Suraxanıda dəyirmi masa

Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin müavinləri və əməkdaşlar, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri, 20 Yanvar şəhidlərinin ailələri və əlilləri, eləcə də rayon ziyalıları iştirak ediblər.

Görüşdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Suraxanı RİH başçısının müavini Fuad Cəbrayılov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı zamanı ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük Zəfərin məhz Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsi olduğunu diqqətə çatdıran F.Cəbrayılov xalqımızın qəlbində Ulu Öndər Heydər Əliyevə dərin ehtiram və məhəbbətin daim yaşayacağını bildirib.

Qeyd olunub ki, faciənin səhəri günü, 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyev möhtərəm Prezidentimiz İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, həmvətənlərimiz və xarici KİV-lər qarşısında sovet rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi bu qanlı aksiyanı pisləyən bəyanatla çıxış edib.

Ulu Öndərin 1993-cü ildə respublikamıza rəhbərliyə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməklə, bu faciə zamanı şəhid olmuş insanların ailələrinin və əlil olmuş insanların sosial müdafiəsi daim gücləndirilib.

Tədbirdə iştirak edən 20 Yanvar Şəhid ailələrinin və əlillərinin problemləri dinlənilib, onlar 20 Yanvarda şəhid olan oğul və qızlarımızın xatirəsinin dövlətimiz tərəfindən daim hörmətlə anıldığını, ailələrinə hər zaman maddi və mənəvi yardımın edildiyini vurğulayıb, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

Sonra 20 Yanvar Şəhid ailələrinə və əlillərinə ərzaq yardımları təqdim olunub.