Türk dünyasının birliyi amallarına sadiq qalan Azərbaycan hər zaman bu dünyanın sıx birləşməsinə öz töhfəsini verib

“Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Sirr deyil ki, Türk dünyasının birliyi amallarına sadiq qalan Azərbaycan hər zaman bu dünyanın sıx birləşməsinə öz töhfəsini verib. Təsadüfi deyilki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçib və bu gün 7 ölkənin və 200 milyonluq xalqın birgə formalaşdırdığı bu təşkilat Avrasiya geosiyasi və geoiqtisadi məkanının aparıcı qüvvəsinə çevrilməkdədir. Onu da unutmayaq ki, Türk Dövlətləri Təşkilatı böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir”.

Bunu Sabahinfo.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Avrasiyada mühüm transmilli layihələrin, ticarət yollarının, karbohidrogen ehtiyatlarının məhz Türk Dövlətləri Təşkilatının üzvü olan Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın payına düşməsi, Qırğızıstanın Çindən gələn, Macarıstanın da Avropaya açılan qapısı olması birliyin perspektiv inkişafının daha da sürətlənməsinə əlavə imkanlar yaratmaqdadır. Türk Dövlətləri Təşkilatının getdikcə güclənməsi birlikdə olan dövlətlərin problemlərinin də həllinə real imkanlar formalaşdırmaqdadır. Bu isə təşkilatın daha da güclənməsini, bölgədə söz sahibinə çevrilməsini şərtləndirir.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Türk dünyası böyük bir ailədir və burada yer almış dövlətlər bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərəcək: “Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq fəallaşdırılacaq və genişləndiriləcək. Bütün bunların fonunda Türk dünyası coğrafiyasına aid olan, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın da hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələlər də daimi əsasda diqqətdə saxlanılacaq”.

“44 günlük Vətən müharibəsindəki zəfərdən sonra işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur Türk Dövlətləri Təşkilatının üzvlərinin əməkdaşlıq platformasına çevrilməkdədir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün Türkiyə, Qazaxıstan, Özbəkistan işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrində çalışırlar: “Məsələn, Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, - bütün bu işlərdə Türkiyə şirkətləri fəal iştirak edirlər. Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak edib. Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak ediblər. Bütün bunlarla yanaşı, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaq. Bütün bunlar da bir daha Azərbaycan-Türkiyə, Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür”.