və avtomobil yolları mövcuddur, Xəzər dənizində ən böyük donanma və regionda ən geniş yük aviaparklarından biri yaradılıb. Biz daşımaların təhlükəsizliyinə həqiqətən də böyük töhfə vermişik. Çünki bu gün bir çox ölkənin daşımaların təhlükəsizliyinə ehtiyacı var. Onlar yeni marşrutlar axtarışındadır və həmin yeni marşrutlardan biri Azərbaycandan keçir.

Qloballaşan dünyada soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir. Azərbaycan istəmədən münaqişəyə cəlb edilir. Xronologiyaya nəzər saldıqda atəşkəsin hər zaman ermənilər tərəfindən pozulmasının, təxribatların onlar tərəfindən törədilməsinin şahidi oluruq.

Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla.

Prezident İlham Əliyevin cari ilin 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışında qeyd etdiyi kimi, biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olub. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilib.

Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik. Biz ermənilərdən fərqli olaraq soyqırımı törətmədik. Biz döyüş meydanında qisas aldıq. Hazırda sülh üçün vaxt yetişib. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik. Ölkəmizdən fərqli olaraq Ermənistan tamamilə asılı olan, digər ölkənin yaxud digər ölkələrin müstəmləkəsinə çevrilib.

Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Azərbaycan sülh istəyir. Biz hər hansı digər müharibəni istəmirik. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur.

Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir.

Bakının mərkəzində erməni kilsəsinin qorunub saxlanması buna sübutdur.

Qarabağ bölgəsində yaşayan ermənilər bilməlidirlər ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin.