“Şuşa İli - Şuşa Zəfəri” adlı tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında  “Şuşa İli - Şuşa Zəfəri” adlı ədəbi-musiqili tədbir keçirilib.

Tədbirdə rəsmi şəxslər, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərindən bəhs edib. Bu kateqoriyadan olan şəxslərin  sosial təminatla əhatə olunuğu, onlara yönələn sosial ödənişlərdə mütəmadi artımlar edildiyi, xüsusilə son 4 ildə ildə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunduğu vurğulanıb.

Qeyd olunub ki, şəhid ailələri ilə yanaşı, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı həyata keçirilir. Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4100, ümumilikdə ötən dövrdə 13 min və fərdi ev verilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil təqim edilib. 

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə yarış və müsabiqələr, sərgilər və konsertlər təşkil edilir, onların məşğulluq və özünüməşğulluq imkanları artırılır. 

Tədbirdə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin,  tanınmış incəsənət xadimlərinin, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin ifasında vətənpərvərlik mövzusunda şeir və musiqi nümunələri təqdim olunub. 

Tədbir iştirakçıları Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin “Şuşa İli - Şuşa Zəfəri”nə həsr olunan əl işlərinin sərgisi ilə də tanış olub. Sonda iştirakçılara təşəkkürnamələr təqdim olunub.