Tarixi həqiqətlər

Bu gün biz ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı qürurlanır, bu Vətənin övladı olmağımızla fəxr edirik. Oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi. Hərbi əməliyyatlar “Dəmir yumruq”adlı hərbi döyüş taktikasının yüksək peşakarlıqla təşkili və tətbiqi nəticəsində məharətlə yerinə yetirildi.  Bununla da Müstəqil Azərbaycanın Zəfər salnaməsində yeni bir səhifə açıldı.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.
Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə vardır. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (759 h. – 1358 il) məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları mövcuddur. Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə aid etmək olar. Bu ərazilərdə XIII-XIV  əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır. Məmmədbəyli kəndindəki türbə səkkizbucaqlı şəklində tikilib və yuxarısı piramidalı günbəzlə tamamlanır. Divarları xaricdən və daxildən yonulmuş daşla çox səliqəli formada üzlənib. Türbənin sərdabə hissəsi içəridən kvadrat planda tikilib. Türbənin giriş qapısının üstündə nəsx xətti ilə yazılmış ərəbcə kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə vaxt tikildiyi qeyd edilib. Kitabədəki mətnə görə, bu, Yəhya ibn Məhəmməd əl-Həcc Seyid Əlinin türbəsidir. 
Zəngilan rayonu, eyni zamanda coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm potensialına malik olmasıdır. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşir. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək yüngül sənayedə və digər biznes məqsədləri üçün istismar edilən bu ağaclar da iqtisadi cinayətkarlığın qurbanıdır.
Zəngilan rayonu respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuşdur. İşğaldan əvvəl rayon 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir, eyni zamanda ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
İşğal ərəfəsində rayon ərazisində onlarla milli və dini-tarixi abidə dağıdılmışdır. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Dövlətimiz tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Zəngilan rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaqdır.
Zəngilan azad olunması həm də 132-km Azərbaycan–İran sərhədinin bərpası demək idi. Ali Baş Komandanın ötən ilin 20 oktyabrın tarixində xalqa ünvanlanmış müraciətində Zəngilanın Azərbaycanın tarixi əhəmiyyətə malik olduğu ərazi kimi azad olmasının da nə qədər önəmli olduğunun göstərdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin “Zəngilanın azad olunması” uğrunda medalı ərazimizin düşmən tapdağından təmizlənməsində xidməti olmuş hərbiçilərin qiymətləndirməsində böyük rola malik olmuşdur.
Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla 20 oktyabr – Zəngilan şəhəri günü kimi təsis edilib.
Bu gün hər birimizin gözü qarşısında işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərinın miqyası və məzmunu bütün dünyanı heyran qoyub. Biz bu torpaqlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük sürətlə apardığı misilsiz yeniliklərin sahidiyik. Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərbası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq.
Artıq uzun illər doğma yurdundan didərgin düşən zəngilanlılar torpaqlarına geri qayıdırlar. İnanırıq ki, Zəngilanda əvvəlki kimi həyat axarına düşəcək.

Şirincan Məmmədli, Tarix müəllimi, “Tərəqqi” medalı təltifçisi