Sürücülərin NƏZƏRİNƏ: İcbari sığorta ilə bağlı YENİLİK

Azərbaycanda sığorta xidmətlərinə əlçatanlığın təmin olunması və sektorda elektronlaşmanın təkmilləşdirilməsi ilə bağlı növbəti addımlar atılıb.

ASA-dan APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu tərəfindən ölkədə sığorta sektorunun inkişafı yönündə həyata keçirilən təkmilləşdirmə tədbirlərinin növbəti mərhələsi olaraq sığorta xidmətlərinə əlçatanlığın elektron şəkildə təmin olunması ilə bağlı əsaslı tədbirlər görülüb.

Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının sığorta sektorundakı proseslərin tənzimlənməsi istiqamətində atdığı addımların nəticəsi olaraq, ölkəmizdə mövcud olan hər bir avtonəqliyyat vasitəsi sahibi 21 yanvar tarixindən etibarən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə elektron qaydada və heç bir çətinliklə üzləşmədən sığortalana biləcək.

Məlumatda bildirilir ki, hər bir sahədə olduğu kimi, sığorta sektorunda da xidmətlərin elektronlaşması müasir dövrün başlıca çağırışlarındandır. Bu reallığa əsaslanaraq atılmış müvafiq addım da sığorta proseslərinin elektronlaşmasının təkmilləşdirilməsi ilə müştəri məmnuniyyətinin təmin olunmasına və sığorta xidmətlərinin inkişafına hesablanıb.