“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Həqiqət anı kimi dəyərləndirilən bu müharibədə kimin haqqın, kimin isə şərin yanında olduğu bir daha açıqlandı. Tarixin bütün sınaqlarından şərəflə çıxan Azərbaycan-Türkiyə qardaşlığı 44 günlük İkinci Qarabağ müharibəsində bir daha dünyaya nümayiş edildi. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibə başlandığı andan dünyaya “Azərbaycan tək deyil” mesajını çatdırdı. Sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini göstərən Türkiyə dövləti və xalqı postmünaqişə dövrünün reallıqlarını da Azərbaycanla birgə qeyd edirlər. Tarixi Zəfərimizin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayan Zəfər paradından bu günədək hər bir hadisənin qeyd olunması zamanı dünya iki qardaş ölkənin-Azərbaycan və Türkiyənin Prezidentlərini birgə görür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci il 10 dekabr tarixində Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfəri çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra dövlət başçısı İlham Əliyev ilə birgə mətbuata bəyanatlarında “Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik bir yer tutur” söyləyərək onu da əlavə etmişdir ki, bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir”.
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Deputat qeyd edib ki, postmünaqişə dövrünün qürurverici hadisələrindən biri məhz 15 İyun-Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşanın Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik etməsi oldu: “İmzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyənin qardaşlığını bütün dünyaya çatdıran bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan bu sənəd iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Dövlət başçısı İlham Əliyev Şuşa Bəyannaməsini belə dəyərləndirir: “Bu, gələcək fəaliyyət üçün bir yol istiqamətidir. Biz bu yolla gedəcəyik. Gündən-günə möhkəmlənən münasibətlər, artan birgə layihələr və bizim həmrəyliyimiz, qardaşlığımız hesab edirəm ki, bu gün bütün qonşu ölkələr üçün bir örnəkdir”.
Əliabbas Salahzadə bildirib ki, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı, həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir: “İmzalanmış Bəyannamə isə Ulu Öndərlərin – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” söyləyən Mustafa Kamal Atatürkün, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” aforizminin müəllifi Heydər Əliyevin vəsiyyətlərinə sadiqlikdir. Hər bir uğurlu addım, mühüm əhəmiyyət kəsb edən tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoymaqla yanaşı, qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Şuşa Bəyannaməsi özündə arxada qalan dövrün reallıqları fonunda qarşıda dayanan hədəfləri ehtiva edir. Bu sənəd ölkəmizin beynəlxalq nüfuzunu artırır. Belə ki, Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin dünya birliyində yeri və roluna yeni əlavələr gətirəcək. Reallıq budur ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ikinci ölkələr yoxdur. Azərbaycan-Türkiyə dünyaya dostluq, qardaşlıq, müttəfiqlik nümunəsidir. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır”.
Deputat qeyd edib ki, Şuşa Bəyannaməsi mahiyyəti ilə yanaşı, imzalandığı məkan baxımından da xüsusi diqqət çəkir: “Azərbaycanın döyünən ürəyi, türk dünyasının mədəniyyyət paytaxtı Şuşanın bu dostluğa, qardaşlığa, müttəfiqliyə şahidlik etməsi özündə bir sıra mühüm məqamları birləşdirir. Bu məkandan müttəfiqliyimizin dünyaya bəyan edilməsi hər birimiz üçün qürurvericidir. Bu kimi biri-birindən mühüm addımlar sübut edir ki, bu torpaqların əsl sahibi Azərbaycan xalqıdır və daim burada olacaq. Hazırda paytaxt Bakı ilə yanaşı, Şuşa da iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir”.
Əliabbas Salahzadə vurğulayıb ki, Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ilini qeyd edirik: “Bu iki ildə zəngin tarixə malik olan Azərbaycan-Türkiyə münasibətlərinə olunan yeni əlavələrə diqqət yetirmək kifayətdir. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bu qardaşlığın təqdimatında öz sözünü deyir. Türkiyə şirkətlərinin prosesdə fəal iştirakı göz önündədir. Azərbaycan və Türkiyə Prezidentlərinin azad Qarabağın və Şərqi Zəngəzurun hava qapılarını dünyaya birgə açmaları diqqətdən kənarda qalmadı. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir. Cənab Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi ölkələrimiz arasında münasibətlərin daha da inkişafını, Şuşa Bəyannaməsinin bütün müddəalarının uğurlu icrasını təmin edəcək. Şuşa Bəyannaməsi imzalanarkən Prezident İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq onu da bildirmişdir ki, tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.