TÜRKÇÜLÜYÜN YORULMAZ YOLÇUSU

ALİ KAFKASYALI – 70

 

Ulu Türkün şanlı və şərəfli tarixi həmişə onun uğurlarından, hünərindən, cəsarətindən, iradəsindən, zəfərindən sevinə bilməyənlərin qısqanclığına səbəb olub. Çağdaş dövrdə tarixə eybəcər yamaq vuran pinəçi siyasətbazların, sifarişlə, yaxud təmənna ilə tarixi olayları saxtalaşdıran “tarixçi”lərin yazdıqlarında, daha dəqiq desək, yozduqlarında həqiqət payı axtarmaqdan yorulduq, tapa bilmədik. Bəzən təsəlli tapırıq ki, belə cızma-qaralar nə vaxtsa gərəksiz kağız parçasına – maklaturaya çevriləcək. Əslində sevinməyə dəyməz. Həmin kağıza həqiqəti yazsaydıq, qiymətli olardı, dəyərini itirməzdi. Vətən tarixini saxtalaşdırmağın bir adı var - Vətənə xəyanət. Nə yaxşı ki, belə xəyanətkarlar çox deyil.

Ərzincan Binali Yıldırım Universitetinin türk dili və ədəbiyyatı kafedrasının professoru Ali Kafkasyalı bütöv şəxsiyyət, aydın, böyük Türkçü, Azərbaycançılıq, Turançılıq məfkurəsinin, milli ruhun yorulmaz daşıyıcısı, özgürlük aşiqi, ciddi bilim adamı, araşdırmaçıdır. Altı cildlik “İran Türk antalogiyası”nın, “İran Türkləri, aşıq mühiti”, “İran Türk aşıqları və milli kimlik”, “İran Türkləri”, “İran coğrafiyasında Türklər”, “Sürgündə aşıq ənənəsi – Orta Asiyaya sürgün edilən Axıska-Axalkələk aşıq ənənəsi və aşıqlar”, “Səməd Vurgun. Milli şairə dair” və başqa elmi araşdırma kitablarının müəllifidir. Sadaladığım monoqrafiyaların həcmi 6000 səhifəyə yaxındır. Heyrət ediləcək məhsuldarlıqdır, yaratmaq eşqidir, milli təəssübkeşlikdir! Ali bəyin uzaqgörənliyidir ki, mənalı ömür payının xeyli illərini ev-eşiyindən aralı qalıb, gərgin, əzablı günlərə, aylara qatlaşıb belə həssas və gərəkli, bu gün daha aktual olan tədqiqat işlərinə sərf edib. İndi də - ömrünün müdriklik çağında həmin enerji və həvəslə çalıışır.

“Qafqaz qaçaqları”, “Qartallar sınır tanımaz” (ana dilimizə Məti Osmanoğlu və İsmayıl Umudlu uyğunlaşdırmışdır) tarixi romanlarında və hekayələrində Ali bəy bolşevik istilasından sonra Azərbaycanda qaçaq hərəkatının vüsət alması səbəblərini, milli azadlıq mücadiləsini, Qazax bölgəsinin sərhəd kəndlərinə erməni, gürcü, bolşevik basqınları zamanı əhalinin başına gətirilən müsibətləri tarixi gerçəkliklərə söykənərək özünün təxəyyül və fikir süzgəcindən keçirmişdir.

Ali Kafkasyalı hər iki romanını babası Məmməd Bayramoğlunun (Məmməd Baba) və atası Aloy Hacının xatirəsinə ithaf etmişdir. Məmməd Baba Qazax mahalının İkinci Şıxlı Kənd Mühafizə Birliyinin rəhbəri kim İkinci Şıxlını və ətraf kəndləri qoruyurdu. Həmin dövrdə təkcə gürcülər, ermənilər yox, həm də bolşeviklər kəndləri çalıb-çapırdı. Gənc Aloy Hacı və onların məsləkdaşları atasının ən yaxın və sadiq silahdaşlarıydı, haqq-ədalətə, azadlığa, Vətənə, torpağa, millətə vurğunlaryıdı. On ildən çox qan-qada üzərində qurulan bolşevik-daşnak rejimi ilə ölüm-dirim mücadiləsi etdikdən sonra Aloy Hacı mühacirətə yollanmağa məcbur olur, mübarizəsini Qarsda, Qafqazın başda ərazilərində davam etdirir.

Qanında, canında, ruhunda Vətən eşqi qaynayıb-coşan, dövran edən bir el ağsaqqalı Məmməd Bayramoğlunu əli millətlərin qanına bulaşmış qırmızı ordunun süvarilərindən biri arxadan vurduğu qılınc zərbəsi ilə qanına qəltan eləyir. “Onun “şəhid canı” Yuxarı Salahlı təpəsinin üstündə şəhidlik abidəsi kimi” ucalır.” İndi də qədirbilən yerli əhali və qonaqlar bu məzarı ziyarət edir, qəhrəmanın xatirəsinə ehtiramını bildirirlər. Yaxşı olardı ki, Qazax və ətraf rayonların, yaxın kəndlərin icra və bələdiyyə rəhbərləri, iş adamları, hünər tariximizə laqeyd yanaşmayanlar 100 il əvvəl burada dəfn edilmiş qəhrəmanın məzarında və məzarın ətrafında abadlıq işləri aparaydılar, oranı ziyarətgaha çevirəydilər. Çünki bura xalqın and yeridir. Məmməd babanın və onun silahdaşlarının, amal yolçularının ruhu şad olardı.

Məmməd Babanın son nəfəsində söylədikləri Ali bəyin o vaxtın tarixi olaylarına obyektiv baxışıdır, Vətənin şərəfini qoruyan və qoruyacaq insanlara ismarışıdır, baba öyüdünə sayğısıdır. O, bir daha anladır ki, keçmişini unudanın gələcəyi qaranlıqdır: “Çarlar bizə yaman tor qurmuşdu, bolşeviklər də onu tamamladılar. Əvvəlcə erməniləri və gürcüləri Anadolunun və Azərbaycanın üstünə saldılar. Ermənilərə Anadolunun və Azərbaycanın bir çox yerlərini işğal etdirdilər, qətllər törətdilər, digər yandan da gürcülərə Ərdahan, Savşat, Artvin ilə birlikdə Axalkələk, Axıska və Borçalı torpaqlarını və bizim kəndləri işğal etdirdilər. Bizim başımız ermənilərlə, gürcülərlə didişməyə qarışanda özləri əvvəl Azərbaycanı, ardından da Ermənistanı işgal etdilər. İndi Gürcüstanı alırlar.”

Yazıçı və bilim adamı “Qafqaz qaçaqları” əsərinin elə birinci səhifəsində məqsədini, missiyasını bir cümlə ilə dolğun göstərir: “Qəhrəmanların dastanları yazılmasa, xalq satqınların yalanlarını oxuyar.”

Ali Kafkasyalı duyğulu söz adamıdır, tarın sarı simi kimi kövrək və həssasdır, gərəkli anda qaya kimi sərtdir. “Qartallar sınır tanımaz” əsərində düşündürücü bir məqama toxunur. Bu məqamda kədərlə yanaşı gülüş də var – acı gülüş. Mülayimliklə sərtliyin vəhdəti. 1937-nin qırmızı terroru illərində uzun illər Bakı quberniyasının qazısı olmuş alim, tərcüməçi, şair, “Qurani-Kərim”i Oğuz türkcəsinə çevirən Mirməmməd Kərim ağa Bakuvinin evində axtarış zamanı Naxçıvanda doğulmuş, həmin dövrdə Maştağa rayonunun NKVD rəisi vəzifəsini tutub Türklərin kökünü kəsməyi qarşısısına məqsəd qoyan qəddar erməni Andrey Ziyalovun qaniçən vampirləri bilirsiniz nələr tapıblar? Mirməmməd Kərim ağanın pasportunu və antisovet “Qurani-Kərim”lər. Görəsən anti-sovet “Qurani-Kərim”lər necə olur, onları kim yazıb, orada nə yazılıbmış? Evində pasport saxlamaq da cinayət imiş! Bilmirsən bu ittihama üsyan edəsən, ya güləsən? Məhz bu “tapıntı”lara görə bu Türk aydınını 5-10 dəqiqəlik sorğu-sualdan sonra Böyük Zirə (Nargin) adasında güllələyib Xəzər dənizinin coşqun dalğalarının qoynuna atıblar. Minlərlə Azərbaycan aydınının nigaran ruhları az qala yüz ilə yaxındır ki, mavi sularda və “ölüm adası”nın ətrafında dolaşmaqdadır. Elə bu gün də. Oradan həm də gənc, nakam ömürlü, ilhamı, istedadı dəryalara sığmayan, xalqın qanına susayanlara, mulli ruhuna qənim olanlara ”İşıqlı dünyadan necə əl çəkim?” hayqıran Mikayıl Müşfiqin ruhu Bakıya boylanır.

Güllələnmə zamanı NKVD cəlladlarının suallarını cavablandıran Mirməmməd Kərim ağa əzəmətli yenilməzlik, əyilməzlik heykəli kimi hamıya örnəkdir: “Söylədiklərim sizə əks gəlirsə, demək doğrudur. Çünki əks yoldasınız. Sizə doğruları göstərərək insanlığa faydam dəyməsini istəyirəm. Kiminsə yanlışını özünə söyləməkdən daha yaxşı nə ola bilər? Bundan ancaq cahillər narazı qalar.”

Ali bəyin romanda xüsusi vurğuladığı başqa bir hadisəni istər mifoloji mənada yozaq, istərsə də gerçəklik kimi qəbul edək, ancaq onun bircə anlamı var – qisas qiyamətə qalmaz. Mirməmməd Kərim ağanın güllələnməsi zamanı Vartanyan “Atəş!” əmri verdikdən sonra dalbadal güllələr səksən üç yaşlı ixtiyarın köksünü paramparça etməyə başladığı anda “Vay yandım!” bağırtısı adada əks-səda verir. Haradan gəldiyi bilinməyən zəhərli boz ilan onun baldırına sancılıb qıvrılanda Mirməmməd Kərim ağanın içindən gələn ilahi “Allahu əkbər!” hayqırtısının mənasını anlamaq çətin deyil, yəni xalqın başına gətirilən zülmləri, ədalətsizliyi uca göylərdən Tanrı da görür.

Yazıçının bir cümləsində cild-cild kitablara sığışmayan bir örnək var: “Boz ilan qaşla-göz arasında Mirməmməd Kərim ağa üçün qazılan çüxura doğru sürünərək bir yarığın arasına girib yox oldu.”

Görəsən ulu Tanrı o boz ilanı Kərim ağanın intiqamını almaq üçünmü göndərmişdi?

Insan qanına susayıb quduzlaşanlar haradan bilsinlər ki, “alimi öldürmək, aləmi öldürməkdir.” İnanıram ki, tezliklə Balayanları, Köçəryanları, Sarkisyanları, Ohanyanları və digər insanlığa ləkə “yan”ları belə tale gözləyir.

Yorulmaz Türkçü Ali bəy “Səməd Vurğun. Milli Şairə Dair” (ana dilimizə çevirən İsmayıl Umudlu) monoqrafiyasında Azərbaycanın ilk Xalq şairinin şəxsiyyətini, ali insanlıq meyarlarını, milli-mənəvi dəyərlərimizə münasibətini, ana dilimizin zənginləşməsində, təmizlənməsində, milliləşməsində göstərdiyi xidmətləri, Azərbaycançılıq, Turançılıq düşüncəsini, bu gün qaynayıb coşan, zülmə etiraz edərək ayağa qalxan, haqq sözünü azadlıq düşmənlərinin gözünün içinə deyən, dar ağacından, güllədən, zopadan, qanlı işgəncə alətlərindən qorxmayan Güneydəki soydaşlarımızın iki yüz il əvvəldən bəri, bu gün də davam edən haqq-ədalət, özgürlük, bütövlük mücadiləsini, həsrətini, həmrəyliyini, eşqini birləşdirərək bütöv Səməd Vurğun obrazı yaratmışdır:

“Yazdıqlarının və söylədiklərinin dəyərindən əvvəl onu söyləyə bilmiş olmasının, yol göstərməsinə əlavə olaraq, yola bələdçilik etməsinin və beləliklə millətin səsi, milli şair ola bilməsinin dəyəri həm bilinməli, həm bildirilməlidir. Onun yalnız sözlərinin gözəlliyi deyil, söyləşinin gözəlliyi də olduqca mühümdür. Gözəl söz çox söylənməkdədir, lakin iltifat üçün sözlərin süsləndiyi, riyakarlıq üçün bəzədildiyi zamanlarda millətin eşitmə orqanı – qulaq sözləri zərgər kimi işləyərək söyləyə bilmənin də, sözün də, zərgərliyin də fövqündədir. Səməd Vurğunun fövqəladəliyi, sözlərin özündən əvvəl onun, nəyəsə istinad etmədən ayaqda qala bilmək üçün lazım olanın söylənməsindədir ki, onun millətə və millət üçün deyilişi, burada artıq lazım olanın söylənməsinin əmsalıdır.

Millətinin vurğunu, elinin dili olan Səməd Vurğun dəyərlərini millətdən almış, millətini və milli dəyərlərini dəyərli bilmiş, həm dünyaya, həm millətə öz dəyərlərini bildirmiş bir milli şairdir.”

Tədqiqatçı professor monoqrafiyanın yazılma səbəbini açıqlayır:

“Sağlığında olduğu kimi vəfatından sonra da Səməd Vurğuna sataşmalar davam etməkdədir. Prinsipləri və zehniyyatı bəlli insanların yoluna çox daş atılır. Atalar deməmişdilərmi ki, hündür ağacların başı çox küləkli olar. Uca dağların başına qar yağar. Əslində ağlı başında olan bir kimsə bu kimi düşüncəsizliyə getməz.”

Ali bəy 1953-cü ildə Qarsda doğulmuş, ali təhsilini bitirəndən sonra Atatürk, Giresun, Qazaxıstan Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetlərində elmi və pedaqoji fəaliyyət göstərmişdir. Universitetlərdə işə başlamazdan əvvəl altı il Fransada, 15 il Türkiyənin müxtəlif şəhərlərində müəllim və idarəçi vəzifələrində işləmişdir. Əsərləri həmçinin qazax türkcəsinə, rus, fars dillərinə də çevrilmişdir.

Professorun elmi və bədii düşüncələri tarixin rüzgarlarına mətanətlə sinə gərən, çox mətləbləri aydınlaşdıran mənəvi kitabələrdir. Tarixə vicdanının gözüylə baxanlar kağızdan da kitabələr yarada bilirlər.

Ali Kafkasyalı xoşbəxt nəvə, oğul, ata, yazıçı, elm adamıdır. Dini, imanı, Vətən, torpaq, yurd, millət sevgisi, azadlıqsevərliyi ilə nümunə göstəriləsi, fəxr ediləsi bir nəslin kökünün ləyaqətli daşıyıcısıdır. Babasının, atasının, xalqın müstəqilliyi uğrunda müqəddəs savaşçıların yolunu – Türkçülüyü, Turançılığı yenilməz mənəvi dünyası ilə davam etdirir. Övladları Muhammet Savaş bəy və Yavuz Selim bəy də Ali bəyin yolunun layiqli davamçılarıdır, elmi, bilimi ilə Türkçülüyün xidmətindədirlər.

“Türküstanın qapısı, dünyanın boy güzgüsü, Qara dəniz yaxalarından Xəzər sahillərinə, Ərzurum yaylalarından Təbriz həndəvərinə qədər sərilən, yaşıl donu ilə oradakı xalqlara göz olub, həyat verən Qafqaz” yaranışdan Türkün məskəni, ərənlər vətəni kimi tanınıb, başı həmişə qeylü-qalda olub. Bu qeylü-qala rəvac verənlər - yuxarıdakı ağalarına xidmət edənlər həmişə vəzifəli satqınlarımız və onlardan sədəqə uman yaltaq-yalaqlar olub.

Bu olaylar burulğanını araşdıran Ali Kafkasyalı tarixə obyektiv yanaşma sərgiləyir: “Bolşevik inqilabından sonra Qafqazda yaranan müxtəlif dəstələrin içində dövlətin verdiyi payı alıb keçmişini unudanlar da vardı, sadəcə mövcudluqlarını davam etdirmək üçün xəyanətə əl atan alçaqlar dəstəsi də, bolşevik-sovet rejiminə, zülmünə qarşı mübarizə aparmaq üçün yaranan qaçaqlar dəstəsi də.”

“Qaçanların qorxaqlığı, alçaqların xəyanəti” də unuldulmur, qaçaqların qəhrəmanlığı, cəsarəti isə yaddaşlarda əbədi yaşayır.

Ali bəyin əsərlərindən seçdiyim bir neçə cümlə ilahi yolun yolçusunun məramıdır:

“Biz Türklər böyük tariximiz boyunca azadlıq və müstəqillik rəmzi olmuş millətik.”

“Hər bir Türk övladı əcdadlarını tanıdıqca daha böyük işlər görmək üçün özündə qüvvət tapacaqdır.”

Türklər erməni deyil, Qurd kimidirlər, yüz il qapıya bağlasan da it olmazlar. Milli inadları qüvvətlidir.”

Mövlanaya görə, birinin kim olduğunu bilmək istəsəniz, kimləri və nələri sevdiyini öyrənin. Ali bəy insanlığı, özgürlük mücahidlərini, Vətəninə, millətinə təmənnasız xidmət edənləri, mənəvi dünyası zənginləri, milli kimliyini, kökünü tanıyanları, unutmayanları sevir.

Ali Kafkasyalı müdrik öyrətmən, dünya görmüş ağsaqqal kimi həmişə gələcəyimizi -gəncliyi düşünür: “Gənclərin saxta tarixçilərin pəncəsindən qurtulması üçün onlara atalarının həqiqi həyat hekayətlərini sunmaq lazımdır.”

Qoca tarix sübut etməkdədir ki, “Türklər savaşmağa başlasa, şeytanı cəhənnəmdə əsir alarlar” (Çingiz xan). Bunu 44 günlük ikinci Vətən müharibəsindəki zəfərimiz, xüsusilə Şuşanın düşmənlərdən azad edilməsi səhnələri təsdiq etdi.

Ali Kafkasyalının əsərlərindəki həyat həqiqətləri bütöv Türk dünyası üçün “Vətən tarixi” və “Həyat” dərslikləridir. Burada yazılanları övladlarımıza, nəvələrimizə, gələcək nəsillərə danışmalıyıq, oxumağı məsləhət görməliyik, yadda saxlamalıyıq ki, unutqanlığımıza, laqeydliyimizə görə başımıza gələn və gələcək bəlalardan qurtulaq.

Yaşadıqca yox, yaşamadıqca qocalır insan. Ali Kafkasyalı yaşayır. Yaşayır ki, millətə, elə, Vətənə, əqidəsinə, amallarına, ideallarına xidmət etsin. Bundan şərəfli ömür varmı?

Əbu Turxanın düşüncəsinə görə, ruhu azad olanlar əbədiyyətin bir parçalarıdır. Ali hoca da ruhu azad Türk oğludur.

70 yaşın və azad ruhun qutlu olsun, Ali Kafkasyalı!

Aprel 2023