Tarixi Zəfərimizin reallıqları bir daha Şuşadan dünyaya çatdırıldı

“Noyabrın 8-də  Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizə gedən yoldan bəhs edərək bildirdi ki,  2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilib. Vətən müharibəsinə qədər atılan hər bir addım bir amala xidmət edirdi ki,  torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq: “Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq. Düşmənə elə sarsıdıcı zərbə endirdik ki, bu günə qədər özünə gələ bilmir.”

Torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilən 2003-2020-ci illərdə Azərbaycan iqtisadi qüdrətini artırdı, dünya birliyində yeri və mövqeyini möhkəmləndirdi, ordu quruculuğu istiqamətində mühüm addımlar atdı, eyni zamanda, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi prioritet məsələ oldu. Ölkəmizdə milli birlik, həmrəylik daha da gücləndirildi. Tarixi Zəfərimiz bir daha bu uğurlarımıza işıq saldı. Bu illər ərzində Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi bazanın yaradılması istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlük qazanmağımızda əhəmiyyətli rol oynadı. Azərbaycan xalqı yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin  çıxışı tarixi Zəfərimizin reallıqlarının bir daha Şuşadan dünyaya təqdimatı oldu: “Azərbaycan Ordusunun gücündən, qüdrətindən, döyüş ruhundan bəhs edən Müzəffər Ali Baş Komandan iki ilə yaxın müddətdə tikilib istifadəyə verilən Zəfər yolu ilə Şuşaya yaxınlaşanda hərbçilərimizin qəhərəmanlığının, şücaətinin şahidi olduğumuzu bildirdi. Çünki bu yol Azərbaycan əsgərini Qarabağın tacı Şuşaya aparırdı. O zaman hərbçilərimiz dağlardan, cığırlardan bu məsafəni qət edərək Şuşaya yaxınlaşmışdılar. Dastana çevrilən Şuşa əməliyyatı bu gün dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində müzakirə edilir, təhlillər aparılır. Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq mədəniyyət paytaxtımız olan Şuşanı işğalçılardan azad etdilər. Artıq bu gün Zəfər yolu hər kəsi Şuşaya qovuşduraraq daim Vətən oğullarının qəhrəmanlığını xatırlamağa çağırışlar edir. Füzuli-Şuşa yolunun Zəfər yolu kimi dəyərləndirilməsinin rəmzi mənası vardır. Qələbəmizin  carçısı olan bu yolun təməli dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən 6 gün sonra, 16 noyabr 2020-ci ildə Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. Ötən ilin  noyabrında isə Zəfər yolu istifadəyə verildi.”

Əliabbas Salahzadə bildirib ki, 10 noyabr 2020-ci il tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi: “Artıq iki ildir Böyük Qayıdış strategiyası icra edilir. Mənfur düşmənin dağıtdığı şəhər və kəndlərimiz yenidən qurulur. Öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın evlərinə qayıtması mərhələsi artıq başlayıb. Böyük Qayıdış strategiyası yeni ihfrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunan əraziləri, ümumiyyətlə, regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtmaları üçün bütün imkanlar səfərbər olunub. Dövlət başçısı Şuşada hərbçilər qarşısındakı çıxışında da bu məqama diqqəti yönəldərək bildirdi ki,   müharibədən keçən iki ildə öz siyasətimizi davam etdirmişik. İki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru  yenidən qururuq və quracağıq. Cənab İlham Əliyev bu çağırışı  səsləndirdi ki,  Ordumuzu gücləndiririk və gücləndirəcəyik.”

“Hazırkı mərhələdə  bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması əsasdır. “Müharibə iki il bundan əvvəl başa çatsa da, narahatedici məqamlar var və erməni xalqına müraciət edib sözümü demək istəyirəm” söyləyən Müzəffər Ali Baş Komandan bildirdi ki, onlar otuz ilin işğalının acılarını indi görürlər.
Onlar anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır”,-deyə millət vəkili vurğulayıb.

Əliabbas Salahzadə Azərbaycanın postmünaqişə dövründə iqtisadi, siyasi, diplomatik uğurlarından geniş bəhs edərək bildirib ki, sülh gündəliyinin müəlifi Azərbaycandır. Ölkəmiz beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini edib. Dövlət başçısı İlham Əliyevin Şuşadan Ermənistana və ona havadarlıq edən dövlətlərə  çağırışlarında bu məqam xüsusi qeyd edilir ki, əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər.